Yuxarı

Qarabağla bağlı yeni format

Qarabağla bağlı yeni format

ABŞ-ın Çepmen Universitetinin Qlobal Təhsil Mərkəzinin direktoru, professor Ceyms Koyl "Vestnik Kafkaza” saytına müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair bəzi yeni təkliflərlə çıxış edib. Politoloq bildirib ki, problemin nizamlanmasına nail olmaq üçün ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədrlik formatı dəyişdirilməlidir: "Minsk Qrupu hazırda dalana dirənib. Bu qrup 2000-ci ildə prezidentlər Heydər Əliyev və Robert Koçaryanın Ki-Uestdə keçirilən görüşünün fəaliyyət planını hazırlayandan bəri yeni ideya irəli sürə bilmir. 17 il keçsə də tərəflər Minsk Qrupunun himayəsi altında bu planın şərtlərini yerinə yetirməyiblər. 

Hesab edirəm ki, Minsk Qrupunun mövcud tərkibində yeni ideyalar olmadığından Avropa Birliyi, Almaniya və Türkiyə onların sırasına daxil edilə bilər. Türkiyə çox maraqlı bir seçim olacaq, çünki münaqişənin hər iki tərəfi ilə işləyə bilər. Türkiyə Azərbaycanla tarixi münasibətlərə malikdir. Ermənistanla isə Barak Obamanın ilk prezidentlik dövrünün başlanğıcında əlaqələr qurmaq üçün danışıqlar aparıb. Təəssüf ki, nəticədə heç nə alınmadı, amma fakt faktlığında qalır. Ankara Bakı ilə İrəvan arasında vasitəçi olmağı bacardı”.

Münaqişənin həllində ABŞ-ın mövqeyindən söz açan ekspertin sözlərinə görə, Cənubi Qafqaz, Qarabağ probleminin həlli Vaşinqton üçün prioritet deyil. "Amerika yalnız dünyada, o cümlədən Cənubi Qafqazda sabitliyin təmin olunmasında maraqlıdır. Bizimkilər münaqişənin həllini tapmasını istəsələr də düşünürəm ki, hazırkı Amerika administrasiyası Suriya və İraq kimi problemli bölgələrlə daha çox məşğul olur”. 

Dağlıq Qarabağ probleminin nizamlanmasında diplomatik təmaslardan konkret addımlara keçməyin mümkünlüyü barədə suala Ceyms Koyl belə cavab verib: "Burada hökumətlərin siyasi iradəsi vacibdir. Ermənistan işğal etdiyi rayonlardan beşini geri qaytarmağa razı olmalıdır. Azərbaycan isə bunu praktiki baxımdan, sülh prosesinin ilk addımı qismində qəbul etməlidir. Siyasi iradə nümayiş etdirilməyincə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində də irəliləyiş olmacaq”. 

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun siyasi formatının dəyişdirilməsinin vacibliyi barədə təkliflər xeyli müddətdir səslənir. Bəzi ekspertlər isə hesab edir ki, Azərbaycan ümumiyyətlə, ATƏT-in Minsk Qrupundan imtina etməli və münaqişənin nizamlanmasına dair danışıqlar prosesini BMT-nin mandatı əsasında davam etdirməlidir. Bu dəyişiklik Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair BMT Təşhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına şərait yarada bilər. ATƏT-in Minsk Qrupunun hazırkı formatı yaradılanda ilkin olaraq, Türkiyənin həmsədrliyə daxil edilməsi nəzərdə tutulmuşdu. Lakin Ermənistan buna birmənalı şəkildə etiraz etdiyindən Azərbaycan ABŞ və Rusiyadan əlavə vasitəçilər arasında qüvvələr balansını təmin etmək üçün Türkiyənin Fransa ilə əvəz edilməsinə razılıq vermişdi. 23 ildən artıq ötən müddətdə Fransa və Rusiyanın Ermənistanla strateji tərəfdaşlıq münasibtlərinə malik olması tərəfsizlik və qərəzsizlik prinsipinin pozulmasına səbəb olub. Rusiya isə açıq-aşkar Ermənistanla hərbi müttəfiqlik münasibətləri qurub və işğalçı tərəfi silahlandırmaqla məşğul olub. Ərdoğan iqtidarının son illər Rusiya ilə Yaxın Şərqdəki proseslərə münasibətdə, ilk növbədə Suriya böhranı ilə əlaqədar Rusiya ilə taktiki ittifaq qurması Türkiyənin Cənubi Qafqazdakı geosiyasi mövqelərinin zəifləməsi ilə müşahidə olunur. Daha doğrusu, indiki situasiyada Türkiyə Dağlıq Qarabağ probleminin həllinə fəal müdaxilə etməklə Rusiyanın bölgədəki maraqlarına toxunmaq istəmir. Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ məsələsinə dair apardığı müzakirələrin nəticəsiz başa çatması, Türkiyə prezidentinin münaqişənin açarının Rusiyanın əlində olduğunu açıq bəyan etməsi Ankaraya gözlənilən ümidlərin aradan qalxmasına səbəb olub. Bir sıra analitiklərin rəyinə görə, son dövrlər Yaxın Şərqdə baş verən hadisələr Dağlıq Qarabağ probleminə yanaşmada həm Rusiyanın, həm də ABŞ-ın mövqeyinə təsir göstərib. Rusiyanın Suriyada qazandığı hərbi qələbə və ərəb dövlətləri ilə tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi Cənubi Qafqazda da geosiyasi dayaqlarını gücləndirib. Bu da öz növbəsində, yaxın perspektivdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində müsbət irəliləyişin olacağına olan inamı xeyli azaldır. Eyni zamanda, prezident Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması barədə qərarı beynəlxalq ictimai rəydə ABŞ-ın vasitəçi dövlət kimi bitərəflik statusuna ciddi zərbə vurub. Yəni dünyada baş verən son proseslər ATƏT-in Mİnsk Qrupunun fəaliyyətinə də kölgə salır. 

"Azərbaycanın Mili Təhlükəsizlik Konsepsiyası dəyişməlidir”

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov hesab edir ki, amerikalı ekspert Ceyms Koylun ATƏT-in Minsk Qrupunun həmsədrlik formatını dəyişdirmək barədə fikirləri gözlənilən və aktualdır. Ona görə də politoloq danışıqlar prosesinə yeni vasitəçi dövlətlərin daxil edilməsini zəruri sayır: "Ki-Uest görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı siyasi gedişin olmaması təbii ki, Minsk Qrupunun fəaliyyətinin yarıtmaz olduğunu açıq şəkildə göstərir. Digər amil Dağlıq Qarabağ probleminin adından da göründüyü kimi, dondurulmuş münaqişə olması ilə bağlıdır. Cənubi Qafqazda qlobal maraqlar toqquşmadığına və buradakı məsələlər bölgə maraqları müstəvisində müəyyənləşdiyi üçün Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə hesab edilir.

Cəbhə xəttində xırda, qısamüddətli döyüşlərin, təxribat-diversiya əməliyyatlarının baş verməsi, azsaylı ölüm hallarının olması da münaqişənin donmuş olduğunu bir daha təsdiq edir. Bu keçici proses olsa da münaqişənin indiki mərhələdə həlli nə Rusiya üçün, nə ABŞ, nə də Avropa Birliyi üçün aktual deyil. Həmsədrliyə gəlincə, təbii ki, bu format dəyişməlidir. Rusiya və Fransanın iştirak etdiyi, eyni zamanda, ABŞ-ın da təmsil olunduğu bir formatın mövcudluğu Cənubi Qafqazda sabitliyin olması baxımından vacibdir. Lakin problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapması üçün Minsk Qrupunun hazırkı həmsədrlik formatı səmərərli deyil. Çünki vasitəçilərdən ikisi-Rusiya və Fransa təcavüzkarı dəstəkləyir. Rusiya bunu açıq şəkildə nümayiş etdirir. Həmsədrliyin bu üçlük ölkələrinə həvalə edilməsi çıxış yolunun olmaması deməkdir. Almaniyanın, Türkiyənin və hətta hesab edirəm ki, Böyük Britaniyanın bu prosesə daxil edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin mahiyyətini genişləndirə bilər.

Yəni prosesi daha ciddi şəkildə gündəmə gətirəcək. Amma biz görürük ki, həmin ölkələrin Minsk Qrupunun həmsədrliyinə daxil olmaması prosesə öz mənfi təsirini göstərir. ABŞ da, Rusiya da hazırda daha çox Yaxın Şərqdə və Fars Körfəzi regionunda baş verən proseslərə daha çox diqqət ayırır. İranla bağlı vəziyyət və Rusiyanın Yaxın Şərqdə artan təsirinin azaldılması Amerika üçün əsas prioritet məsələdir. Rusiyanın son dövrlər Ermənistana hərbi yardımları artırması həmsədrlik formatının ləğv olunması və ya formatın dəyişdirilməsi üçün ciddi zəmin yaradır. Rusiya Ermənistan-Azərbaycan münaqişəsini 25-30 il də bundan sonra dondurulmuş vəziyyətdə saxlamaqla Azərbaycanın siyasi yaddaşından silmək niyyətindədir. Çünki Rusiya hazırda Türkiyə ilə nə qədər müttəfiq olsa da Cənubi Qafqaza böyük önəm verir. Bu, bir tərəfdən İran məsələsi, digər tərəfdən Cənubi Qafqazın dəhliz kimi geostrateji əhəmiyyətə malik olması ilə bağlıdır. Rusiya Ermənistan ərazisini hərbi poliqona çevirib və orada təlimlər, sınaqlar keçirir. Kreml bu poliqondan imtina etmək niyyətində deyil. Məncə, Azərbaycan bu məsələni beynəlxalq səviyyədə aktuallaşdrmaq üçün Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxmalıdır.

Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasını dəyişərək yenidən formalaşdırmalıdır. Həmin sənəddə Azərbaycanın xarici siyasət strategiyası, rəqibləri, düşmənləri, tərəfdaş və müttəfiq dövlətləri dəqiq göstərilməlidir. Belə olan halda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni addım atılmış olar. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası axırıncı dəfə 12-14 il əvvəl yazılıb və o vaxtdan ötən müddətdə beynəlxalq və regional proseslər xeyli dəyişib. Ona görə də Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasını yeni dünya düzəninə uyğunlaşdırmalıdır. Həmin konsepsiyada Avropa Birliyi, ABŞ, Türkiyə, Gürcüstan Azərbaycanın əsas tərəfdaşları elan edilməli, "Qonşularla sıfır problem”, yəni qarşılıqlı sülh və mehriban qonşuluq prinsipi, NATO-ya inteqrasiya əsas hədəflər kimi göstərilməlidir. Yeni konsepsiyada Rusiya və İranla münasibətlərdə seçiləcək fəaliyyət prinsipi Ermənistan-Azərbaycan münaqişəsinin həllini yenidən prioritet olaraq gündəmə gətirəcək. Bu halda münaqişə dondurulmuş vəziyyətdən çıxaraq, qlobal səviyyədə, həlli vacib olan bir məsələ kimi danışıqlar masasına çıxarılacaq. Bu gün danışıqlar dondurulmuş münaqişə ətrafında aparılır və daha çox atəşkəsin saxlanılmasına xidmət edir. Ancaq BMT-nin qəbul etdiyi qətnamələrin icrasına yönəldilməsinə ehtiyac var”. 

Fərrux Məmmədovun fikrincə, ATƏT-in Mİnsk Qrupunun həmsədrliyində təmsil olunan dövlətlər beynəlxalq balansı təmin etmir. Bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də münaqişənin nizamlanmasında heç bir irəliləyiş baş vermir. Bu isə hər bir dövlətin öz maraqlarına üstünlük verdiyini göstərir. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri qeyd etdi ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsini təklif edərsə, Rusiya buna mane ola bilməz: "Rusiyanın etiraz edəcəyi bir məqam var. O da Dağlıq Qarabağ probleminin qlobal səviyyəyə çıxmasıdır. Əslində, danışıqlar prosesində Rusiyanın Fransa ilə maraqları üst-üstə düşür. Hazırkı formatın formalaşmasında hər iki dövlət yaxından iştirak edib və orada iştirak etməlidir. Amma Almaniya və İngiltərənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə gətirilməsi çox vacibdir. Türkiyənin isə bu quruma daxil edilməsinə məncə, ehtiyac yoxdur. Çünki Türkiyəni Azərbaycanın müttəfiqi olaraq, tərəf kimi qəbul edə bilərlər. Böyük Britaniyanın isə həmsədrliyə gətirilməsi Azərbaycanın xeyrinə olar. BP şirkətinin Azərbaycanda strateji maraqları var və Azərbaycan bu amildən məharətlə istifadə etməlidir. Avropa Birliyinin ayrılıqda təmsil olunmasına isə ehtiyac görmürəm. Düşünürəm ki, hətta Avstriyanın daxil edilməsi ilə bu formatın genişləndirilməsi Dağlıq Qarabağ münaqişəsinin qloballığını artıra bilər. Almaniya, Fransa onsuz da Avropa Birliyinin üzvləridir. Əgər Azərbaycan Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxarsa, xarici siyasət strategiyası da dəyişəcək. Belə olarsa, Dağlıq Qarabağ məsələsinin rəflərdən endirilib masa üzərində müzakirəyə çıxarılması baş verəcək. Rusiya isə bu problemin rəflərdən endirilməsini istəmir. Əgər dondurulmuş şəkildə qalarsa, münaqişənin həlli yaxın 10-15 ildə gözlənilmir”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları