Yuxarı

Tehranın məkrli planı: Qaşqay türkləri ayaqlanır

Tehranın məkrli planı: Qaşqay türkləri ayaqlanır

Tehranın məkrli planı: Qaşqay türkləri ayaqlanır

İranda yaşayan Qaşqay türkləri mərkəzi hökumətə qarşı yeni tələblə çıxış ediblər.

Qaşqaylar onlar üçün ayrıca ostanın yaradılmasını istəyirlər. Qaşqaylı milli-siyasi fəallar bununla bağlı imza kampaniyasına da başlayıblar.

Tələbə əsasən İran hökuməti ölkənin cənubundakı Qaşqay türkləri yaşayan bölgələrə "Qaşqay əyaləti” adını verməlidir.

Bu kampaniya üçün tələb olunan imza sayı toplandıqdan sonra İran Prezidentinə, İran parlamentinin spikerinə və daxili işlər nazirinə göndəriləcək. Kampaniya 17 oktyabrda başladılıb və 17 dekabr tarixinədək davam edəcək.

"Orta Doğu” Araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın Qaşqay ostanlığını yaratması onun özünün də inkişafına təkan vermiş olar:

"İran ostanlardan, yəni əyalətlərdən ibarətdir və ölkə Konstitusiyasına görə hər əyalətin müstəqilliyi var. Lakin Ana Yasanın digər maddələri kimi, bu maddə də həyata keçmir. Bir neçə il əvvəl bəzi rəsmilər İran Parlamentinin ikipalatalı olmasını gündəmə gətirdilər. Amma nədənsə bu da söz olaraq qaldı. İranda əvvəllər cəmi 4 əyalət olub. Bunlar "Azərbaycan”, "Fars” , "Kürdüstan” və "Şiraz” əyalətləri olub. Pəhləvilər hakimiyyətə gəldikdən sonra İranda inzibati ərazi bölgüsünə yenidən baxıldı və əyalətlərin sayının artırılmasına qərar verildi. Bunun nəticəsində Güney Azərbaycan ərazisi 6-7 əyalətə bölündü. 90-cı illərdən sonra Ərdəbilin və Astaranın bir hissəsi kəsilərək Gilək əyaləti yaradıldı. Halbuki Tehranadək olan bu ərazilər Azərbaycan ərazisi olub. Qaşqaylara gəldikdə isə onlar Azərbaycan türklərinin möhtəşəm bir qoludur. Əsl türk olan Qaşqaylar tərəkəmədir. Yəni köçəri həyat tərzi sürürlər. Onlar zamanında indiki Ermənistan ərazisindən köç edərək Şirazadək gəlib çıxıblar. Onlar Azərbaycan türklərinin türkçülüklə bağlı bütün elementlərini bugünədək özlərində daşıyırlar. Qaşqaylar ərəblər kimi hicab geyinmir, Türkün ənənəvi yaylığından istifadə edirlər. Geyimləri də ənənəvi Türk geyimidir. Yəni onlar türkçülüyü yalnız yaşatmır, həm də yaşayırlar. Qaşqayların özlərinə məxsus musiqisi, folkloru və digər mədəni zənginlikləri var. İran Qaşqayları adətən türk tayfası kimi təqdim etmir. Məqsəd isə Azərbaycan türklərini parçalamaq və birliyi pozmaqdır. Qaşqayların İrandan yerli idarəetmə tələbi yeni deyil. Onlar bundan əvvəl də eyni tələblə çıxış ediblər. İran hakimiyyəti Güney Azərbaycanı inzibati cəhətdən parçaladığı kimi, Qaşqayları da azərbaycanlılıqdan çıxarmağa çalışır. Bundan əvvəl İran eyni siyasi missiyanı həmədanlılara qarşı da həyata keçirib, onları qeyri-azərbaycanlı kimi təqdim etmişdi. Halbuki Həmədan Azərbaycan ərazisidir və orada yaşayanlar azərbaycanlıdır. Onlar 90-cı ilin ortalarında İranın Ali dini lideri Seyid Əli Xamneyiyə məktub yazaraq bəyan etmişdilər ki, biz də sizin kimi azərbaycanlıyıq. Bu gün təbrizli, astaralı, qəzvinli, həmədanlı necə azərbaycanlıdırsa, Qaşqay türkləri də elədir. Qaşqaylar sonradan oturaq həyata keçiblər. İndi yerləşdiyi ərazilər də onların öz ərazilərdir. Qaşqaylar ən çox Şiraz ərazisində məskunlaşıblar. İran bu əraziləri Qaşqayların əlindən alaraq farslaşdırır. Qaşqay türkləri də bu assimilyasiyadan qurtulmaq üçün yerli idarəetmə tələb edirlər. Lakin bunun İran daxilində istəyirlər. Necə ki, İran Ərdəbilin, Astaranın bir hissəsini kəsərək Gilək əyaləti yaradıbsa, elə bir idarəetmə forması istəyirlər. Burada qorxulu heç nə yoxdu. Bu əksinə İranın milli, mədəni və iqtisadi inkişafına təkan verə bilər, idarəçiliyi gücləndirər və bürokratiyanı aradan qaldıra bilər. Hesab edirəm ki, İran hakimiyyətinin əlavə problemə ehtiyacı yoxdu. Çünki məsələ uzanıb qəlizləşsə, İran üçün yeni problemlər yarana bilər”.

S.Soltan İranda yerli idarəetməsi olan digər etnoslardan da danışıb:

"İranda kürdlərin Kürdüstan, ərəblərin Xuzistan, bəlucların Sistan və Bəlucistan əyaləti və farsların Fars əyaləti var. Azərbaycan türklərinin ərazisi isə 6 əyalətə bölünüb. Şərqi Azərbaycan əyaləti-mərkəzi Təbriz, Qərbi Azərbaycan əyaləti- mərkəzi Urmiya, Mərkəzi Azərbaycan əyaləti- mərkəzi Əraq, Ərdəbil əyaləti- mərkəzi Ərdəbil, Qəzvin əyaləti- mərkəzi Qəzvin, Həmədan əyaləti- mərkəzi Həmədan şəhəri. Bu 6 əyalətin özünün yerli idarəetməsi var. Bu yerli idarəetməyə İcra hakimiyyətindən tutmuş Bələdiyyələrə qədər daxildir. Yəni həm valilik, həm də merlik var. Lakin onların hüquqları məhduddur. Çünki hər bir idarə orqanına nəzarət edən İmam Cümə var. İmam Cümə vəzifəsində olan şəxs birbaşa Xamneyiyə tabedir. Necə sovet dövründə Kommunist Partiyasının birinci katibi var idisə, İranda da İmam Cümələr var. Yəni həmin şəxslər Xamneyinin yerlərdəki səlahiyyətli nümayəndəsidir. Əsas olan onun göstərişləridir. Əyalətlərdəki icra orqanlarına da o nəzarət edir”.

Əli Bədir





Həftənin ən çox oxunanları