Yuxarı

Qafqaz cəbhəsi: Bölgədə kim söz sahibi olacaq?

Qafqaz cəbhəsi: Bölgədə kim söz sahibi olacaq?

Qafqaz cəbhəsi: Bölgədə kim söz sahibi olacaq?


Rusiya Suriyada və Liviyadakı məğlubiyyətindən sonra qardaş Türkiyəni Cənubi Qafqazda sıxışdırmağa çalışır.

Ekspertlər hesab edir ki, Tovuz təxribatı da əslində Türkiyəyə bir mesaj idi.Rusiya bununla Cənubi Qafqazda söz sahibi olduğunu və lazım gələrsə, açıq hərbi qarşıdurmaya da gedəcəyini bəyan etməyə çalışdı. Lakin Tükiyə son illər xeyli güclənib və artıq regionda söz sahibidir.

Türkiyə Cənubi Qafqazda Rusiyanın təsirini azalda biləcəkmi?

"Türkiyə hərbi müdaxiləyə keçməyəcək”

Politoloq Elşən Manafov "Cümhuriyət” açıqlamasında deyib ki, Rusiyanın Cənubi Qafqazda təsir dairəsinin daraldılması barədə planlar yalnız strateji ola bilər:

"Yaxın perspektivdə Türkiyənin bu istiqamətdə real addımlar atacağını istisna edirəm. Çünki Türkiyə bir neçə bölgədə eyni zamanda fəal xarici siyasət yeritmək və maraqlarını tam mənada təmin etmək iqtidarında deyil.Türkiyənin Cənubi Qafqazla bağlı siyasətin mahiyyəti bəllidir.Ankaranın maraq dairəsinə aid olan bu regionda Türkiyənin Gürcüstanla və Azərbaycanla çox isti münasibətləri var. Xüsusən Azərbaycanla münasibətlər strateji müttəfiqlik müstəvisindədir.Hesab edirəm ki, Türkiyə həm NATO üzvü kimi Ermənistan faktorunu və onun KTMT-də təmsilçiliyini nəzərə alaraq burada fəal hərbi müdaxiləyə keçməyəcək.Türkiyə burada diplomatik, humanitar siyasət yürütməyə çalışacaq.Bir çox hallarda bu siyasət Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçiriləcək.Türkiyə digər türk dövlətləri ilə siyasətini etnik, mədəni və milliyyət faktorları üzərində qurur.Burada iqtisadi, siyasi maraqlar da əsasdır.Lakin düşünürəm ki, Türkiyə nə zamansa Ərəb dövlətləri liqasını xatırladan bir birlik yaratmaq fikrində olsa, onda qarşısında Rusiya və Çin dayanacaq.Mən burada İran faktorunu da istisna etmirəm.Digər tərəfdən Ərəb dövlətlərinin liqası, ərəb xalqlarının elitasının deyil, Böyük Britaniyanın və Qərbin bölgədə maraqları zəminində həyata keçirilmiş bir layihə oldu. Biz bu liqanın hətta islam ölkələrinin müqəddəratına vahid, yekdil münasibət nümayiş etdirilmədiyini görürük. Liviya hadisələrinə münasibətdə də biz Misirin, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin fərqli münasibətini gördük.Ərdoğanın "Yeni Osmanlı” siyasəti Türkiyənin öndərliyi ilə müsəlman dövlətlərin bir araya gəlməsini özündə ehtiva edir.Ərdoğanın bu siyasəti Ərəb ölkələrində qıcıq yaradıb”.

"Rusiya ilə münasibətlər həmişə belə rəvan olmayacaq”

Ekspert əlavə edib ki, Türkiyənin Liviyada, Suriyada və Cənubi Qafqazda fərqli maraqları var:

"Başqa bir məsələ isə Suriyaya Türkiyənin münasibətidir ki, bu da PKK faktorundan irəli gəlir. Bəşər Əsəd Suriyanın özündəki problemləri yoluna qoya bilmədiyi üçün Türkiyə özünün təhlükəsizliyi baxımından müdaxilə etmək məcburiyyətində qaldı.Liviyaya gəldikdə isə o da zamanında Osmanlının tabeliyində olub.Türkiyənin enerji asılılığı məsələsi də var və o bilir ki, Rusiya ilə münasibətlər həmişə belə rəvan olmayacaq.Onsuz da rəvan deyil.Ona görə də Türkiyə Avropa ölkələri kimi sabahını fikirləşmək məcburiyyətindədir. Türkiyənin Liviyada, Aralıq dənizinin şərqində neft və qaz yataqlarına olan marağı da sabahını təmin etmək istəyindən irəli gəlir. Cənubi Qafqaza baxdıqda isə burada da bir millət olan Azərbaycan faktoru var. Azərbaycanın da Türkiyənin enerji təhlükəsizliyində oynadığı mühüm rol var. Türkiyə gözəl başa düşür ki, Rusiya bölgədə və dünyada ciddi geosiyasi oyunçuya çevrilib. O özünün beynəlxalq münasibətlər tarixində əvvəlki rolunu, miqyasını, miqyasını müəyyən mənada bərpa edib. Hərbi- geosiyasi anlamda Rusiya faktoru ilə razılaşmamaq mümkün deyil.Əgər bütöv bir NATO və ABŞ, Rusiya məsələsinə ehtiyatla yanaşırsa, Türkiyənin bu faktoru nəzərə almaması mümkün deyil.Ona görə də hesab edirəm ki, Türkiyənin adıçəkilən bölgələrdə marağının kökündə duran amillər fərqlidir.Əgər Türkiyə Liviyada özünün enerji təhlükəsizliyinin, Suriyada özünün ərazi bötövlüyünün qayğısına qalırsa, Azərbaycana da "Şərqin qapısı” kimi baxır və bu qapının onun üzünə bağlanmasına razı olmaz.Qardaş Azərbaycan xalqı da bu qapını qardaş Türkiyənin üzünə bağlamaz”.

"Rusiya Suriyada Türkiyə ilə açıq hərbi qarşıdurmaya getmək istəmirdi”

E. Manafov onu da qeyd edib ki, Cənubi Qafqazda açıq hərbi qarşıdurma qaçılmaz ola bilər:

"Lakin Ermənistan faktoru, bu dövlətlə geosiyasi münasibətləri olan Türkiyəni Cənubi Qafqazla bağlı məsələlərə Liviya və Suriyadan fərqli kontekstdə yanaşmağa sövq edəcək. Əgər ehtiyac yaranarsa, Türkiyə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlığın tamamilə fərqli bir müstəvi üzərinə gətirilməsi ilə bağlı layihələrə də baxmaq olar.Bu hər iki dövlətin suveren hüququdur.Türkiyə bu və ya digər dövlət ərazisində hərbi mövcudluğu məsələsinə həm də NATO prizmasından baxmalı olacaq.Rusiya Suriyada Türkiyə ilə açıq hərbi qarşıdurmaya getmək istəmirdi.Bunu Türkiyə də anlayırdı. Lakin Cənubi Qafqazda lazım gələrsə, açıq hərbi qarşıdurma qaçılmaz da ola bilər. Bunu Türkiyə də anlayır”.

Əli Bədir





Həftənin ən çox oxunanları