Yuxarı

Ortaq diplomatiyadan hərbi ittifaqa: Son olaylara BİZİM BAXIŞ

Ortaq diplomatiyadan hərbi ittifaqa: Son olaylara BİZİM BAXIŞ

Ortaq diplomatiyadan hərbi ittifaqa: Son olaylara BİZİM BAXIŞ

Azərbaycan və Türkiyə arasında müttəfiqlik əlaqələrinin qurulması son vaxtlar siyasi gündəmin əsas mövzularından birini təşkil edir.

Söhbət əsasən iki ölkə arasında hərbi ittifaqın yaradılmasından gedir. Bir sıra ekspertlər Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hərbi yardım haqqında müqavilənin imzalanmasını təklif edir.

Qeyd edilir ki, iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq haqında sazişi genişləndirməklə Azərbaycan Ermənistanın və Rusiyanın təxribatlarının qarşısını ala bilər. Hətta Türkiyə silahlı qüvvələri Azərbaycanın işğal altındakı ərazilərinin azad olunmasında iştirak etmək hüququ da qazana bilər. Azərbaycan ordusu düşmənlə müqayisədə bir neçə dəfə güclü olsa da Rusiya status-kvonun dəyişməsinə imkan verməməyə çalışacaq. Ancaq Türkiyənin bu prosesə qoşulması Azərbaycanın həm hərbi, həm də siyasi mövqelərini gücləndirə bilər.

Bu isə status-kvonun dəyişilməsini təmin edəcək. Nəticədə, Rusiyanın Cənubi Qafqazdakı hegemonluğunun zəifləməsi Azərbaycana qarşı təzyiqlərin aradan qalxmasına gətirib çıxara bilər. Lakin sözügedən güc mərkəzinin yaradılması üçün rəsmi Bakı və Ankara arasında müttəfiqlik münasibətləri hərbi müstəvi ilə yanaşı, digər sahələri də əhatə etməlidir. Artıq bu təmas nöqtələrinin formalaşması müşahidə olunur. Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana verdiyi dəstəyin qarşılığında rəsmi Bakı da Ankaranın maraqlarını nəzərə almağa başlayıb. Azərbaycan Aralıq dənizinin şərqində Türkiyənin fəaliyyətini dəstəklədiyini və beynəlxalq hüquqa uyğun öz maraqlarını qoruduğunu bəyan edib.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan və Türkiyə bir sıra sahələr üzrə konkret birlik nümayiş etdirməlidir. Politoloq artıq hər iki ölkənin vahid strategiyadan çıxış etməli olduğu sahələri də açıqlayb:

"Tovuz döyüşləri zamanı Türkiyə prezidenti başda olmaqla müdafiə və xarici işlər nazirləri açıq şəkildə bəyan etdilər ki, Azərbaycan hansı qərarı qəbul etsə, biz onun yanında olmağa hazırıq. Yəni müharibə başlasa, Türkiyə Rusiya ilə münasibətlərin dərinləşməsini göz önünə alaraq, Azərbaycana istənilən dəstəyi verməyə hazırdır. Bu çox önəmli açıqlamadır. Onun qarşılığında Azərbaycan Türkuiyənin Şərqi Aralıq dənizindəki maraqlarını dəstəkləyir.Dünən Azərbaycan Prezidenti İlham Əliyev də Yunanıstanın ölkəmizə təyin olunmuş yeni səfərini qəbul edərkən bunu açıq dedi. Dövlət başçısı bildirdi ki, biz Şərqi Aralıq dənizində Türkiyəni dəstəkləyirk. Çünki Türkiyə də Azərbaycanın mövqeyini müdafiə edir. Prezident Yunanıstan səfirinə xeyli tənqidi məqamları xatırlatdı. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik hesab edirəm ki, iqtisadi əlaqələri də əhatə etməlidir. Yəni Türkiyənin iri kapitalının Azərbaycana daxil olmasına ehtiyac var. Doğrudur, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi normal səviyyədədir. Amma daha çox iş görmək olar. Diplomatiya sahəsinə gəldikdə isə təəssüf ki, Elmar Məmmədyarovun Xarici İşlər Nazirliyinə rəhbərlik etdiyi 15 ildə Türkiyə ilə əlaqələrin genişləndirilməsi istiqamətində ciddi işlər görülmədi. Səfirliklər də ciddi işləmədi. İndi bu strukturu canlandırmaq lazımdır. Bu prosesin tərkib hissəsi kimi Türkiyə ilə əlaqələrin genişləndirilməsi mühüm yerlərdən birini tutur. Digər istiqamət dünyada olan Azərbaycan və Türkiyə diasporaları birgə fəaliyyət göstərməlidir. Hər iki dövlətin liderləri haqlı olaraq bəyan ediblər ki, eyni xalqın iki diasporası ola bilməz. Yəni biz də Azərbaycan və Türkiyə türkləri eyni millətik. Bu millət dünyada onlara qarşı çıxan mərkəzlərə qarşı birgə fəaliyyət göstərməlidir. Məncə bu yöndə yetrincə iş görülmür. Bu sahənin canlandırılmasına ehtiyac var”.

Qeyd edək ki, son dövrlər Ermənistan Türkiyə əleyhinə Yunanıstan və Kipr Respublikası ilə birlikdə koalisiyada iştirak etməyə çalışır. Eyni zamanda, Paşinyan hökuməti bu formatı Azərbaycana qarşı mübarizəyə qoşmağa cəhd göstərir. Üstəlik, Rusiya da Azərbaycanla münaqişədə Ermənistanın, Şərqi Aralıq dənizində isə Türkiyəyə qarşı Kiprin və Yunanıstanın yanında yer alır. Yəni, Azərbaycana və Türkiyəyə qarşı hərbi-siyasi blokun formalaşdığını görmək olar. Bu səbəbdən hər iki ölkənin də müdafiə məqsədilə siyasi güc mərkəzi yaratmaq zərurəti meydana çıxıb. Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan və Türkiyənin geniş hərbi format yaratmasına ehtiyac yoxdur. İki ölkə arasında mövcud olan hərbi-strateji tərəfdaşlıq sazişinə yeni maddələrin əlavə edilməsi bu birliyi təmin edə bilər:

"Türkiyənin Azərbaycanda hərbi baza yerləşdirməsi düşmənlərimizə açıq mesaj olar. Prezident İlham Əliyev də bildirdi ki, Avropa İttifaqının üzvü olan Yunanıstan necə olur ki, Azərbaycan ərazilərini işğal edən Ermənistanı müdafiə edir? Halbuki, Avropa İtifaqının bu yaxınlarda Azərbaycanla bağlı sənədi paraflanıb. Həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi birmənalı şəkildə dəstəklənir. Ermənistan da Yunanıstanı və Kipri də özünə qoşub. Kipri bu oyuna təhrik edən də Yunanıstandır. Deməli, Avropa İttifaqının üzvü olan Yunanıstan birliyin qərarlarına zidd hərəkət edir. Bunu Azərbaycanın dövlət başçısı da yeni səfirə xatırlatdı. Belə vəziyyətdə Türkiyə-Azərbaycan hərbi blokunun güclənməsi aktuallaşır. Bilmirəm, bu formata hansısa dövlət qoluşa bilərmi. Amma mən Mərkəzi Asiya ölkələrinin belə addım atacaqlarını gözləmirəm. Əksinə, Qazaxıstan və Türkmənistan Azərbaycanın maraqlarına zidd olaraq, öz hava məkanından Rusiyanın Ermənistana silah daşımasına şərait yaratdılar. Ona görə də Türkiyə və Azərbaycanın hərbi ittifaq yaratması yetərlidir. Bu formatın qarşısını heç bir ölkə ala bilməz. Bu hərbi müttəfiqlik işğal altındakı torpaqları azad etmək üçün kifayətdir. Hazırda Türkiyə ilə hərbi-strateji əlaqələri genişləndirməkdə olan Ukaynanın gələcəkdə bizim yanımızda yer alması mümkündür. Balanslı siyasət yürüdən Gürcüstandan fərqli olaraq, Ukrayna Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir. Prezident Zelenski Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfər edib. Ümumiyyətlə, NATO-nun üzvü olan güclü Türkiyə dövləti ilə yaxınlaşmaq Zelenskinin xarici siyasət strategiyasını təşkil edir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları