Yuxarı

Azərbaycana təzyiq mümkündür? - "Qərb çox gözəl bilir ki...”

Azərbaycana təzyiq mümkündür? -

Azərbaycana təzyiq mümkündür? -

Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad etdikcə Ermənistanın himayədarları ölkəmizə təzyiq göstərib müharibəni dayandırmağa, işğalçını xilas etməyə çalışırlar.

Yəni bu himayədarlar həmişə olduğu kimi, beynəlxalq ədaləti deyil, öz maraqlarını qoruyurlar. Fransanı erməni sevgisi və faşizm ortaqlığı, Rusiyanın Cənubi Qafqaz marağı, ABŞ-dakı prezident seçkiləri məcburiyyəti bu üçlüyü hər gün bir yeni bəyanatla çıxış etməyə, erməniləri dəstəkləməyə məcbur edir.

Rusiya prosesə birbaşa müdaxilə etməsə də, artıq Ermənistan sərhəddinə diversiya qrupları yeritməyə başlayıb. Amerikanın mövqeyi hardasa anlaşılandır. Çünki prezident seçkilərinə görə, ermənilərin şəninə xoş sözlər səsləndirsələr də, qəti mövqe bildirilmir. Lakin Fransanı, xüsusən onun hər gün bir məzhəbə qulluq edən prezidentinin mövqeyi heç anlaşılan və qəbulonun deyil.

Fransanın həmsədr dövlət olmasına baxmayaraq birbaşa Ermənistanı dəstəkləməsi və öz ərazilərini azad edən Azərbaycana təzyiq göstərməyə çalışması ikili siyasətin bariz nümunəsidir. Görünən odur ki, əslində 30 ildə danışıqlar prosesinin baş tutmamasının bir səbəbkarı Ermənistan rəhbərləri olubsa, digəri bu həmsədr dövlətlər olub. Bu gün qeyd etdiyimiz dövlətlər Azərbaycanı sanksiyalarla və digər təhdidlərlə qorxutmağa çalışırlar. Lakin Azərbaycan neft ölkəsi olaraq Avropanın neft tələbatının ödənməsində, Rusiyanın neft asılılığından qurtulmasında böyük rol oynayır. Bunu Qərb də gözəl anlayır. Azərbaycan haqlı mövqedə ola- ola geri çəkilmək niyyətində deyil.

Bəs Qərbin bu təzyiqləri hansı formada özünü göstərə bilər?

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, sanksiyalar söhbəti şantaj xarkteri daşıyır və tətbiq edilə bilməz:

"Hələ ki, Avropa ölkələri və Amerika bizi sanksiyalarla hədələyirlər. Bu sanksiya tətbiq olunarsa, ilk növbədə Qərbin öz şirkətlərinə zərbə vuracaq. Çünki ölkəyə gətirilən malların çoxu neft sənayesi ilə bağlıdır. Bu sənayenin bir qisim məhsulları da həmin şirkətlər vasitəsi ilə Qərb ölkələrindən alınır. Yəni demək istəyirəm ki, bu sanksiyalar söhbəti şantaj xarakteri daşıyır və tətbiq edilə bilməz. Bu onların özlərinə sərf etməz. Azərbaycan Avropanın, Amerikanın və İsrailin də strateji müttəfiqidir.

Eyni zamanda Azərbaycan Avropanın və Amerikanın neft təminatçısıdır. Azərbaycan az qala Avropanın yarıya qədərini mavi qazla təmin edəcək. Yəni Azərbaycan onların enerji mənbəyidir və geostrateji əhəmiyyəti də çox böyükdür. İndiyədək Əfqanıstanda NATO qoşunlarının saxlanılması Azərbaycanın lojistik dəstəyi hesabına mümkün olub. Yəni Azərbaycan ərazisindən daşıma vasitəsi kimi istifadə ediblər. Qərb çox gözəl bilir ki, Azərbaycan nə edir. Azərbaycan hüquq normalarına zidd olan heç bir şey etmir. Azərbaycan yalnız öz torpaqlarını işğaldan azad etmək istəyir və buna da xeyli nail olub”.

Ekspert hesab edir ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbi də məmnun edir:

"Hesab edirəm ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbin də ürəyincədir. Məsələn, Amerikanın NATO-dakı nümayəndəsi çox yaxşı bir fikir səsləndirib. O deyir ki, bu münaqişə getdikcə daha çox çürümüş vəziyyət alırdı və aqoniyaya keçirdi.

Bundan sonra Azərbaycan qoşunları həm BMT-nin qətnamələrini yerinə yetirəcək, həm də bu münaqişəni Cənubi Qafqazda həll etmiş olacaq. Fransa prezidenti Emmanuel Makronun türklərə qarşı nifrəti heç də doğru addım deyil. Əvvəla Türkiyə NATO-nun cənub qanadıdır və onun ən güclü orduya malik hissəsidir. Belə bir deyim var: Kim ki, Qafqaza və Orta Asiyaya sahib olacaqsa, o, bütün dünyaya hökm edəcək. Bu gün Azərbaycan ordusunun hücumu ilə yeni geostrateji vəziyyət, yeni geokonfiqurasiya formalaşır. Nəticə etibarı ilə NATO-nun cənub cinahı Azərbaycan qoşunlarının əməliyyatları nəticəsində Orta Asiyaya çıxmaq imkanı qazanacaq. Hesab edirəm ki, Qərb bunu gözəl anlayır. Hesab edirəm ki, bu sanksiya söhbətləri getdiyi müddətdə Azərbaycan ordusu qarşıda duran strateji məsələlərini həll edəcək. Ermənistan zamanında qətliamlar törədib, torpaqlarımızı alanda səsini çıxarmayanların indi bizi təhdid etməsi riyakarlıqdır”.

Əli Bədir





Həftənin ən çox oxunanları