Yuxarı

Tovuz döyüşü: Azərbaycan vasitəçilikdən imtina edəcək?

Tovuz döyüşü: Azərbaycan vasitəçilikdən imtina edəcək?

Tovuz döyüşü: Azərbaycan vasitəçilikdən imtina edəcək?


26 ildir ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupu indiyədək heç bir müsbət nəticəyə müvəffəq ola bilməyib.

Sərhəd bölgəsində vəziyyət gərginləşən kimi bəyanat yayımlayan ATƏT problemin həllini uzatmaqda daha çox maraqlı görünür.Minsk qrupunu yarıtmaz fəaliyyəti artıq bütün dünyaya məlumdur.

ATƏT iki ölkə arasında problemin həlli amilinə çevrilməkdən daha çox, "düyün mərkəzinə" çevrilib.

Belə olan təqdirdə, Azərbaycan birtərəfli qaydada Minsk qrupundan imtina edə bilərmi?

Politoloq Elşən Manafov "Cümhuriyət” qəzetinə açılamasında deyib ki, ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirə bilmir:

"Azərbaycan müstəqil dövlətdir və siyasətini müstəqil şəkildə müəyyənləşdirir. ATƏT-in Minsk qrupu BMT tərəfindən ona verilən mandatı doğrultmursa, vasitəçi qismində çıxış edib tərəflərə problemin həlli iqtiqamətində layihələr təklif etmirsə, hətta belə gərgin bir şəraitdə hər iki tərəfi qınayır, təmkinli olmağa, atəşkəsə əməl etməyə çağırırsa, bu, onu göstərir ki, Minsk qrupu mövcud status- kvonun saxlanılmasında maraqlıdır. Düşünürəm ki, bu şəraitdə Azərbaycana müstəqil və suveren dövlət olaraq, BMT nizamnamələrinin özünüqoruma hüququ prinsipindən çıxış edərək, Ermənistanla münasibətləri tamamilə başqa bir müstəvi üzərinə gətirməlidir”.

"Paşinyanın hakimiyyətdən getməsi sürətlənə bilər”

Politoloq Ermənistanın təxribat törətmə səbəblərini də sadalayıb:

"ATƏT onu da bilir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində önəmli rol oynayır. Müharibənin başlanma ehtimalı enerji kəmərlərinin təhlükəsizliyi ilə bağlı məsələni gündəmə gətirə bilər.Ermənistanın Azərbaycanı təxribata cəlb etmək istədiyi sərhəd bölgəsi kəmərlərin keçdiyi arealdır.Ermənistan Azərbaycanı provakasiyaya cəlb edib onu "işğalçı dövlət” kimi təqdim etmək istəyir.

Bundan başqa Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını nəyin bahasına olursa olsun, münaqişəyə cəlb etmək, o cümlədən rəsmi Ankaranın bəyanatından sonra Türkiyə-Rusiya münasibətlərində problemlər yaratmaq istəyir.Görünür, heç şübhəsiz ki, Paşinyan anlayır ki, Qərb qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Rusiyanın təsir dairəsindən çıxmalıdır.Bunun üçün isə müəyyən addımlar atmalıdır.Lakin Rusiyanın Ermənistandakı hərbi mövcudluğu və Yerevanın Moskvadan olan enerji təhlükəsizliyi Paşinyanı daha kəskin addım atmağa imkan vermir. Lakin onun Qərbin maliyyə dəstəyinə ehtiyacı var. Ermənistanın özündəki reallıqlar, "Qarabağ klanı"nın kifayət qədər fəallaşması, parlamentindəki partiyaların iqtidara olan ittihamları, siyasi böhranın daha da dərinləşməsi Paşinyanın hakimiyyətdən getmə prosesini sürətləndirə bilər. Sosial bazanın əhəmiyyətli hissəsi Paşinyana olan etimadını itirib. Belə şəraitdə Paşinyanın mövcud təxribata getməsi gözlənilən idi”.

"Minsk qrupu nə işə yarayır?”

Ekspert hesab edir ki, ATƏT-lə bağlı məsələyə beynəlxalq hüququn prinsipləri çərçivəsindən münasibət sərgiləyə bilərik:

"ATƏT-in mövqeyi daha çox Ermənistanla üst-üstə düşür. Biz müstəqil dövlətik və ATƏT-lə bağlı məsələyə beynəlxalq hüququn prinsipləri çərçivəsindən münasibət sərgiləyə bilərik.Amma bir məsələ var ki, Azərbaycanın iqtidarı və parlamentdə təmsil olunan müxalifəti də bu problemin məhz sülh yolu ilə həll oluna biləcəyi barədə öhdəliklər götürüb.Bundan əlavə, 2020-ci ilin fevralında Münhendə Avropa Təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda da Ermənistanın Baş nazirinin Azərbaycan Prezidenti ilə debatı oldu. Bu debat Dağlıq Qarabağla bağlı tarixi gerçəkliklər müstəvisində oldu. Prezident çox böyük məharətlə Qarabağ torpaqlarının hansı xalqa məxsus olduğunu həm Paşinyana, həm də dünya birliyinə sübut edə bildi.Lakin maraqlı məqam ondan ibarətdir ki, məhz yenə Təhlükəsizlik Konfransından sonra Paşinyan 11 maddəlik təklif irəli sürmüşdü.Həmin təkliflərə münasibətdə dövlət başçısının mövqeyi bu olmuşdu ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli variantını qəbul edir.Azərbaycan Prezidenti digər variantları isə qəbul etməmişdi.İndi Paşinyan beynəlxalq ictimaiyyətdə elə rəy formalaşdırmağa çalışır ki, guya Azərbaycan problemin danışıqlar yolu ilə həllinə də razı deyil.Çünki təxribatda məqsəd budur. ATƏT-in Minsk qrupunun heç nəyə yaramadığı, tərəflərə problemin həlli üçün konkret layihələr təqdim etmədiyi şəraitdə haqlı sual doğurur: ATƏT-in Minsk qrupu bu vəziyyətdə nəyə lazımdır? Minsk qrupunun fəaliyyətinin yararsızlığından Azərbaycan Prezidenti, Xarici İşlər Nazirliyi, ölkə ictimaiyyəti və digər təbəqələr dəfələrlə narazılqılarını bildiriblər”.

"Bu baş tutmasa, müharibə labüddür”

Elşən Manafov onu da əlavə edib ki, ATƏT-lə və dünya birliyi ilə aparılan diplomatik danışıqlar hücum diplomatiyası müstəvisinə keçirilməlidir:

"Elmar Məmmədyarovun bu mövqedə olmaması və ya sözügedən siyasəti həyata keçirə bilməməsi onun dəyişdirilməsinə gətirib çıxardı. Yeni xarici işlər naziri öz komandası ilə Prezidentin təklif etdiyi "diplomatiyada hücum doktrinası” kontekstində ciddi iş aparmalıdır. Əgər bu da alınmasa müharibə labüddür.Ölkəmizdəki hadisələr Azərbaycan gəncliyinin müharibə ovqatı ilə yaşadığını göstərir.Bu ovqatı olduğu tempdə saxlamaq və hərbi əməliyyatları da davam etdirmək lazımdır.

Azərbaycanın hüququ var ki, BMT-nin özünümüdafiə hüququndan istifadə edərək, əməliyyatları Ermənistan ərazisində keçirsin və orada bufer zona yaratsın.Əminəm ki, Azərbaycan ordusunun bu cür uğurlu yürüşündən sonra ATƏT də, dünya birliyi də, Ermənistanın havadarları da əl-ayağa düşüb bizdən bu hücumların dayandırılmasını istəyəcəklər.Xatırladıram ki, 2008-ci ildə Rusiya Gürcüstana qarşı belə bir addım atdı və bir neçə günlük müharibə zamanı Tiflis yaxınlıqlarına gəlib çıxdı.Dünya birliyi Putinin ayağına düşüb ondan hücumun dayandırılmasını tələb etdi.Biz də eyni mövqedən çıxış etməliyik.Nəzərə almaq lazımdır ki, bizim arxamızda qardaş Türkiyənin, Pakistanın, İslam Dövlətləri Birliyinin mövqeyi var. İndiki vəziyyət məhz bunu tələb edir.Əhalinin ordunun arxasında olduğu bir vaxtda daha sərt, daha ciddi və düşünülmüş addım ata bilərik”.

Əli Bədir