Yuxarı

Sorosun İrəvandakı uşaqları

Sorosun İrəvandakı uşaqları

Ermənistanın baş naziri Nikol Paşinyan  açıq şəkildə Qərbyönümlü siyasət yürüdür. Rusiyalı politoloqlar artıq Paşinyanın Ermənistanı  Moskvanın təsir dairəsindən çıxartmaq üçün Qərb dairələrinin sifarişini yerinə yetirdiyini deyir.  Halbuki, "məxməri inqilab”ın lideri hökumət  rəhbəri seçildikdən sonra  Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini ənənəvi qaydada davam etdirəcəyini bəyan etmişdi.

Soçidə prezident Vladimir Putinlə görüşü zamanı Nikol Paşinyan Ermənistanın  Rusiya ilə münasibətlər, eləcə də Avrasiya İqtisadi Birliyində və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətində heç bir dəyişiklik baş verməyəcəyini  bəyan etmişdi.  Ancaq N.Paşinyanın bu sözləri kifayət qədər inandırıcı görünmürdü. Çünki N.Paşinyan Ermənistan cəmiyyətində siyasi mövqeyinə görə Qərb dairələrinə bağlı şəxs sayılırdı. Onun liderlik etdiyi "Yelk” deputat fraksiyasının da adının "Çıxış” mənası verməsi  məhz  rəmzi olaraq Ermənistanın  Avrasiya İqtisadi Birliyindən çıxması mənasını daşıyırdı. Ona görə də Paşinyanın Serj Sarkisyanı devirməsinin  əslində Qərblə Rusiya arasında bir geosiyasi qarşıdurma olduğu  şübhə doğurmurdu.  Çünki  Nikol Paşinyan Ermənistan cəmiyyətində yüksək  nüfuza malik siyasətçi kimi tanınmırdı . "Yelk” bloku parlamentdə cəmi 9 deputatla təmsil olunur.  Paşinyanın sədrlik etdiyi "Vətəndaş  Sazişi” Partiyası da  Ermənistanda yüksək  siyasi  çəkiyə malik deyil.  Elə isə bir neçə günün ərzində bütün narazı kütləni öz ətraflında cəmləyib hakimiyyət dəyişikliyinə necə nail olması sual doğururdu.  Təbii ki, "Məxməri inqilab”dan bir ay sonra ortaya çıxan faktlar Ermənistanda əslində  xalq inqilabının baş vermədiyini  bir daha təsdiq edir.

Qeyd edildiyi kimi, ABŞ, eləcə də Avropa Birliyinin siyasi və kəşfiyyat dairələri  erməni lobbisinin əli ilə Ermənistanda inqilabi prosesi hazırlayaraq həyata keçirib. Bu məqsədə nail olmaq üçün Qərbyönümlü  mövqeyə malik N.Paşinyandan istifadə olunub. Hakimiyyət dəyişikliyini reallaşdırmaq üçün N.Paşinyana lazım olan maliyyə, kəşfiyyat, siyasi dəstək göstərilib.

Ancaq yeni baş nazirin bu qədər qısa müddətdə "siyasi kartları” açacağı, yəni  Qərbyönümlü kurs tutacağı  gözlənilmirdi. Çünki  Rusiyanın  Ermənistanda  siyasi, hərbi və iqtisadi mövqeləri hələlik güclüdür. Doğrudur,   baş nazir vəzifəsinə xalq tərəfindən seçildiyini iddia edən  N.Paşinyan  sələflərindən fərqli olaraq,  Kreml tərəfindən təyin olunmadığına və müstəqil  siyasət yürüdəcəyinə işarə edir. Lakin Rusiyanın Ermənistanda hərbi bazaları var. Ona görə də  Ermənistan hələ də Rusiyanın geosiyasi təsir dairəsində qalmaqdadır.  İkincisi, parlamentdə  müxalifətdə olan  Respublika Partiyası  çoxluğu təşkil etməklə yanaşı,  Rusiyaya  yaxınlığı ilə seçilir. Bu isə Paşinyan hökumətinin siyasi dayaqlarının zəif olduğunu bir daha nümayiş etdirir. Nikol Paşinyan yalnız  növbədənkənar parlament seçkilərində qalib gələcəyi və  parlamentdəki mandatların böyük əksəriyyətini qazana biləcəyi halda müəyyən qədər müstəqil siyasi addımlar ata bilərdi. Hazırda  baş nazirin tələskənlik nümayiş etdirməsi, onun ABŞ-ın və Avropa Birliyinin siyasi  dairələrilə məxfi diplomatik təmaslar apardığını görməmək mümkün deyil.  Bu da  Qərbin  Paşinyana götürdüyü   öhdəlikləri  yerinə yetirmək  üçün ona təzyiq göstərməsi ilə izah olunur.  Yəni,   Paşinyanı hakimiyyətə gətirən ABŞ və Avropa Birliyi indi verdiyi  vədləri yerinə yetirməyi tələb edir.  Son günlər ABŞ dövlət katibinin köməkçisinin müavini Bric Brinkin  və Fransanın xarici işlər naziri Jan-İv  Lö Drianın  İrəvana səfər edərək Paşinyanla görüşməsi,  Fransa prezidenti Emmanuel Makronun Ermənistana səfər edəcəyinə dair xəbər, ABŞ-ın "Minilliyin çağırışı” Proqramı çərçivəsində Ermənistana  140 milyon dollar ayırması yeni hökumətin Qərbdən maliyyə və siyasi cəhətdən asılı olduğunu  göstərir.

Nikol Paşinyanın anti-Rusiya siyasəti həm də özünü  kadr təyinatında göstərir. Paşinyan  hökumət üzvlərini bir qayda olaraq, peşəkarlığına görə deyil, onların Qərbə nə qədər yaxın olmasını əsas götürərək  təyin edir.  Hökumət  əsasən Rusiyaya siyasi rəğbəti olmayan şəxslərdən formalaşdırılır ki, bu SİFARİŞİN də Qərbdən gəldiyi şübhə doğurmur. Müdafiə naziri David Tonoyan,  Silahlı Qüvvələrin  Baş Qərargah rəisi Artak Davityan  anti-Rusiya mövqeli şəxs hesab olunur.  Moskvaya yaxınlığı ilə seçilən Movses Akopyan isə baş qərargah rəisi vəzifəsindən  çıxarılaraq  baş nazirin təhlükəsizlik məsələləri üzrə müşaviri postuna gətirilib.  Diaspora nazirinin müavini  Babken Ter-Qriqoryan  isə amerikalı milyarder, "məxməri inqilablar”ın "xaç atası” sayılan Corc Sorosla əlaqəli şəxs sayılır.  Belə ki, o,  Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət Fondunun Ermənistan üzrə koordinatoru  olub. 2018-ci ilin fevral ayında baş nazirin müavini vəzifəsini tutan Babken Ter-Qriqoryan əlində Rusiya və Putin əleyhinə şüarlar  tutaraq  etiraz aksiyalarına qoşulub.

Rusiyalı politoloq Sergey  Markov  da Nikol Paşinyanın kadr təyinatında müstəqil qərar vermədiyni bildirib. "Nikol Paşinyan öz komandasını Qərbyönümlü, üstəlik də Rusiyaya qarşı olan şəxslər arasından seçir.  Ona göstərişlər verilir və bu yolla Rusiyaya təzyiq edilməsi nəzərdə tutulub.  Paşinyan insanları göstərişlə təyin edir.  Bu məsələdə Qərbin və Qərbdəki erməni diasporunun rolu böyükdür. Xüsusilə də inqilab zamanı maddi cəhətdən dəstək verən insanlar ona təsir edir. Paşinyanın hərəkətləri onsuz da qeyri-ciddi görüntü yaradır. Onun iqamətgahdan çəkib paylaşdığı şəkillər gənc tələbənin sevincini xatırladır”- Markov belə deyib.

Ekspert bildirib ki, ABŞ-ın yeganə məqsədi  Rusiyanın müttəfiqlərini "vurmaq”dır.  Onların vəzifəsi anti-Rusiya hökuməti qurmaqdan ibarətdir. 

Sergey Markovun fikrincə, Rusiya Ermənistan - Azərbaycan balansında daha çox Azərbaycana diqqət yetirməlidir:"Biz Ermənistanda etibarsız müttəfiq ola biləcəyimizi görürük. Azərbaycan Rusiyaya çox yaxın olduğundan daha demokratik, güclü və mədəni bir ölkədir".

Rusiyalı ictimai xadim, ekspert Maksim Şevçenko deyib ki, Nikol Paşinyanın başçılıq etdiyi Ermənistan hökuməti Moskva qarşısında "boyun əysə” də, anti-İran siyasəti həyata keçirəcək.  "Arxasında Amerika-Ermənistan Assosiasiyası və amerikalı lobbiçilərin dayandığı Nikol Paşinyanı nəzərdə tuturam. Çünki onlar üçün əsas məsələ Qərbin xüsusi xidmət orqanlarının nəzarətində olmayan İranın son sərbəst sərhəd xəttinin, yəni Ermənistan-İran sərhədinin bağlanmasıdır",-deyə rusiyalı ekspert qeyd edib.

Siyasi ekspertlərin fikrincə, Paşinyanın arxasında Amerika və Fransada məskunlaşan erməni lobbisi dayanıb. Bu lobbi də həmin dövlətlərin siyasi elitaları ilə sıx bağlıdılar. Amerika və Avropadakı erməni lobbisinə arxalanan Paşinyan nəinki İrana, Rusiyaya da qarşı çıxmağa məcbur olacaq. ABŞ-ın dəstəyi ilə  hakimiyyətə gələn Paşinyandan həm anti-İran, həm də anti-Rusiya siyasəti  yürütmək tələb olunacaq.

Paşinyan isə  Qərbin qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün Ermənistanın milli təhlükəsizliyini risk altına atmaq məcburiyyətində qalıb.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları