Yuxarı

Kəşfiyyatın diqqətlə izlədiyi səfər

Kəşfiyyatın diqqətlə izlədiyi səfər

Fərrux Məmmədov: "Rusiya üçün Almaniyanın, Avropa Birliyinin Cənubi Qafqazda olması daha məqbuldur, nəinki ABŞ-ın


Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri başlayıb. Avqustun 23-də Gürcüstana gələn xanım kansler bir gün sonra Ermənistan paytaxtına səfər edib.  Avqustun 25-də isə A.Merkel Azərbaycan  rəhbərliyi ilə danışıqlar aparmaq üçün Bakıda olacaq. Merkelin Cənubi Qafqaz turnesini zəruri edən səbəblər ekspertlər tərəfindən ciddi  təhlil edilir.  Bu baxımdan, xanım kanslerin Tifilsdə və  İrəvanda verdiyi mesajlar, eləcə də Bakıdakı açıqlamaları diqqətlə izlənilir. Çünki bu səfər ciddi geosiyasi və geoiqtisadi nəticələr doğuracaq. 

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov Cebhe.info-ya bildirib ki, SSRİ-nin dağılmasından sonra Almaniya kanslerinin Cənubi Qafqaza ilk strateji səfəri baş verir. Onun eyni zamanda, Gürcüstana, Ermənistana və Azərbaycana səfər etməsi Avropa Birliyində lokomativliyi  öz üzərinə götürmüş Almaniya və Fransanın Cənubi Qafqaz ölkələri ilə birbaşa maraqlandığını göstərir. Eyni zamanda, Angela Merkel Almaniyanın Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün yeni mənbələr axtarır:

"Prezident  Putinin də Merkelin səfəri öncəsi Almaniyaya səfərinin məqsədi də Cənubi Qafqazın Rusiyaya aid olduğunu, bu bölgədə baş verən proseslərin Rusiyanın iştirakı və maraqları nəzərə alınmadan mümkün olmayacağını Merkelin nəzərinə çatdırmaq idi. Vladimir Putin "Əgər Merkel  alternativ enerji mənbəyi axtarırsa, Azərbaycan bunu yalnız Rusiya üzərindən Avropaya təhlükəsiz şəkildə çatdıra bilər” mesajını verdi. Lakin Angela Merkel hər üç ölkəyə səfərindən eyni nəticəni gözləmir. Almaniyanın Gürcüstanda başqa maraqları var. Artıq bu ölkə NATO-nun bir addımlığındandır. Monteneqrodan sonra Gürcüstanın NATO-ya qəbul ediləcəyi gözlənilir. Balkan ölkələri arasında ilk dəfə NATO Albaniyada hərbi baza yaratmağa qərar verib. Bu, çox böyük bir strateji addımdır. Merkelin Gürcüstana səfəri də məhz bu ölkə üzərindən buna hesablanıb.  

Ermənistanda isə özünü demokratik  elan etmiş yeni bir qüvvə hakimiyyətə gəlib və Merkel Almaniyanın Paşinyan hökumətinin yanında olduğunu nümayiş etdirir. Azərbaycanla bağlı isə mövqe tamamilə fərqlidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində Rusiya qədər rol oynamaq istəyən bir dövlətdir. Amma Azərbaycan yalnız hasilatçı deyil, həm də tədarükçü ölkədir. Merkelin Azərbaycana səfəri zamanı da bu məsələ diqqət mərkəzində olacaq. Yəni, Cənubi Qafqaz turnesi zamanı 3 ayrı məsələ müzakirə olunacaq. Angela Merkel əlində konkret dosye ilə Cənubi Qafqaz ölkələrinə səfər edib. Xüsusilə də Azərbaycan dosyesi xeyli böyükdür, kansler Azərbaycana çoxsaylı iqtisadi təkliflə gəlir. Məndə olan məlumata görə, Azərbaycan hökumətinə təqdim olunacaq  həmin təkliflərdə  məsələlər detallarına qədər  qeyd olunub. Bundan başqa, Azərbaycan dəmir yollarının, bank və sığorta sisteminin alman standartlarına uyğunlaşdırılması, işsizlik probleminin həlli üçün Almaniya tərəfindən zavodların açılması məsələlərinin müzakirəsi də gözlənilir.  Bu baxımdan, Gürcüstan və Azərbaycan səfərləri olduqca məhsuldar olacaq. Həmin səfərləri Rusiya, ABŞ, Çin kəşfiyyatları da yaxından izləyir.

Düşünürəm ki, Azərbaycanın atacağı addım və ya verəcəyi qərar regionun xarici siyasət konsepsiyasını kökündən dəyişə bilər. Məndə olan məlumata görə, Angela Merkellə Vladimir Putin arasında keçirilən danışıqlarda əsas müzakirə mövzularından biri Rusiyaya tətbiq edilən sanksiyalar, digəri isə Cənubi Qafqaz  məsələsi olub. Çünki Rusiya Cənubi Qafqazı bütövlükdə ram etmək istəyən bir gücdür. Bu gün Ermənistanın Rusiyanın asılılığından tamamilə çıxmaq təhlükəsi var. Gürcüstan isə ümumiyyətlə, Rusiyaya bağlı deyil. Hazırda Gürcüstan nə MDB-də, nə KTMT-də, nə də Avrasiya İqtisadi Birliyində təmsil olunur. Rusiya da bu məsələni  Merkellə müzakirə edib. Moskva bilir ki, Albaniyada NATO-nun hərbi bazasının açılmasından sonra alyans Cənubi Qafqazda Rusiyaya daha yaxın olacaq və  Gürcüstanda öz hərbi bazasını yaradacaq. Azərbaycanın da müstəqil siyasət yürütdüyünü nəzərə alsaq, nəticədə Rusiya üçün qüvvələr  balansı pozulacaq, amma beynəlxalq münasibətlər sistemində bərabərləşəcək.  2019-cu ilin sonuna qədər İranda xalq inqilabı baş verərsə, Rusiya artıq özünün hədəfə gəldiyini başa düşəcək. Çünki Rusiyada iqtisadi və siyasi problemlər həddindən artıq çoxdur. Ona görə də Rusiya öz siyasətini davam etdirəcək. ABŞ Milli Kəşfiyyat Nazirliyinin hesabatına görə, Rusiyanın başqa maraqlarının olduğu iki ölkə var-Azərbaycan və Qazaxıstan”. 

Qeyd edək ki, ekspertlər xanım Merkelin  Bakıya səfəri zamanı yalnız Azərbaycan təbii qazının Avropanın enerji bazarlarına nəqli məsələsi diqqət mərkəzində olmayacağını dyir.  Almaniya Türkmənistanda hasil olunan "mavi yanacağı” Xəzər dənizinin dibindən və Azərbaycan üzərindən keçməklə Cənub Qaz Dəhlizi vasitəsilə Mərkəzi Avropaya çatdıracaq "Transxəzər” boru  kəmərinin çəkilməsini dəstəkləyə bilər.

Avqustun 12-də Xəzər dənizinin statusunun müəyyənləşməsinə dair konvensiyanın imzalanması sözügedən məsələnin reallaşması üçün əsas yaradır. Hətta belə bir layihə həyata keçirilərsə, Qara dənizin dibi ilə əlavə boru xəttinin çəkiləcəyi də xəbər verilir. ABŞ-ın Rusiyadan Almaniyaya qaz nəqlini həyata keçirəcək "Şimal axını-2” kəmər layihəsinin inşasına ABŞ sanksiya tətbiq etməyə hazırlaşır. Bu isə ABŞ-ın maye qazını almaqdan imtina edən Almaniyanı "mavi yanacağ”ın diversifikasiyasını təmin etməyə sövq edib. 

Fərrux Məmmədov hesab edir ki, Angela Merkelin Bakıya səfərinin əsas məqsədi Avropa Birliyinin Rusiyadan enerji asılılığını minimuma endirməkdir. Bu da Avropa Birliyinə Rusiyaya qarşı siyasi divindentlər  qazandırır:

"Azərbaycan 2022-ci ilə qədər Avropanın enerji  təchizatında 30-40 faiz paya sahib olmaq istəyir, həm də tranzit ölkə olaraq, dünya xəritəsində strateji mövqe qazanacaq dövlətlərdən biridir”. 

Lakin ekspert onu da vurğulayır ki, Almaniyanın əlavə enerji  mənbələri axtarışına çıxması Rusiyadan daha çox ABŞ-ın geostrateji maraqlarına toxunur. Çünki ABŞ-dan fərqli olaraq, Almaniya Cənubi Qafqazda Rusiyaya qarşı çıxmır. Bu baxımdan, Amerikanın Cənubi Qafqazda fəal oyunçuya çevrilməsi Vaşinqtonu narahat edir: "”Breksit”dən sonra Almaniya dünya iqtisadiyyatında  ABŞ-ı üstələmiş bir dövlətdir. Almaniya dünya iqtisadiyyatını Amerikanın asılılığından çıxarılmasının tərəfdarıdır. Barak Obama dövründə bu münasibətlər qardaşlaşmış dövlətlər prinsipinə əsaslanırdı. Lakin Tramp prezident seçildikdən sonra vəziyyət dəyişdi.  

Almaniya da anladı ki, ABŞ-a çox güvənmək olmaz. Prezidentlər dəyişəndə xarici siyasət konsepsiyası dəyişməsə də, şəxsin formalaşdırdığı siyasət dövlətlərin milli və maliyyə təhlükəsizliyinə təsir edir. Ona görə də Almaniya Cənubi Qafqazla, o cümlədən Azərbaycanla  bağlı yeni tərəfdaşlar axtarışındadır. Rusiya üçün Almaniyanın, Avropa Birliyinin  Cənubi Qafqazda  olması daha məqbuldur, nəinki ABŞ-ın.  Almaniya Rusiyanın Cənubi Qafqazdakı maraqlarına qarşı çıxmayacaq. Çünki Avropa Rusiya üçün təhlükə deyil və bu iki güc mərkəzi  Cənubi Qafqazda hər hansı formatda anlaşa bilər. Lakin  ABŞ-ın mövcudluğu həmin bölgənin Rusiya tərəfindən itirilməsi deməkdir”.  

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları