Yuxarı

İqtidarla yox, özü ilə savaşan müxalifət: Daxili çəkişmə nə vaxt bitəcək? - Partiya rəhbərləri nə düşünür? - SORĞU

İqtidarla yox, özü ilə savaşan müxalifət: Daxili çəkişmə nə vaxt bitəcək? - Partiya rəhbərləri nə düşünür? - SORĞU

İqtidarla yox, özü ilə savaşan müxalifət: Daxili çəkişmə nə vaxt bitəcək? - Partiya rəhbərləri nə düşünür? - SORĞU

Bütün demokratik cəmiyyətlərdə hakimiyyət uğrunda mübarizə aparan iki tərəf- hakim siyasi komanda və müxalifət mövcuddur.

Müxalifət hər zaman iqtidarın yanlışlarını ona göstərən və həmin səhvlərin xalqın zərərinə işləməsinə mane olan tərəfdir. İqtidar və müxalifət əslində eyni amala- ölkənin inkişafına, əhalinin yaşam şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir. Yəni istər iqtidarın, istərsə də müxalifətin siyasi xətti dövlətin və xalqın xeyrinə olmalıdır. Eyni zamanda, müxalif partiyaların hər zaman hakimiyyətə gəlmək iddiası və mübarizəsi olur.

Bu istiqamətdə gedən mübarizədə bəzən eyni cəbhədə fəaliyyət göstərən müxalif partiyalar təkcə iqitdarla yox, həm də bir-biriylə də çəkişir. Bəzən bu daxili çəkişmələr o həddə çatır ki, müxalif partiyalar iqtidarla deyil, ancaq bir- birləri ilə mübarizə aparır. Bu gün Azərbaycanda müxalif partiyaların əksəriyyətinin vəziyyəti də belədir.

"Bu çəkişmə cəmiyyətdə yaxşı qarşılanmır”

Məsələyə münasibət bildirən Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev "Cümhuriyət”ə açıqlamasında deyib ki, özlərinə inanmayan müxalif partiya liderləri ya partiyada söz sahibi olmağa, ya da gündəmdə qalmağa çalışırlar:

"Bunun səbəbi müxalifətdə söz sahibi, birinci olmaq davasıdır. Bu da cəmiyyət tərəfindən yaxşı qarşılanmır. Ola bilsin ki, bu cür işlərlə məşğul olan siyasətçilər də özlərinin və partiyalarının hakimiyyətə gələ biləcəyinə, öz güclərinə inanmır. Ona görə də öz güclərini daha kiçik sahədə istifadə edərək söz sahibi olma, yaxud gündəmdə qalmaq yolunu seçirlər. Təbii ki, bu, yanlış yanaşmadır. Azərbaycanda az partiya var ki, onlar siyasi partiyanın missiyası üzrə fəaliyyət göstərir. Yəni bir siyasi müxalif partiya hakimiyyətə gəlmək, onun lideri öz partiyasını iqtidara daşımaq haqqında düşünməli, bunun üçün səylər göstərməlidir. Amma biz bunun təzahürlərini görə bilmirik. Gördüyümüz isə müxalif partiyalararsı daxili münaqişələr, bir- birlərinin ayağının altını qazmalar, şər- böhtan atmalar və s. kimi neqativ hallardır”.

"Hər kəs məhz öz partiyasının iqtidara gəlməsini istəyir”

Ağ Partiyanın sədri Tural Abbaslı isə deyib ki, müxalifətin hakimiyyətə gəlmək uğunda yalnız iqtidarla deyil, eyni zamanda digər müxalif partiyalarla da mübarizə aparması onlar arasında daxili çəkişmələrə yol açır:

"”Müxalifət daxilində vahid birlik olmalıdır” deyə bir anlayış yoxdur. Çünki iqtidar birdir və iqtidara gəlmək uğrunda müxtəlif partiyalar vuruşur. Müxalifət üçün iqtidar rəqib olduğu kimi, eyni zamanda digər müxalif partiyalar da rəqibdir. Çünki hər kəs məhz öz partiyasının iqtidara gəlməsini istəyir. Ona görə də öz aralarında da bir çəkişmə var. Amma bütün hallarda bu mübarizə balansı pozulmamalıdır. Yəni müxalifətin müxalifətlə mübarizəsi, onun iqtidarla mübarizəsini üstələməməlidir. Əsas iqtidara gəlmək uğrunda mübarizə aparmaq lazımdır. Yoxsa "müxalifətin iqtidarı” olmaq uğrunda yox. Amma bizdə uzun müddət müxalifətin hakimiyyətə gəlməməsi onun enerjisinin daxilə yönəlməsinə səbəb olub. Yəni uzun illərdir seçkilərdən nəticə əldə edə bilməyən müxalifət artıq öz daxilində mübarizəyə başlayıb. Bu da yanlışdır. Mən iddia etmirəm ki, hamı bir və həmrəy olmalıdır. Amma bir çox hallarda müxalifət bir olmalıdır, nəinki düşmən. Amma zamanla bunlar da qaydaya düşəcək. Zamanla sistem düzəldikcə, yəqin ki, müxalifətarası münasibətlər də yoluna düşəcək”.

"Bu mövzu süni şəkildə şişirdilir”

Müsavat Partiyasının başqanı Arif Hacılı müxalifətdaxili çəkişmələrin şişirdildiyi qənaətindədir:

"Mənə elə gəir ki, müxalifətdaxili çəkişmələr mövzusu süni şəkildə şişirdilir. Təbii ki, müxtəlif partiyalar varsa, onların ən azı siyasi taktikalarında fərqlər mövcuddur. Ona görə də rəqabət şəraitinin olmasına normal yanaşmaq lazımdır. Amma bütün hallarda bu rəqabət böhtan, təhqir səviyyəsinə qalxmamalıdır. Ancaq bütövlükdə Azərbaycanda demokratik dəyişikliklərin baş verməməsinin səbəbi müxalifətarası münasibətlər deyil. Azərbaycan hakimiyyəti ölkədə demokratik dəyişikliklərə imkan vermir. Yəni əsas səbəb budur. Müxalifətin ümumi görüntüsünün yaranması və müxalifət düşərgəsində, bütövlükdə siyasi sistemdə aydınlaşmanın getməsi üçün demokratik seçkilərə ehtiyac var. Ölkədə 50-dən çox partiyanın qeydiyyatdan keçdiyi haqda məlumatlar var. Qeydiyyatdan keçməmiş siyasi partiyalar da var. Əminəm ki, demokratik seçkilər olarsa, ilk seçkidən sonra 3- 4 partiya qalacaq. Bu partiyalar isə öz münasibətlərini normal şəkildə nizamlamağa nail olacaq. Şəxsi ambisiyalar partiya müstəvisinə daşınmamalıdır. Siyasi partiyaya rəhbərlik edən şəxs, təşkilatı öz duyğularına uyğun olaraq yox, partiyanın nizamnaməsinə, hədəflərinə, partiyanın və cəmiyyətin maraqlarına uyğun olaraq idarə etməlidir. Təəssüf ki, hər kəs bu prinsiplərə əməl etmir”.

"Azərbaycanda siyasət istehsal edən partiyalar çox azdır”

"Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərliyə görə isə problemin kökündə partiya liderlərinin bir- birlərinə qarşı şəxsi münasibətlərinin təmsil etdikləri partiyaya daşınması durur:

"Bu, yeni bir şey deyil. Azərbaycan siyasəti son 30 ildə eyni ssenari ilə inkişaf edib. Çünki siyasi partiyaların böyük əksəriyyəti şəxslər üzərində qurulub. İstər müxalifətdə, istərsə də iqtidarda bu cür partiyalar var. Yəni həmin partiyaların "alt yapısı” olmadığından, tezislərlə, hansısa bir proqram sənədlərlə çıxış etmək əvəzinə çox zaman bir şəxsin iki dodağının arasına baxdıqlarından daxili çəkişmələr güclənir. Ona görə də bizim təşkilat həmişə proqram sənədləri, tezislərlə çıxış etdiyi üçün çox zaman tənqidlərə məruz qalıb. Bir çox partiyalar üçün bu formada siyasi diskursa girmək çətindir. Ona görə də əsl hədəf kənarda qalır, partiyalar isə şəxsi zəmində, şəxslər üzərindən siyasət yürütməyə çalışırlar. Bu da Azərbaycanda siyasi diskursun keyfiyyətini aşağı salır. Ona görə də cəmiyyət siyasətə maraq göstərmir. Azərbaycanda siyasət istehsal edən partiyalar çox azdır. Digər tərəfdən, həm iqtidar, həm də müxalifətdən qaynaqlanan səbəblər üzündən, istər müxalifətlə iqtidar, istərsə də müxalifətlə müxalifət arasındakı münasibətlət düşmənçilik səviyyəsinə çatıb. Yəni bir- birlərinə rəqib kimi deyil, sanki düşmən kimi yanaşırlar. Bu da doğru deyil. Siyasət rəqiblik anlayışıdır. Artıq bu düşmənçilik formalı çəkişmələrin sonlandırılmasının zamanı çatıb. Azərbaycan siyasi səhnəsi sözün yaxşı mənasında ideyaların, tezislərin, platformaların vuruşduğu bir məkan olmalıdır. Bu zaman pisi- yaxşıdan, doğrunu- səhvdən seçmək asan olacaq”.

"Bu tendensiya hələ davam edəcək”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Orucov hesab edir ki, müxalifətdaxili çəkişmələrin səbəbi bəzi müxalif partiyaların siyasi arenada tək qalmaq istəyidir:

"Bu sualları çox zaman biz özümüz də müxalifətdaxili müxarizə aparanlara veririk ki, nədən siz iqtidar qala- qala müxalifətlə mübarizə aparırsınız? Çox təəssüf olsun ki, bu tendensiya uzun müddətdir davam edir və bundan sonra da davam edəcək. Bunun bir sıra səbəbləri var. Müxalifət daxilində məlum qüvvələr istəyir ki, həmişə özünə daha geniş meydan açsın. Bunu da müxalifət düşərgəsində mövcud olan qüvvələri sıradan çıxarmaqla etməyə çalışır. Yaxud da həmin təşkilatlar digər müxalifət partiyasının elektoratını ələ keçirmək istəyir. Digər tərəfdən, bu, şəxsi zəmindən də irəli gəlir. Yəni müxtəlif səbəblər var. Rəqabət normaldır. Amma bu rəqabət bəzən əndazəni aşır və etik normalar gözlənilmədən həyata keçirilir. Bu da cəmiyyətdə yaxşı görünmür və müxalifətin nüfuzunu aşağı salır. Belə qüvvələr müxalifət arasında iqtidara qarşı mübarizə apardığını düsələr də, nədənsə bu mübarizə çox hallarda görünmür. Bəzi müxalifət təşkilatları özlərindən başqa partiyanı arenada görmək istəmir. Yalnız hesab edirlər ki, meydanda onlar və dedikləri olmalıdır. Mən bunu sağlam yanaşma hesab etmirəm. Hər kəsin siyasi proseslərə fərqli baxışı ola bilər. Hər kəs eyni düşünə bilməz. Amma çox təəssüf ki, müxalifət daxilində də bunu qəbul edə bilməyən qüvvələr var. Amma yaxşı haldır ki, bu qüvvələr çox deyil”.

Əli Bədir





Həftənin ən çox oxunanları