Yuxarı

Erməni təxribatının "pərdəarxası": Sabiq nazir açıqlayır

Erməni təxribatının

Erməni təxribatının "pərdəarxası": Sabiq nazir açıqlayır

Azərbaycan-Ermənistan dövlət sərhədində iyulun 12-14-də baş verən ağır döyüşlərdə Rusiya rəsmi İrəvana dəstək vermədi.

Paşinyan hakimiyyəti Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatının və Rusiyanın Ermənistana hərbi yardım göstərəcəyinə ümid etsə də, müttəfiqləri susqunluq nümayiş etdirdi. Hətta Rusiya ilə Ermənistan arasında qarşılıqlı hərbi yardım haqqında, eləcə də Ermənistanın dövlət sərhədlərinin və hava məkanının birgə müdafiəsi barədə sazişlərin olmasına baxmayaraq, Kreml müşahidəçi mövqe tutmağa üstünlük verdi.

Rusiyanın bu mövqeyi təbii ki, səbəbsiz deyil. Siyasi ekspertlərin fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətləri gərgin olduğundan prezident Vladimir Putin muttəfiq ölkəni müdafiə etməkdə maraqlı olmayıb. Digər amil Rusiyanın Azərbaycanla münasibətlərə zərbə vurmamaq niyyətindən ibarətdir. KTMT-nin üzvlərinin əksəriyyəti isə Azərbaycanla tərəfdaş ölkələr olduğundan onların Ermənistanın yanında yer alması, ümumiyyətlə, gözlənilən deyildi.

Bunu Rusiyalı politoloq Pavel Felgenhauer də deyib.

"KTMT-də heç bir ölkə bu münaqişəyə müdaxilə etməyəcək. Qazaxıstan, Qırğızıstan, Belarus Azərbaycana qarşı ordu göndərəcək? Heç vaxt! Heç bir halda bu baş verə bilməz. O ki qaldı Rusiyaya, bəli Rusiya regionda mövcuddur. Ermənistanda Rusiya qoşunları var. Lakin Rusiya üçün Ermənistan-Azərbaycan münaqişəsinə Ermənistan tərəfindən müdaxilə etmək maraqlı deyil. Rusiya bu iki ölkə ilə bərabər səviyyədə əlaqə qurmaq istəyir. Bəli, Moskva Cənubi Qafqaz regionunda yenə söz sahibi olmaqda iddialıdır. Bununla belə, Rusiya münaqişə tərəflərinin heç birinin yanında olmaq istəmir, olmayacaq da. Bu, birmənalı belədir. Ona görə də Rusiya hələlik atəşi dayandırmaq üçün diplomatik təzyiq göstərir".

Rusiyalı ekspert hesab edir ki, Ermənistanın KTMT üzvü kimi bu qurumun müdaxilə etməsi arzulaması təbiidir:

"Lakin KTMT-nin heç bir üzvü buna razı olmayacaq. KTMT-nin müdaxiləsi heç Rusiyaya da lazım deyil. KTMT-nin təcili iclasının əvvəl çağırılması, sonra da qeyri-müəyyən müddətə təxirə salınması da bunu göstərir. Heç kəs nə Rusiyanı, nə də KTMT-nin digər üzvlərini Azərbaycana qarşı vuruşmağa məcbur edə bilməz. Məncə, KTMT-nin təcili iclasının təxirə salınması qərarı da Moskvada qəbul olunub. Bu, onu göstərir ki, Ermənistan hazırda təcrid olunmuş vəziyyətdədir. Hərbiləşdirilmiş KTMT-nin bu münaqişəyə qoşulması quruma üzv dövlətlərə maraqlı deyil. İkinci bir tərəfdən, KTMT-nin təcili iclası çağırılsa belə, orada ancaq məsləhətləşmələr olacaq, heç bir hərbi-siyasi qərardan söhbət gedə bilməz. Hər bir üzv ölkə öz milli və suveren maraqları baxımından bu iclasda öz qərarını verəcək. Bir daha qeyd edirəm ki, Rusiyaya münaqişəyə hərbi müdaxilə etmək tamamilə maraqlı deyil. Bütün hallarda Rusiya bu münaqişəyə müdaxilə etmək istəməz. Çünki Azərbaycanla konfrontasiyaya girmək Moskvanı qane etmir. Digər bir məqam isə ondan ibarədir ki, burada Türkiyə, İsrail və ümumilikdə Qərb-ABŞ və Avropa Birliyi faktorları var".

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov "Cümhuriyət” qəzetinə açılqmasında Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən hərbi əməliyyatların Paşinyan tərəfindən planlaşdırıldığını bildirib. Diplomat qeyd edib ki, Paşinyan bu prosesdən Rusiyaya qarşı istifadə etmək və Ermənistanı Qərblə yaxınlaşdırmaq istəyir:

"Sərhəddə baş verən döyüşlər təxribatdan daha çox açıq hərbi təcavüz aktıdır. Bunun səbəbi ilk növbədə, son iki ildə Paşinyanla Kreml arasında olan ziddiyyətlə bağlıdır. Bu münasibətlər düzəlmir. Paşinyan başa düşür ki, Kreml onu bir tərəfdaş kimi qəbul etmək istəmir. Əksinə, ona qarşı olan siyasi rəqibləri açıq-aşkar dəstəkləyir. İkincisi, Paşinyanın hakimiyyətə gəlişi, əsas ideyası Rusiyadan əl çəkib Qərbyönlü siyasət həyata keçirməkdən ibarətdir. Bunu "ictimai sifariş" də adlandırmaq olar. O, Ermənistan cəmiyyətində belə rəy formalaşdırıb ki, Rusiya ardıcıl surətdə böhrana sürüklənir. Ona görə də Ermənistan Rusiyadan əl çəkib üzünü Qərbə yönəltməlidir. Yəni dövlətin gələcəyi bu dönüşdən asılıdır. Bu fəaliyyəti həyata keçirmək üçün Paşinyan imitasiya xarakteri daşıyan və Rusiya tərəfindən formalaşdırılan danışıqlar prosesini dağıtmağa başladı. O, danışıqların formatının dəyişdirilməsini təklif etməklə, "Qarabağ Ermənistandır, nöqtə”-deməklə, "Biz torpaqların azad olunması haqqında heç bir danışıqlar aparmaq niyyətində deyilik” kimi bəyanatlar verməklə imitasiya prosesini darmadağın elədi. Danışıqlar olmadığı halda, Azərbaycan ictimaiyyəti də işğal olunmuş əraziləri hərbi yolla qaytarmaq barədə qənaətə gəlməli idi. Bəs nəyə görə, Paşinyana hərbi əməliyyatların bərpası lazımdır? Çünki hərbi əməliyyatların nəticəsindən asılı olmayaraq, o Rusiyanı ittiham edəcək. Paşinyan Ermənistanın verdiyi itkilərə görə, Rusiyanın Azərbaycana silah satmasını əsas gətirəcək. Eyni zamanda o, daxildə olan Rusiyapərəst müxalifəti də darmadağın edəcək. Onları "5-ci kolon” adlandıracaq və sairə. Yəni mənfi nəticə alınsa belə, günahkar Rusiya və Kremlə yaxın siyasətçilər olacaq. Bundan sonra həmin təbliğat dalğasının üstündə Paşinyan bu dönüşü həyata keçirə bilər. O, bundan sonra sərbəst şəkildə Rusiya ilə əlaqələri kəsdiyini və Ermənistanın Qərbyönlü dövlət olduğunu deyə bilər. Nəticədə, onlar həm pul, həm investisiya əldə edəcəkdilər. Ssenari bu şəkildə qurulub və ardıcıl şəkildə həyata keçirilir. Onlar vəziyyəti o həddə gətirib çatdırıblar ki, Azərbaycan hakimiyyəti hərbi əməliyyatlara başlamalıdır. Tovuzda baş verən döyüşlərdən sonra Azərbaycanda ictimai həmrəyliyin ən yüksək həddə çatması, təşkil olunmayan aksiyaların keçirilməsi göstərdi ki, xalq işğalın 30 il davam etməsindən narazıdır və buna son qoyulmasını istəyir. Bizim yüksək rütbəli hərbçilərin şəhid olması da bu etirazı daha da gücləndirdi. Hesab edirəm ki, Azərbaycan hazırkı vəziyyətdə təşəbbüsü öz əlinə almalıdır. Rusiya da hadisələri diqqətlə izləyir və çox yaxşı başa düşürdü ki, Ermənistana kömək etsə də, etməsə də ittiham olunan tərəfə çevriləcək. Hazırda Rusiya hakimiyyətində Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə iki qanad formalaşıb. Biri erməni tərəfin mövqeyini müdafiə edir. Onların strategiyası imitasiya xarakterli danışıqları davam etdirmək və vaxtı uzatmaqdan ibarətdir. İkinci tərəf hesab edir ki, Rusiyanın Ermənistandan başqa Ukrayna, Belarus kimi kifayət qədər problemləri var. Ona görə də Ermənistan Rusiyaya lazım deyil. Geosiyasi maraqlar onu göstərir ki, Rusiyanın bölgədə əsas tərəfdaşları Türkiyədir, İrandır və Azərbaycan ola bilər. Vaxtilə Ermənistanı "for-post" adlandıran Rusiya siyasətçiləri indi onu "qulpsuz çemodan” hesab edir. Hazırkı mərhələdə, yəni axırıncı hadisələrdən sonra fikrimcə, Rusiya kənarda dayanacaq. Çünki burada qarşılıqlı maraq var. Bir tərəfdən Rusiya Paşinaynı cəzalandırır, digər tərəfdən Qərbə dönüş yalnız Ermənistanda baş vermir. Ukraynada, Gürcüstanda, Moldovada Qərbə inteqrasiya müəyyən ərazilərin itirilməsi ilə nəticələnib. Qərb üçün Krımın və Donbasın Ukraynanın tərkibində olub-olmaması ciddi əhəmiyyət kəsb etmir. Qərb Rusiyaya etiraz etsə də, ciddi addımlar atmır. Ona görə də Ermənistan gələcəkdə Qarabağsız Qərbin daha yaxın tərəfdaşı ola bilər. Çünki Ermənistan ictimaiyyətində Rusiya əleyhinə əhval-ruhiyyə daha kəskin forma ala bilər. Azərbaycan baş verənlərdən istifadə etməli, bu vəziyyətdə prosesləri düzgün qiymətləndirərək təşəbbüsü əlinə almalıdır”.

"Rusiyanın dəstəyini ala bilmədikdən sonra Ermənistanda Rusiya əleyhinə təbliğatı gücləndirmək üçün Paşinyanın məqsədinə çatdığını demək olarmı ” sulaına cavabında Tofiq Zülfüqarov artıq bu prosesin xeyli vaxtdır müşahidə olunduğunu dedi. Diplomat bildirdi ki, Paşinyan danışıqları müharibəyə sürükləməklə özünün siyasi gələcəyini təmin etməyə çalışır.

"Onlar yaxşı başa düşürdü ki, Paşinyanın kömək üçün Putinə zəng etməsinin heç bir əsası yoxdur. Putin bir neçə dəfə Paşinyandan Robert Köçəryanı azadlığa buraxmağı xahiş etsə də o, buna əməl etmədi. Köçəryanı iki il həbsdə saxladı. İkincisi, KTMT-də də əsas söz sahibi Rusiyadır. Onlar yaxşı başa düşür ki, KTMT hərbi-siyasi təşkilat deyil, daha çox təbliğat məqsədə xidmət edir. Ona görə də Qazaxıstandan, Belarusdan və ya Rusiyadan əsgərlərin gəlib Ermənistan sərhədində dayanmayacaq. Ermənistanın Rusiya ilə hərbi müqaviləsində isə sadəcə, müzakirələr nəzərdə tutulub. Yəni birbaşa hərbi əməliyyatlara başlamaq məsələsi yoxdur. Yəni müzakirələrin olub olmayacağı, nəticəsi sual altındadır. Bu baxımdan, Azərbaycan yaranmış vəziyyətdən istifadə etməlidir. Rusiya bu münaqişəyə açıq şəkildə qarışmayacaq. Rusiya ermənilərə dəstək verməyəcək. Çünki onun əsası yoxdur”.

Tofiq Zülfüqarov bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı xalqa müraciət etməli və Milli Məclis ölkədə hərbi vəziyyət elan etməlidir. Bundan sonra Azərbaycan işğal altındakı ərazilərin azad olunması üçün hərbi əməliyyatlara başlamalıdır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları