Yuxarı

Serbiyadan strateji tərəfdaşlığa TƏHDİD: Belqrad səhvini düzəltməyə çalışır

Serbiyadan strateji tərəfdaşlığa TƏHDİD: Belqrad səhvini düzəltməyə çalışır

Serbiyadan strateji tərəfdaşlığa TƏHDİD: Belqrad səhvini düzəltməyə çalışır

Serbiya Tovuz rayonu istiqamətində Azərbaycanın döyüş mövqelərinin və yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı monitorinq aparmaq niyyətindədir.

Buna səbəb iyulun 12-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan ərazisini Serbiya istehsalı olan silahlardan atəşə tutmasıdır. Həmin hadisədən dərhal sonra Serbiya prezidenti Aleksandr Vuçiç Ermənistana silah satdıqlarını etiraf etdi.

Məlum oldu ki, general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Azərbaycan ordusunun bir neçə yüksək rütbəli zabit və əsgəri məhz Serbiyadan alınmış silahlarla şəhid edilib. Prezident Vuçiç isə Rusiyanın Avropadakı forpostu olan Serbiyanı sığortalamaq üçün yalnız Ermənistana deyil, həm də Azərbaycana silah satdıqlarını deyib. O, hər iki ölkə ilə hərbi əməkdaşlığın 17 min nəfərin çalışdığı Serbiya müdafiə sənayesi kompleksini xilas etmək məqsədi daşıdığını bildirib. Lakin Serbiya prezidentinin sonradan Azərbaycanın dövlət başçısına zəng edərək baş verən hadisədən təəssüfləndiyini söyləməsi rəsmi Belqradın siyasi üzrxahlıq cəhdi kimi başa düşülə bilər.

Vuçiç vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Buna baxmayaraq, həmin nümayəndə heyətinin gəlişi təbii ki, artıq heç nəyi dəyişə bilməz. Serbiya hökuməti Ermənistana silah satıldığını rəsmən təsdiq etdiyi halda sonradan monitorinq aparmağa ehtiyac qalmır. Azərbaycanın son illər strateji tərəfdaşına çevrilmiş Serbiya rəhbərliyinin səhvi bu münasibətləri zədələyib. İndi prezident Vuçiç təəssüf hissi keçirdiyini vurğulamaqla və Azərbaycan Prezidenti İlham Əliyevi Serbiyaya səfərə dəvət etməklə bu nöqsanı aradan qaldırmaq istəyir.

Təbii ki, Serbiya bu səhvi aradan qaldırmaq üçün ilk növbədə, Ermənistanla silah ticarətini dayandırmalıdır. Çünki Serbiya Azərbaycanla da hərbi əməkdaşlıq edir. Əks təqdirdə, silah bazarında geniş seçim imkanı olan Azərbaycan Serbiyadan imtina edə bilər. Serbiya da yəqin ki, kasıb, kreditlər hesabına silah alan Ermənistandan fərqli olaraq, geniş maliyyə vəsaitlərinə malik olan Azərbaycanı itirmək istəməz. Hər halda, Azərbaycanın bu barədə rəsmi Belqrada ciddi xəbərdarlıq etməsi zərurətə çevrilib. Eyni zamanda Serbiya Azərbaycanın təbii qazına maraq göstərir. TANAP-TAP kəməri vasitəsilə Avropaya nəql ediləcək Azərbaycan qazının potensial müştərilərindən biri Serbiya hesab olunur. İon Adriatik Boru Kəməri vasitəsilə TAP təbii qazı Bosniya və Hersoqovina, Serbiya, Monteneqro və Xorvatiyaya nəql olunacaq. Serbiya ilə Bolqarıstan arasında qaz xəttinin tikintisi 2022-ci ilə qədər başa çatdırılacaq.

Serbiyanın sözügedən kəmər vasitəsilə Cənub Qaz Dəhlizindən qazın 2023-2025-ci illər arasında alacağı gözlənilir. Rusiyadan "mavi yanacağın” 100 kubmetri 450 dollardan baha istehlak edən Serbiya üçün Azərbaycan qazı həm qiymət, həm də mənbələrin diversifikasiyası baxımından, daha faydalıdır. Ancaq Serbiyanın ermənilərə silah satması enerji sahəsində tərəfdaşlığa zərbə vurur. Ona görə də istər kəmərin marşrutu, istərsə də təbii qazın qiyməti məsələsində Azərbaycanın enerji bazarında Serbiyaya təzyiq imkanları genişdir. Yəni Serbiyanın Azərbaycana ehtiyacı var bu baxımdan, Ermənistanla hərbi əməkdaşlığın qarşısını almaq üçün mümkün təsir vasitələrindən işə salına bilər.

Politoloq Natiq Miri hesab edir ki, Aleksandr Vuçiçin İlham Əliyevə zəng etməsi və Azərbaycana nümayəndə heyəti göndərmək təklifi münasibətləri tənzimləmək üçün atılan addımdır. Çünki Serbiyanın hadisə yerində müşahidə aparması heç nəyi müəyyən etməyəcək:

"Sadəcə, Serbiyadan gətirilmiş minaatanların mərmilərinin qəlpələri ilə bunu müəyyənləşdirə bilərlər. Başqa nəyi araşdıra bilərlər? Serbiya bu münaqişənin taleyini həll edəcək, yaxud bu yöndə qərar verə biləcək ölkə də deyil. Nümayəndə heyətinin göndərilməsi təklifi həmin informasiyanı təsdiq etmək üçün atılan addımdır. Eyni zamanda Azərbaycanla münasibətləri yenidən tənzimləmək istəyidir. Çünki oratada həqiqətən xoşagəlməz durum var. Azərbaycan Serbiyaya dost əlini uzadıb. Bundan sonra Serbiya ilə bir çox sahələrdə qarşılıqlı tərəfdaş kimi çıxış etmək istəyini bildirib. Azərbaycanın Serbiyaya etdiyi yardımları da diqqətdən qaçırmaq olmaz. Ona görə də cırtdan Ermənistanın fonunda Serbiya Rusiyanın maraqlarına görə Azərbaycanı itirmək istəməz. Həmçinin Cənub Qaz Dəhlizinin bir xətti də Serbiyadan keçəcək. Serbiyanın da bu qazı almaqda konkret geosiyasi maraqları mövcuddur. Ona görə də düşünürəm ki, bu monitorinq qrupu daha çox atılan atılan mərmilərin qəlpələrini analiz edə bilərlər. Əgər bu silahların Serbiya istehsalı olduğu sübut olunarsa, rəsmi Belqrad Azərbaycandan üzr istəməlidir. Burada qəbahət yoxdur. Cırtdan Ermənistana görə Azərbaycan kimi bir ölkəni incik salmaq Serbiyanın geosiyasi maraqlarına xidmət etmir. Ona görə də prezident Vuçiç tərəfindən atılan addımı təqdirəlayiq hal kimi dəyərləndiririrəm. Bundan başqa, müxtəlif dövlətlərin ərazisində qeydiyyatda olmayan ofşor şirkətlər var. Onlar bir ölkənin ərazisindən başqasına rahat keçməklə hakimiyyətin diqqətindən kənar silah sata bilirlər. Ola bilsin ki, göndərilən nümayəndə heyəti həm də bunu araşdıracaq. Fikrimcə, bu təşəbbüs Azərbaycanla münasibətləri əvvəlki məcrasına qaytarmaq məqsədi daşıyır. Çünki qüsurlu olan Serbiya tərəfidir. Bu baxımdan, üzrxahlıq etmək də Serbiyaya düşər” .

Natiq Miri bildirdi ki, prezident Vuçiçin Azərbaycan prezidentinə telefon zəngi etməsindən sonra Serbiyaya təzyiq mexanizmlərini işə salmağa ehtiyac qalmayacaq. Bundan sonra belə səhvlərin təkrarlanmaması üçün Serbiya dövləti və rəhbərliyinə xəbərdarlıq edilib.

"Düşünmürəm ki, Balkanlarda Serbiya kimi güclü bir ölkəni Azərbaycan itirmək istəsin. Bu Azərbaycanın deyil, Ermənistanın maraqlarına xidmət edir. Sadəcə, ciddi xəbərdarlıq olunmalıdır ki, belə hadisə bir daha təkrar olunmasın. Bu da Azərbaycanın maraqlarına uyğun olaraq, növbəti silah bazarının Ermənistanın üzünə bağlanmasına gətirib çıxaracaq”.

Müşfiq Abdulla