Yuxarı

ABŞ-dakı "demokratiya dərsi”: Beynəlxalq təşkilatlar niyə susur?

ABŞ-dakı

ABŞ-dakı

Son günlərdə dünya mediasında ən çox müzakirə olunan mövzulardan biri Amerikada qaradərili vətəndaş Corc Floydun polis tərəfindən öldürülməsinə görə başlanan etiraz aksiyalarıdır.

Aksiyalarda yaranmış polis-vətəndaş qarşıdurması zamanı hüquq-mühafizə orqanlarının sərgilədiyi sərt tədbirlərdir. Belə ki, aksiya iştirakçılarının gözünə bibər qazı sıxılır, onlara rezin güllələrdən atəş açılır və s. Maraqlısı odur ki, aksiyaçıların haqlı mövqelərinə baxmayaraq özünü "demokratiyanın beşiyi” adlandıran ABŞ-da vətəndaşlara qarşı edilən bu zorakılıqlara beynəlxalq təşkilatlar sərt münasibət bildirmir və gözardı etməyə çalışırlar.

"Cümhuriyət”-ə açıqlamasında politoloq Natiq Miri məsələyə münasibət bildirərkən deyib ki, beynəlxalq təşkilatların ABŞ-da vətəndaşlara qarşı olunan bu zorakılıqlara boğazdan yuxarı münasibət bildirməsinin səbəbi, Amerikanın həmin qurumların maliyyə donoru olmasıdır:

"Beynəlxalq təşkilatların ABŞ-da polis tərəfindən vətəndaşlara qarşı olunan zorakılıqlara qorxaq münasibət bildirməsinin səbəbi Birləşmiş Ştatların bütün beynəlxalq təşkilatlara ciddi, ən yüksək maliyyə ayırması ilə bağlıdır. BMT-nin ən böyük maliyyə donoru ABŞ-dır. Donald Trampın dövründə hər hansı bir beynəlxalq təşkilat Amerikanın və ya Tramp adminstrasiyasının əleyhinə çıxırsa, dərhal bu maliyyə donorluğu dayandırılır və ABŞ-ın bu təşkilatla münasibətləri tamamilə aradan qaldırılır. Buna görə də, bütün beynəlxalq təşkilatlar baxmayaraq ki, öz missiyalarının əleyhinə çıxırlar, amma yenə də belə məsələlərə göz yumurlar. Bu da ikili standartdan xəbər verir. Sözügedən beynəlxalq təşkilatlar ayaqda qalmaq üçün qanunları çeynəyib, haqsızlıqlara göz yumurlar. ABŞ maliyyə vermədiyi təqdirdə bu təşkilatların gələcək fəaliyyəti kölgə altında qalır. Ona görə də susurlar. Bu faktın özü göstərir ki, hətta beynəlxalq təşkilatlar da maliyyə qarşılığında insan hüquqlarını çox rahatlıqla çeynəyə bilirlər”.

Ekspert əlavə edib ki, etirazların zorakı üsullarla yatırılması, perspektivdə ABŞ-ın tamamilə parçalanmasına gətirib çıxara bilər:

"Birləşmiş Millətlər Təşkilatının(BMT) rəhbəri isə bu məsələ ilə bağlı bir açıqlama verib və etirazçılara qarşı daha mötədil davranısın sərgilənməsini tövsiyə edib. Bu isə çox yumşaq bir bəyanatdır. Çünki aksiyalarda onlarla insan öldürülüb və etirazlar davam edir. Ayrıca, nədənsə beynəlxalq təşkilatlar bir gerçəyi də dilə gətirmir ki, ABŞ-ın yaranma fundamentinin kökündə irqçilik dayanır. Çünki Birləşmiş Ştatlara gələn ağlar, oradakı qaradərililəri və hinduları öldürərək, onların torpaqlarına sahib oldular və bu etnosları sıxışdırdılar. Bu gün də baxmayaraq ki, dünyada ən güclü inkişaf etmiş iqtisadiyyata malik olan Amerikadır, hələ də irqçilik davam edir. Hətta ABŞ tarixində ilk qaradərili prezident olmuş Barak Obamanın dövründə belə, bu məsələ aradan qalxmadı və onda da polis qaradərililərə qarşı zorakılıq tətbiq edirdi. Ancaq bu gün Amerikada hakimiyyət başında respublikaçı biznesmen Donald Trampdır. Əslində, ideoloji baxımdan Tramp irqçiliyin başında duran şəxslərdən biridir. Bu gün Amerikada baş verən bu proseslərdə günahkar olan hökumət, xalqdan üzr istəyib barışdırıcı mövqe tutub, qütbləşmənin qarşısını almaqdansa, Trampın göstərişi ilə etirazları daha da zorakı üsullarla yatırmağı uyğun bilir. Bu da gələcək perspektivdə ABŞ-ın tamamilə qütbləşməsinə və parçalanmasına qədər prosesi inkişaf etdirə bilər”.

Əli Bədir





Həftənin ən çox oxunanları