Yuxarı

Qarabağ regiona təhlükə yaradır

Qarabağ regiona təhlükə yaradır

Münaqişə qonşu dövlətlərin ərazisinə sıçraya bilər

Yunis Nəsibli: “Gürcüstan Rusiyadan ehtiyat edir”

Rəsmi Tiflis son vaxtlar Ermənistan-Azərbaycan cəbhə xəttində gərginliyin artmasına fəal siyasi reaksiya verir. Gürcüstan Cənubi Qafqazda Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə çağırışlar etməklə bölgədə sabitlik üçün təhlükənin yaranmasından narahatlığını ifadə edir. Ona görə də Gürcüstanın müdafiə naziri Tinatin Xidaşelinin “Bizim məqsədimiz regionda sülh və əmin-amanlığın bərpası və qorunmasına yönəlib”-deməsi də böyük ehtimalla məhz Ermənistan-Azərbaycan münaqişəsinin yaratdığı gərginliklə bağlıdır.

Qeyd edək ki, xanım Xudaşeli bu açıqlaqmanı Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin 4-cü üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını, bölgədə sabitliyin və davamlı inkişafın bərqərar olmasının tərəfdarı olduğunu bildirib.

Xatırladaq ki, Gürcüstan prezidenti Georgi Marqvelaşvili də aprel ayının əvvəlində gedən döyüşlər zamanı Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağda yaranmış gərgin vəziyyətin sülh yolu ilə həlli üçün maksimum səy göstərməyə çağırmışdı.

"Biz çox ümid edirik ki, Ermənistan və Azərbaycan rəhbərləri maksimum səy göstərəcəklər və gərgin vəziyyətin aradan qaldırılması üçün beynəlxalq birliyin fəal iştirakı ilə dinc, diplomatik vasitələrlə münaqişənin sülh yolu ilə həllinə nail olacaqlar", - deyə o bildirib. Siyasi ekspertlərin fikrincə, rəsmi Tiflis Ermənistanla Azərbaycan arasında son vaxtlar dərinləşən münaqişənin Gürcüstan ərazisinə yayılmasından narahatdır.

Belə ki, Gürcüstan ərazisində çoxlu sayda azərbaycanlı və erməni icması yaşayır. Müharibə dərinləşərsə onun Gürcüstan ərazisinə sıçraması fəlakətli nəticələr doğura bilər. Bu isə hazırda Gürcüstana hərbi təcavüz üçün bəhanə axtaran Rusiyanın regionda işğalçılıq siyasətini həyata keçirmək üçün növbəti əsas yaratmış olar.

Gürcüstan tarixi üzrə mütəxəssis Yunis Nəsiblinin sözlərinə görə, gürcülər Dağlıq Qarabağ münaqişəsinin böyüyəcəyi təqdirdə, Rusiyanın Ermənistana Gürcüstan ərazisindən razılaşdırılmamış hərbi yardım göstərmək planından ehtiyat edir:

“Rusiya belə bir addım atarsa, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi pozula bilər. Bu da Gürcüstanı narahat edir. Onlar Rusiyanın Batumi istiqamətindən hərbi donanması vasitəsilə Ermənistana hərbi texnika göndərmək niyyətindən çəkinirlər. Saakaşvilinin prezidentliyi dövründən fərqli olaraq, Gürcüstanın indiki hakimiyyəti Rusiyadan çəkinir. Ona görə də Gürcüstan belə bəyanat verir”.

Qeyd edək ki, münaqişənin regiona yayılmaq təhlükəsi İranın da bəyanatlar verməsi ilə müşahidə olunur. Aprel ayında baş vermiş hərbi əməliyyatlar zamanı İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini deyib.

Nazir erməni həmkarı ilə telefon danışığında Dağlıq Qarabağda atəşi dayandırmağa və münaqişəni sülh yolu ilə nizamlamağa çağırmışdı. Analitiklərin rəyinə görə, müharibə yenidən başlayacağı halda İran Güney Azərbaycan türklərinin Qarabağda savaşa qatılacağından ehtyat edir.

Onu da xatırladaq ki, döyüşlər zamanı erməni separatçılarının artilleriya atəşləri Şərqi Azərbaycan ostanındakı kəndə düşmüşdü. Bu da İranın XİN tərəfindən narazılıqla qarşılanmışdı.

İran Qarabağ müharibəsinə qatılan Güney Azərbaycan türklərinə silahlı yolla milli-azadlıq mübarizəsi apara biləcək potensial təhlükə mənbəyi kimi baxır.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları