Yuxarı

"Qafqaz cəbhəsi” və İranın şübhəli sükutu

Türkiyə Cənubi Qafqazda hərbi-siyasi fəallığının artması Rusiyanı narahat edir.

Moskvanın son zamanlar Ermənistanı güclü silahlandırması və Azərbaycanla cəbhə xəttində atəşkəsin tez-tez pozulması da Rusiyanın bölgədə əsas söz sahibi olduğunu nümayiş etdirməyə hesablanıb. Lakin əvvəlki illərdən fərqli olaraq, Ermənistanla münaqişədə Türkiyə Azərbaycanın yanında olduğunu yalnız diplomatik tərzdə deyil, həm də hərbi müstəvidə nümayiş etdirir.

Artıq bölgədə Azərbaycan-Türkiyə hərbi ittifaqının qurulmasının zərurətə çevrilməsi barədə məlumatlar getdikcə artır. Rəsmi Ankaranın son açıqlamaları da Türkiyənin özünün bu prosesdə maraqlı olduğunu göstərir. Türkiyə Cənubi Qafqaza daxil olmaq, əslində, yüz il öncə itirdiyi mövqeləri bərpa etmək niyyətindədir. Yaxın Şərqdə olduğu kimi, Cənubi Qafqazda və Qara dəniz regionunda Türkiyənin fəallaşması Rusiya ilə geosiyasi rəqabətin artmasını qaçılmaz edir.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Gürcüstan da Türkiyə ilə hərbi əməkdaşlıq edir. Gürcüstan NATO-nun 2016-cı il Varşava sammitinin qərarına uyğun olaraq 2021-ci ildə alyansa üzv qəbul olunsa, o zaman Cənubi Qafqazda Türkiyə, Azərbaycan və Gürcüstandan ibarət hərbi ittifaq formalaşa bilər. Bu isə geosiyasi balansın Türkiyənin və NATO-nun xeyrinə dəyişməsi deməkdir. İndiyə qədər ekspertlər Cənubi Qafqazda hərbi və geosiyasi balansın dəyişməsi üçün Gürcüstan-ABŞ müttəfiqliyinin qurulmasını əsas şərt kimi önə çəkirdisə, son vaxtlar Türkiyənin fəallığı ABŞ-ı ötüb. Həm də ABŞ-ın Qara dəniz regionunda mövqeləri Rusiyaya nisbətən hələ zəifdir. Türkiyə isə NATO-nun üzvü olmaqla yanaşı, həm Qara dənizdə ərazi sularına və donanmaya, həm də Gürcüstanla sərhədə malikdir. Bu isə Gürcüstanın təhlükəsizliyini təmin etmək üçün Türkiyənin rolunu artırır. Yəni Türkiyənin Cənubi Qafqazda güclənməsi NATO-nun maraqlarına cavab verir. Lakin nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda Türkiyənin rəqibi yalnız Rusiya deyil, həm də İrandır. İran tarixən bu regionda öz maraqlarının nəzərə alınmasına çalışıb. SSRİ-nin dağılmasından sonra isə İranın Cənubi Qafqaz siyasəti Azərbaycana qarşı gizli düşmənçilik münasibəti üzərində qurulub. İran Azərbaycana ərazi iddiaları irəli sürüb, Ermənistana siyasi, iqtisadi və hərbi dəstək verib. Tehran rejimi müstəqil Azərbaycan dövlətinin mövcudluğunu qəbul etməyib. Bu məsələdə İranın maraqları Rusiya ilə üst-üstə düşüb. Qeyd edilən səbəbdən, İran Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsini istəmir. Lakin son zamanlar baş verənlər hadisələr fonunda rəsmi Tehran sükut nümayiş etdirir. Sanki istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda artmaqda olan Rusiya-Türkiyə rəqabəti prosesində İran kənarda qalmış kimi görünür.

"Oğuz” Müstəqil Araşdırmalara Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Suriyada və Liviyada Rusiyanın maraqlarının toqquşması artıq Cənubi Qafqazda da müşahidə olunur. Bütün bunlar isə Suriya böhranının həllinə dair yaradılmış Rusiya-Türkiyə-İran formatının dağılmasından xəbər verir:

"Bu ittifaq Suriyada, İraqda müəyyən hədəflərə nail olduqdan sonra onun davamlı olması ciddi şübhə oyadır. Həm də bu üç ölkənin arasında olan rəqabət həmin ittifaqın perspektivini mümkünsüz edir. Fikrimcə, biz daha maraqlı proseslərin şahidi olacağıq. O ki qaldı, İranla bağlı məsələyə, ilk görünüşdə rəsmi Tehranın Cənubi Qafqazla bağlı passiv mövqeyə çəkilməsi müşahidə edilir. Amma unutmaq olmaz ki, Rusiyanın Ermənistana göndərdiyi silahlar İranın hava məkanından keçməklə daşınır. Bu faktın özü İranın prosesdə dolayısı ilə iştirakı deməkdir. Ümumilikdə, həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda İranı daha arxa planda görmək olar. Bunun da üç əsas vacib səbəbi var. Birinci səbəb beynəlxalaq sanksiyalar və koronavirus pandemiyası ilə bağlı İran iqtisadiyyatının böhranlı duruma düşməsidir. Yəni geosiyasi proseslərdə fəal iştirak etmək ciddi maliyyə dəstəyi tələb edir. Sanksiyaların getdikcə genişləndiyini və İran iqtisadiyyatı üçün öldürücü zərbə vurduğunu nəzərə alsaq, bu xarici siyasətdə müəyyən passivliyin nümayiş etdirilməsinə gətirib çıxarır. İkincisi, digər xarici amillərlə bağlıdır. Bu bölgədə baş verən proseslərdə başqa aktorların meydana çıxmasında özünü göstərir. Məsələn, Liviyadakı münaqişədə Misirin iştirakı, isti dənizlərdə olan son proseslərdə Birləşmiş Ərəb Əmirliklərinin, region ölkələrinin daha ciddi və aşkar mövqe nümayiş etdirməsi göstərilə bilər. Üçüncü amil daxili vəziyyətlə bağlıdır. 2021-ci ilin iyun ayında İranda prezident seçkiləri keçiriləcək. Ona görə də yaxın bir il ərazində İran daha çox daxili məsələlərə diqqət ayırmaq məcburiyyətində qalacaq. Bu mənada İranın daxilində gedən proseslərin nəzarətə alınması, siyasi və iqtisadi nöqteyi-nəzərdən seçkilərə hazırlıq ağır işdir. Bu mənada İran hakimiyyətini diqqəti yaxın bir il ərzində daha çox daxili proseslərə köklənəcək”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları