Yuxarı

Soros yeni ssenarilər hazırlayır

Soros yeni ssenarilər hazırlayır

Açıq Cəmiyyət Fondunun rəhbəri, dünyada rəngli inqilabların təşkilatçısı kimi tanınan Corc Soros Böyük Britaniyada hakimiyyət dəyişikliyi hazırlayır. Bu barədə Britaniyada nəşr olunan "The Telegraph” qəzeti məlumat yayıb. " Sorosun yeni gizli planı” adlı məqalədə qeyd edilir ki, Corc Soros Brexiti pozmağa xidmət edən məxfi planı dəstəkləyir: "Onun və aparıcı fiqur sayılan hərəkətləri Böyük Britaniyanın Avropa Birliyinin tərkibində qalmasını istəyənləri ruhlandırır. Onlar bu aydan ikinci referendumun keçirilməsi üçün bütün ölkədə təbliğata başlamağı planlaşdırır. Bu Birləşmiş Krallığı Avropa Birliyinin tərkibində saxlamağa imkan verəcək. Kampaniyanın məqsədi Mühafizəkarlar Partiyasının sponsorlarını öz tərəfinə çəkmək və Tereza Meyi hakimiyyətdən salmaqdır”. 

Adıçəkilən mənbə qrupun görüşü haqqında vacib sənəd əldə edib. "Sənəddə göstərilir ki, kampaniyanın məqsədi bu ayın sonunda mümkün olacaq qədər ölkəni oyatmaq və Brexitin hələ son qərar olmadığını sübut etməkdir. Nə qədər gec deyil, Brexit dayandırsınlar”- "The Telegraph” belə yazır. 

Sözügedən məlumatı şərh edən politoloq Natiq Miri hesab edir ki, Britaniyanın yenidən Avropa Birliyi tərkibinə qaytarılmasına dair fikirlər dolaşır. Çünki bəzi güc mərkəzləri Böyük Britaniyanın Avropa Birliyindən çıxmasını istəmir:

"Britaniya kimi güclü iqtisadiyyata, orduya və gücə malik bir dövlətin Avropa Birliyindən çıxması bu ittifaqın gələcəkdə çox asanlıqla zəifləməsinə yol aça bilər. Bu baxımdan, Birləşmiş Krallığın yenidən Avropa Birliyinin sıralarına qayıtması məsələsi hələ də gündəmdədir. Britaniya referendum yolu ilə Avropa Birliyindən çıxması haqqında qərar versə də, bunun reaallaşdırılması, Brexitin nəticələrinin həyata keçirilməsi mexanizmlərinin tapılması problemli olaraq qalır. Yəni Avropa Birliyi üzvlüyünü tərk etmək o qədər də asan məsələ deyil. Ona görə də bəzi şəbəkələr bu ölkəni yenidən Avropa İttifaqının tərkibinə qaytarmaq haqqında düşünür. "Corc Sorosun barəsində yayılan informasiyalar da bu prosesin tərkib hissəsi sayıla bilər. Corc Soros ABŞ prezidenti Donald Trampla düşmənçilik edir və onun hakimiyyətdən salınması üçün milyonlar xərcləyir. Ona görə də Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə prezident Trampın siyasi mövqelərinin güclənməsini istəmir. Çünki Donald Tramp Britaniyanın Avropa Birliyindən çıxmasını dəstəkləyən bir siyasət yürüdür. Böyük Biritaniyanın və ABŞ-ın yenidən yaxınlaşması demək olar ki, Avropa Birliyini uzun müddət yedizdirmək siyasətinin qarşısını alır. Məhz bu baxımdan, bir ildən artıqdır ki, Tramp administrasiyası ilə Avropa Birliyi arasında narazılıq yaşanır. Biz bu vəziyyəti ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımasına münasibətdə də gördük. Sorosun bu yöndə fəliyyət göstərməsi inandırıcı görünür. Ancaq bunun hansı nəticələr doğuracağını bəri başdan proqnozlaşdırmaq çətindir. Yeni bir referendum vasitəsilə Britaniyanın təkrarən Avropa Birliyinin tərkibinə qaytarılması o qədər də ciddi qəbul oluna bilməz. Belə bir addımın atılması Brexitin lehinə səs vermiş insanlara qarşı hörmətsizlik olardı. Həmçinin bu, Britaniya kimi bir ölkənin nüfuzuna ciddi zərbə vura bilər. Ola bilsin ki, həmin xəbər Sorosun maliyyləşdirdiyi şəbəkələrin informasiya maraqlarına xidmət edən dezinformasiya kimi düşünülüb. Çünki proseslər həyata keçirilməzdən öncə beynəlxalq səviyyədə ictimai rəyi hazırlayır və ya fikir yaradırlar. Bu gün Tereza Meyin hakimiyyətdə salınması o qədər önəmli deyil. Mey hakimiyyətdən gedərsə, onun yerinə gələn şəxs də eyni siyasi kursu davam etdirəcək. Söhbət Tereza Meydən sonra Britaniyanı Avropa Birliyinin tərkibinə qaytara biləcək hökumətlə əvəz edilməsindən gedir. Həmin şəbəkənin siyasi güc mərkəzinə dəstək verməyə çalışırlar. İctimai rəyin hazırlanması ilə bağlı informasiya da bu məzmunda dəyərləndirilməlidir. Yeni bir siyasi güc, ideoloji düşüncə olmadan Corc Sorosun bu fikirlərini Britaniyada həyata keçirmək mümkün deyil. Britaniyada oturuşmuş bir siyasi sistem var və yeni bir qüvvənin hakimiyyətə gəlməsi o qədər də asan deyil”.

Natiq Miri bildirdi ki, Avropa Birliyində mərkəzdənqaçma proseslərinin sürətlənməsi ABŞ-ın geostrateji maraqlarına cavab verir. Tramp administrasiyası Birləşmiş Ştatların Avropa Birliyinə ayırdığı 20 trilyondan artıq yardım siyasətini dayandırıb. Britaniyanın Avropa Birliyindən uzaqlaşma siyasətinin əsas səbəblərindən biri də ittifaqın özünümaliyyələşdirmə siyasətinin məsuliyyətini digər ölkələrlə bölüşmək istəməməsidir:

"Ona görə də Brexit ABŞ-dan əvvəl Böyük Britaniyanın strateji maraqlarına cavab verir. ABŞ-ın maraqları ondan ibarətdir ki, əgər ortada müttəfiqlik varsa, bu bərabərhüquqlu olmalıdır və hər bir ölkə xərclərini özü çəkməlidir. Tramp isə Birləşmiş Ştatların büdcəsi hesabına Avropanı yedizdirmək siyasətini dayandırdı”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları