Yuxarı

Güneydə ana dilində təhsil tələbi: Molla rejiminin vədləri niyə reallaşmır?

Güneydə ana dilində təhsil tələbi: Molla rejiminin vədləri niyə reallaşmır?

Güneydə ana dilində təhsil tələbi: Molla rejiminin vədləri niyə reallaşmır?


İranda Azərbaycan dilinin statusu ilə bağlı məsələ yenidən qalxıb.

Xatırladaq ki, ötən ay İran parlamentindəki 31 azərbaycanlı millət vəkili İslam Şurası Məclisinin Rəyasət Heyətinə məktub ünvanlayaraq, məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb ediblər. Bu dəfə isə Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Salman Zakir türk dilinin məktəb və universitetlərdə tədris olunmasını, həmçinin Türk Dil Qurumunun təsis edilməsini istəyib.

"Durna Nyüs” saytına müsahibə verən Zakir İran İslam Respublikası konstitusiyanın 15-ci maddəsinin icrasının zəruri olduğunu vurğulayaraq, onun sadəcə seçki ərəfəsində gündəmə gəlməsini, səs toplamaq vasitəsi kimi istifadə edilməsini tənqid edib:

"Konstitusiyanın 15-ci maddəsi bütün etnik qruplara aiddir. İranda ən böyük etnik qrupun dili olan türkcənin tədrisi və bu dildə medianın fəaliyyət göstərməsi üçün bu maddənin icra olunması, eləcə də Fars Dili Akademiyası ilə yanaşı, Türk Dili Akademiyasının yaradılması zəruridir,” deyə o bildirib.

Qeyd edək ki, İran Konstitusiyanın 15-ci maddəsində qeyri-fars dillərində tədrisə icazə verilib.Lakin bir çox İran rəsmisi bu maddəni fərqli şəkildə şərh edərək onun dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini iddia edir.Millət vəkili ölkədə qeyr-fars dillərin üzləşdiyi təhlükələrə diqqət çəkərək aidiyyəti qurumların bu dilləri qorumaq və gücləndirmək üçün lazımi tədbirləri görməyə, məsələyə ciddi yanaşmağa çağırıb.

Ölkədəki iqtisadi vəziyyət və insanların məişət problemlərinin 15-ci maddənin icrası məsələsinə kölgə saldığını deyən deputat, ana dillərinin tədrisini ölkə üçün təhlükə deyil, fürsət kimi dəyərləndirilməsinin zəruri olduğunu xatırladıb. Xatırladaq ki, İran rejimi, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə verməməklə yanaşı, bunu tələb edən soydaşlarımızı həbsə alır.

Son zamanlar isə parlament üzvləri tərəfindən bu məsələnin ardıcıl səslənməsi İranda hakimiyyətinin Azərbaycan dilinə olan münasibətinin dəyişməsinə ümid yaradırmı?Bu ölkədə Azərbaycan türkcəsi rəsmi status ala bilərmi?

"Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, İran parlamentində Azərbaycan türklərinin milli mədəni haqlarının müdafiəsi ilə bağlı birinci dəfə deyil ki, təkliflər səslənir:

"Amma indiki şəraitdə bu faydasızdır.İkinci tərəfdən İran Konstitusiyasının 15 və 19-cu maddələri ona əsas verir ki, Azərbaycan türkcəsi məktəblərdə tədris olunmasına, dilin kütləvi informasiya vasitələrində, ədəbiyyatda tətbiq olunmasına və rəsmi dil statusu almasına imkan verir.İranda bu məsələnin vaxtı çoxdan çatıb.İndi İranda Azərbaycan türkləri milli haqlarının daha geniş miqyasında təmin olunmasını istəyirlər.İran hakimiyyəti isə prosesi gözdən salmağa çalışır. Necə olur ki, deputat bu sözü deyə bilir, amma bu sözü deyən Abbas Lisani və başqa Azərbaycan türkləri 6-10 il müddətində həbs olunur. Onların da tələblərinin əsasında da bu dayanır.Deməli, burada icazəli demək məsələsi var - deputata bunu deməyə icazə verilir.Abbas Lisaniyə isə yox”.

Yaxın aylarda İranda bu məsələlərin həllinin tapmasını mümkün olmadığını deyən politoloq İranın iqtisadi cəhətdən ciddi problemlər yaşadığını xatırlatdı:

"Milli valyutanın ucuzlaşması, ölkədaxili iqtisadi vəziyyət İranın bu problemləri həll etmək ixtiyarında olmadığını göstərir. Bu cür məsələlərin həyata keçirilməsi üçün maliyyə vəsaiti tələb olunur.İran hakimiyyəti əvvəl bu məsələnin vətəndaşların öz hesablarına həyata keçirilməsi şərti ilə icazə vermişdi.Bir sıra özəl məktəblər açıldı, amma fəaliyyət göstərə bilmədi və bağlandı. Amma nəzərə alınmalıdır ki, Azərbaycan türkləri İran büdcəsinə vergi ödəyir və soydaşlarımızın say çoxluğu təşkil etdiyi üçün bu əhəmiyyətli hissə təşkil edir. Vergi ödəyicisi olduğu üçün onun milli mədəni haqlarının təminatçısı da dövlət olmalıdır.İran hakimiyyəti bu məsələnin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayırmalı və şərait yaratmalıdır. Necə ki, fars dilinin inkişafı üçün şərait yaradılır. Ölkədə fars dili və ədəbiyyatı qurumu və akademiyası var. Azərbaycan dilinə də eyni hüquqlu şərait yaradılmalıdır”.

Sədrəddin Soltan deyir ki, həm də Azərbaycan dilinin tətbiqi üçün məkan olmalıdır:

"Bu məkan kütləvi informasiya vasitələri, dövlət müəssisələri, ədəbiyyat numunələri ola bilər. Əgər belə bir məkan olmasa, türk dilinin öyrənilməsinə maraq az olacaq. Bu da ciddi məsələdir” .

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları