Yuxarı

"Gəncə dəhlizi" uğrunda geosiyasi SAVAŞ

Rusiya sentyabr ayında "Qafqaz-2020” adı altında genişmiqyaslı hərbi təlimlər keçirməyə hazırlaşır.Rusiya prezidenti Vladimir Putin bildirib ki, terrorizmdən ciddi təhdid görən Rusiyanın cənub-qərbindəki təlimlər təhlükəsizliyi təmin etmək məqsədi daşıyır.Sınaq əməliyyatlarında Rusiyanın cənub və cənub-qərb hərbi dairələrinin qoşunlarının döyüş hazırlığı yoxlanılacaq.Rusiyanın müdafiə naziri Sergey Şoyqunun verdiyi məlumata görə, yoxlanış Qara dəniz və Xəzər dənizi daxil olmaqla bir neçə bölgədə aparılacaq.

"Qafqaz-2020” cənub və cənub-qərb regionlarını əhatə etsə də, tədbirə Şimal və Sakit Okean donanmalarının hərbi hava qüvvələri ilə dəniz piyada qüvvələri də cəlb olunacaq.Sergey Şoyqunun bildirdiyinə görə, təlimlərdə 150 min nəfərdən artıq heyətin, 400-dən çox hərbi təyyarə və 100-dən çox hərbi gəmi iştirak edəcəyi gözlənilir.Bundan başqa təlimlərdə Şanxay Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da iştirakı gözlənilir. ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanl Ben Hoces isə bəyan edib ki, Rusiya "Qafqaz-2020" təlimləri adı ilə Ukraynanın Xerson vilayətində dambanı ələ keçirə bilər. Bu damba vasitəsilə Krıma suyun verilməsi dayandırılıb.

Onun sözlərinə görə, təlimlər zamanı dambanı ələ keçirmək üçün Rusiya Krımda humanitar böhran elan edə bilər. Ukrayna hakimiyyəti isə "Qafqaz-2020”-ə cavab olaraq, NATO ölkələrinin iştirakı ilə "Birgə səylər-2020” adlı hərbi təlimlər keçirəcəyini bəyan edib. Ukraynanın müdafiə naziri Andrey Taran bildirib ki, "Qafqaz-2020” təlimləri adı ilə Rusiya qoşunları toplaşıb.

Qeyd edək ki, bir qayda olaraq Rusiyanın genişmiqyaslı hərbi təlimləri həmin bölgədə güc nümayiş etdirmək və siyasi təhdid məqsədi daşıyır.Göründüyü kimi, "Qafqaz-2020” artıq narahatlıq doğurmağa başlayıb.Rusiya cənub və cənub-qərb bölgəsini əhatə edən sonuncu belə genişmiqyaslı təlimləri 2016-cı ildə keçirib. Lakin son illər Rusiya üçün Ukrayna, Şərqi Avropa və Suriyadakı hərbi və geosiyasi qarşıdurma əsas prioritet təşkil etdiyindən Qara dəniz-Xəzər dənizi bölgəsi, o cümlədən Cənubi Qafqaz bir qədər ikinci plana keçmiş kimi görünürdü. Lakin 2018-ci ildə Ermənistanda baş verən məxməri inqilabın Rusiya üçün yaratdığı problemlər, Gürcüstanın 2021-ci ildə NATO üzvlüyünə qəbul olunması üçün ABŞ-ın səylərini artırması, Vaşinqtonun və NATO-nun Qara dənizdə hərbi fəallığının genişlənməsi, Rusiyanın Avropaya təbii qaz ixracına sanksiyaların artması fonunda Azərbaycanın "mavi yanacağı”nı dünya bazarlarına çıxartması, eləcə də Qərbin Azərbaycanın Mərkəzi Asiyaya çıxış dəhlizi kimi Qərb üçün geosiyasi əhəmiyyət kəsb etməsi Kremlin diqqətini yenidən cənuba yönəldib. Putin hakimiyyəti güc nümayiş etdirməklə Xəzər və Qara dəniz regionlarının, eləcə də Cənubi Qafqazın Rusiyanın təsir dairəsinə daxil olduğuna dair həm bu bölgənin dövələtlərinə, həm də Qərbə sərt mesaj verməyə çalışır.

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə bildirib ki, "Qafqaz-2020” təlimləri Rusiyanın Xəzər dənizində və Cənubi Qafqazda hərbi fəallığını artırması Azərbaycana qarşı təhlükəli planlarından xəbər verir. Son günlər Ermənistanın Tovuz istiqamətində Azərbaycana hərbi təcavüz cəhdləri də bu planın tərkib hissəsidir.

"Cənubi Qafqaz son illərdə geosiyasi tektonik zonaya daxil olub.Bura artıq siyasi-hərbi fəallığın əsas episentrlərindən birinə çevrilib.Çünki region Avropa ilə Asiyanı birləşdirən əsas dəhlizlərdən biridir.Burada "Gəncə dəhlizi” Qərbin Mərkəzi Asiya və Cənubi Şərqi Asiyaya çıxışını təmin etməklə yanaşı, Avropanın enerji təminatında mühüm tranzit rolu oynayır.Ona görə də Qərbin Xəzər regionuna çıxışının qarşısını almaq və bu regiondan Avropaya qaz və neft ixracının qarşısını almaq üçün Rusiya müəyyən planlar həyata keçirir. Qeyd edim ki, Rusiyaya qarşı Qərbin sanksiyaları və ABŞ -ın "Şimal axını-2” Qaz kəmərinə sanksiya tətbiq etməsi, Azərbaycanın "mavi yanacağı”nın Avropa üçün əhəmiyyətini artırıb. "Cənubi Qaz” dəhlizi və onun əsas seqmentləri olan TANAP və TAP gələn ildən başlayaraq Avropada əsas bazarı ələ keçirəcək. Bu da Rusiyanın qaz nəhəngi "Qazprom”un Avropada monopoliyasına əsas alternativ olur. İlk növbədə, Rusiyanın hərbi cəhətdən fəallaşmasının səbəblərini burada axtarmaq lazımdır. İyul ayının 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan tərəfinin hücumu və burada yüksəklikləri nəzarətə almağa cəhd etməsi məhz Kreml tərəfindən idarə edilirdi və məqsəd "Gəncə dəhlizi”ni nəzarətə almaq idi. Bununla da Türkiyə və Avropaya qaz ixracı Rusiyanın nəzarətinə keçir.Ermənistanın bu təxribatıları başlayan kimi mətbuata açıqlamamda burada Rusiyanın əsas planı və məqsədinin neft və qaz kəmərlərinə nəzarəti ələ almaq olduğunu vurğulamışdım.Hazırda bu istiqamətdə spekulyasiya edilir.Azərbaycanın güclü zərbələri və ardınca Türkiyəni qətiyyətli dəstəyi, hətta Ankara tərəfindən Kremlə sətiraltı mesajların verilməsi, həqiqətən də Moskvada narahatlıq doğurdu.Azərbaycanın güclü zərbələri nəticəsində Ermənistan geri çəkilməyə vadar edildi.Nəticədə, ABŞ başda olmaqla Avropa dövlətləri Rusiyanın bu planına qarşı Türkiyə vasitəsi ilə Azərbaycanın arxasında dayandı. Hesab edirəm ki, baş verənlərdən sonra Rusiya təlim adı ilə Cənub və Qərb dairəsinə olan qoşunlarını sınaq əməliyyatlarına çıxartması, Qara və Xəzər dənizində gəmilərini döyüşə hazır vəziyyətə gətirməsi, Azərbaycana mesaj olmaqla yanaşı, uduzduğu bu "pərdəarxası" geosiyasi savaşda bir əzələ nümayişidir. Xəzər dənizində keçiriləcək "Qafqaz-2020” təlimləri məhz ABŞ və Türkiyəyə mesaj olsa da, bu heç də regiona Rusiyanın nəzarət etməsi anlamına gəlmir.Ümumiyyətlə, Rusiyanın hərbi güc nümayiş etdirməsi onun əleyhinə işləyir və bir dövlət kimi onu siyasi-iqtisadi iflasa aparır.

Ona görə də bu aqressiv siyasət davam etdikcə regionda gərginliyin davam etməsi gözlənilir.Rusiya tərərfinin Ermənistanın əli ilə növbəti mərhələdə təxribatlar törətməsi istisna deyil.Rusiya Ermənistanla əməkdaşlıq etməklə regionda mövcudluğunu qoruduğu kimi ABŞ və NATO da Cənubi Qafqaza və Mərkəzi Asiyaya açılmaq üçün Azərbaycanla sıx əməkdaşlıq qurmalıdır.Qərb də yaxşı tərəfdaş olan Azərbaycanın üzərində dayanmaq niyyətindədir.Xəzər dənizində Rusiya güclü donanma saxlamaqla məhz Qərbin Mərkəzi Asiyaya çıxışının qarşısnı almaq niyyətindədir.Bundan əlavə, Rusiya Azərbaycanın Xəzərdə naviqasiya və güclü donanma qurmasına mane olmağa çalışır.Ümumiyyətlə, Xəzər dənizi Azərbaycan üçün təhlükəzisilik zolağı olmalıdır.Gələcək perspektivdə dənizdən Azərbaycana təhdidlərin olacağı istisna edilmir.Yalnız Azərbaycan güclü dəniz donanmasına malik olmaqla bu təhdidlərə qarşı dayana bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları