Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) dağılmasından sonra vaxtilə Rusiya tərəfindən işğal edilən digər 14 respublika demokratiya və liberalizmlə tanış oldu və müstəqilliklərini elan etdi. "XX əsrin ən böyük çöküşü” adlandırılan bu hadisə ilə ittifaqa daxil olan bir sıra respublikalar (Estoniya, Litva və Latviya) SSRİ-dən tamamilə imtina edərək, NATO və Avropa İttifaqına inteqrasiya xətti tutdu, Qərbin hərbi-siyasi bloklarına qoşuldu. Bu ölkələr Rusiyadan tamamilə uzaqlaşmaq qərarı verdilər. Azərbaycan da daxil olmaqla digər müstəqil dövlətlər Rusiyadan gələn təhlükəni əsas götürərək, 1991-ci ildə qurulmuş Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində Moskva ilə siyasi-iqtisadi münasibətlərini davam etdirdilər. Lakin buna baxmayaraq, Rusiyanın keçmiş ittifaq respublikalarına qarşı hücumları səngimədi.
Əvvəlcə Moldova ərazilərini (Dnestryanı bölgəsi) işğal edən Rusiya Ermənistan vasitəsilə Azərbaycana qarşı hərbi müdaxilələr edərək ölkənin ərazi bütövlüyünün pozulmasında əhəmiyyətli rol oynadı. Nəticədə Dağlıq Qarabağ və ətraf rayonlar Ermənistan tərəfindən işğal olundu.
Sonrakı dövrlərdə - 2008-ci ildə Gürcüstan (Abxaziya və Cənubi Osetiya), 2014-cü ildə isə Ukrayna (Krım və Donbas) ərazilərinə edilən təcavüzkar hərəkətlər Rusiyanın hələ də bu məkanda yerləşən dövlətlər üçün ciddi təhlükə olaraq qalmasından xəbər verirdi. Əlbəttə, bu məqamda Rusiyanın təcavüzkar həmlələrinə qarşı MDB-nin bir sıra dövlətlərinin xarici və daxili siyasətdə tutduğu xətt əsas rol oynayırdı. Yeni dönəmdə də bu dövlətlər və dövlətləri idarə edən siyasi liderlərin öz ölkələrilə bağlı verilən qərarlarda iradə sahibi olmamaları onları kənar və daxili təhlükələr qarşısında müdafiəsiz vəziyyətdə saxlayır. Ona görə Rusiya təhlükəsi hər zaman bu ölkələrin başı üzərində kabus kimi dolaşır.
Belə bir məqamda nə etməli?
Təbii ki, siyasi bacarıq və iradə ilə dövlətin müstəqilliyini qorumaq yeni işğal faktlarına imkan verməmək və dövləti gücləndirməklə yaxın qonşuluq siyasətinə söykənilməlidir. MDB məkanında bu prinsipi davam etdirməklə həmin təhlükələri dəf etmək dövlət başçılarından böyük bacarıq və siyasi strateji xətt tələb edir. Rusiya bu baxımdan sərbəstdir, çünki həmin "aqressor” güc özüdür. Digər ölkələrdən isə yalnız Qazaxıstan və Azərbaycan bu təhlükədən özünü sığortalaya bilib. Qazaxıstan müstəqilliyin ilk illərindən balanslaşmış siyasətlə təhlükənin qarşısını alıb. Azərbaycan isə ötən əsrin 90-cı illərinin əvvəllərində bu təhlükəni adlaya bilmədi və Ermənistan açıq-aşkar Rusiyanın hərbi gücündən yararlanaraq, hərbi təcavüzlə torpaqlarımızı işğal etdi. Lakin Azərbaycan da artıq bu təhlükəni adlayıb və hazırda nəinki dünyanın demokratik ölkələri, hətta Rusiya da Azərbaycan torpaqlarının azad olunmasını, Ermənistanın təcavüzkar siyasətdən əl çəkməsini, Azərbaycan ərazilərini boşaltmasını tələb edir. Bu fikir həm Rusiya ictimaiyyətində, həm də rəsmi elitada artıq səsləndirilir. Bu da onu göstərir ki, Azərbaycan hazırda düzgün strateji xəttə sahibdir. Müxtəlif prizmalardan yanaşılsa, MDB məkanında 3 ölkənin öz prinsipləri və inkişaf tempi gözə çarpır ki, bu da həmin dövlətləri digər MDB dövlətlərindən üstün göstərir. Təbii ki, burada aparılan siyasət və dövlət rəhbərlərinin bacarığı önəmli faktorlardan biridir.
MDB-nin ən güclü liderləri kimdir?
Mübaliğəsiz demək olar ki, 3 ölkə lideri həm MDB məkanında, həm dünya gücləri, həm də öz cəmiyyətləri tərəfindən təkcə preizdent kimi deyil, eyni zamanda lider kimi qəbul edilir. Bu üç ölkə prezidentini digər həmkarlarından fərqləndirən əsas cəhət də dövlət maraqlarını qorumaq, siyasi manevrlər, düzgün strateji və taktiki bacarıqlara sahib olmalarıdır. Bu üç ölkə Rusiya, Azərbaycan və Qazaxıstandır. Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Nursultan Nazarbayev həm MDB məkanında, həm də dünya düzəninin yeni formatında söz sahibidir.
Keçmiş "KQB” zabiti, cüdoçu, karateçi, taktika ustası...
Keçmiş Sovet, yaxud MDB məkanının 3 güclü siyasi liderindən biri Rusiya prezidenti Vladimir Putindir. Digərlərindən fərqli olaraq Putinin istər daxili, istərsə də xarici siyasətinin parametrlərinin sayı çox deyil, amma açıqdır. Putin Rusiyanın SSRİ-nin dağılmasıyla itirdiyi imperiya gücünü geri qaytarmaq istəyir. Rusiyanın daxili resurslarını da bunun üçün xərcləyən Vladimir Putin ölkə iqtisadiyyatını çökdürən böhranın da başlanğıc və istinad nöqtəsidir. Siyasətdə strateqdən çox özünü taktika ustası kimi aparan Putin hədəfə aldığı dövlətlərin qüsurlarından özlərinə qarşı istifadə etməyi yaxşı bacarır. O, daxili və xarici siyasətdə fürsətcildir. Hakimiyyəti illərində Gürcüstan və Ukraynaya hərbi müdaxilə planlarının müəllifi olan Putin qonşu dövlətlərə etdiyi həmlələrlə bu ölkələrin parçalanmasında əhəmiyyətli rol oynayıb. Əlbəttə, bu müdaxilələr onun daxili reytinqini xeyli dərəcədə yüksəldib. Rusiya əhalisinin 85%-dən çoxu ondan razıdır. Xarici siyasətdə daha çox təcavüzkar kimi görünən Putin ölkəsinə həm də düşmənlər qazandırıb. Amma buna rəğmən, Putinin siyasi ustalıqları Rusiyanı yenidən dünyanın əsas güc mərkəzlərindən birinə çevirib.
Putin mərhum prezident Boris Yeltsinin dönəmində 3 ay baş nazir kimi fəaliyyət göstərsə də, yerli və dünya ictimaiyyəti tərəfindən o qədər də yaxşı tanınmayan şəxs idi. Lakin Yeltsinin postuna iddiası ilə başladığı vəkalət mübarizəsində özünü göstərməyi bacardı. Həmin dönəmdə həyata keçirdiyi layihələrlə namizəd kimi qatıldığı ilk seçkilərdə xalqın mütləq əksəriyyətinin dəstəyini təmin etdi. Rusların nəzərində böyük nüfuza malik olan keçmiş "KQB”dəki fəaliyyəti, cüdodan karateyədək bir çox idman növlərindəki istedadı, Rusiyanın son bir əsrlik tarixində yüksək posta iddialı şəxslər arasında yeganə gənc kadr olması və s. kimi amillər Putinin siyasətdə yüksəlişinə zəmin yaratdı. Hakimiyyətinin ilk günlərindən cəmiyyətə qənim kəsilmiş oliqarxları zərərsizləşdirməsi, korrupsiya ilə apardığı mübarizə və "Böyük Rusiya” iddiası da onu federasiyanın mütləq gücünə çevirdi. Yeltsin dönəmində baş qaldırmış anarxiyadan sonra nəhayət ki, ruslar cəmiyyəti birləşdirən lider tapdıqlarına inandılar. Çeçenistandakı müharibə və digər bölgələrdəki münaqişələri "söndürən” Putin SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq Rusiya sərhədlərindən uzaqda - Suriyada gedən müharibədə iştirak edərək, ölkəsini geosiyasi oyunçu kimi təsdiqlətdi və ABŞ-ın təkqütblü dünya iddiasının üzərindən xətt çəkdi. Bununla da Rusiya dünyanın yenidən bölüşdürülməsi planında əsas oyunçu namizədlərdən birinə çevrildi.
Əlbəttə, bu addımları Putinin daxili populyarlığının artmasında önəmli rol oynadı və bununla özü haqda kritik vəziyyətlərdə doğru addım atmağı bacaran siyasi lider imici formalaşdırdı. Buna görə də Rusiya cəmiyyəti "Böyük Rusiya” iddiası naminə tətbiq etdiyi siyasətin demokratiyaya uyğun olmamasına baxmayaraq, onu dəstəkləyir.
Qazaxıstanın mütləq lideri
MDB məkanındakı əsas simalardan biri də Nursultan Nazarbayevdir. Qazaxıstan prezidenti SSRİ dönəmindən bu günədək öz taxtını qoruyub saxlayan yeganə siyasi liderdir. O, 1991-ci ildən bu günədək Qazaxıstanın prezidentidir. Ölkəsinin müstəqilliyinin ilk illərindən Rusiyanın bütün siyasi liderləri ilə normal münasibətləri olan qazax lider 1991-ci ildə SSRİ-də dövlət çevrilişi vaxtı Boris Yeltsinin rəhbərlik etdiyi inqilabı dəstəkləyərək, ittifaqın parçalanmasında mühüm rol oynadı. Bu, Qazaxıstan da daxil olmaqla 15 respublikanın müstəqil olması üçün tarixi addımlardan biri sayıla bilər.
1991-ci ildən sonra - 1999 və 2005-ci illərdə Qazaxıstanda müxalifətin etirazlarına baxmayaraq cəmiyyətin digər hissəsinin dəstəyi ilə prezidentlik səlahiyyətini 7 ilə qaldırdı, sonradan prezidentin seçilmə limitini ləğv edərək, Qazaxıstanın əbədi dövlət başçısı oldu. Nazarbayevin bu addımı Qərb siyasi dairələrində narazılıq yaratsa da, ona qarşı hər hansı təzyiq edilmədi. Səbəb çox sədəydi. Nazarbayev Qazaxıstanın mütəqilliyinin və sabitliyinin əsas qarantıdır. Çünki Nazarbayev Rusiya ilə yaxın iqtisadi-siyasi əlaqələrini davam etdirməklə yanaşı, ABŞ, İsrail, o cümlədən Avropa dövlətlərilə münasibətləri ölkəsinin maraqları çərçivəsində inkişaf etdirməyin yolunu bilirdi.
1997-ci ildə paytaxtı Almatıdan Astanaya köçürərkən də məhz bu nüfuzuna və siyasi ustalığına görə Rusiyanın təzyiqi ilə üzləşmədi.
Daxili siyasətdə özünə qarşı olan müxalifətin radikal qanadını və dini kəsimi zərərsizləşdirməsinə baxmayaraq, Nazarbayev istər müxalif düşərgə, istərsə də cəmiyyət arasında yüksək nüfuzunu qoruyub saxlayır. Ölkəsinin təbii qaz və neft ehtiyatlarından əldə edilən milyardlarla dollar maddi vəsaiti Qazaxıstan iqtisadiyyatının inkişafı üçün səmərəli istifadə etməyi bacaran prezident ölkəsi adına böyük uğurlara imza atıb. Xüsusilə, radikal, separatizmə meyilli etnik və dini qrupları zərərsizləşdirməklə Nazarbayev ölkəsini bu təhlükələrdən sığortalamağı da bacarıb.
Qazaxıstanın Rusiya ilə sərhəd bölgələrində 6 milyondan çox etnik rusun yaşadığını nəzərə alsaq, Nursultan Nazarbayevin ölkənin müstəqilliyinin qorunması və vətəndaş sülhünün davamlı olmasında hansı rola malik olduğunu da anlamaq çətin deyil.
Nazarbayevi istər daxildə, istərsə də xaricdə nüfuzlu edən əsas vektorlardan biri də onun yürütdüyü xarici siyasətlə bağlıdır. O, hər nə qədər Rusiya ilə münasibətlərini yaxından davam etdirsə də, xarici siyasətdə çoxşaxəli əlaqələrə əhəmiyyət verir.
Bir neçə il əvvəl ATƏT-in dönəm sədrliyindəki iddiası da Nursultan Nazarbayevin istər daxildə, istərsə də xaricdəki nüfuzu ilə bağlıdır. Əlbəttə, Qərb ölkələri bu addımı dəstəkləməklə, həm də Nazarbayevin Qazaxıstanı fərqli etniklər və dinlər üçün dinc şəraitdə yaşayan sülh məkanına çevirmək siyasətini də alqışlamışdı. 120-dən çox fərqli millətləri özündə birləşdirən Qazaxıstan bu mənada dünyaya örnək göstəriləcək nümunələrdəndir. Nazarabeyin ölkəsi eyni zamanda SSRİ dağıldıqdan sonra daxili sabitliyi qorumağı bacaran ölkədir.
Şübhəsiz ki, hazırda Orta Asiyadakı keçmiş Sovet respublikaları arasında Qərblə münasibətləri ən yaxşı formada davam etdirməyi bacaran yeganə ölkə də Qazaxıstandır. Beynəlxalq aləmdə çoxşaxəli siyasətə üstünlük verərək özünü balans yarada bilən lider kimi göstərməyi bacaran Nursultan Nazarbayev Suriyadakı böhrana görə də dövrəyə girərək ölkəsinin qapısını danışıqlar üçün müharibə tərəflərinə açdı. 2015-ci ildə Rusiya - Türkiyə münasibətləri qarşıdurma həddinə çatanda da Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevlə birgə tərəflər arasında vasitəçilik missiyasını üzərinə götürən ikinci siyasi lider idi. İlham Əliyev və Nursultan Nazarabayevin bu səyləri Rusiya -Türkiyə münasibətlərinin qaydasına düşməsində əhəmiyyətli rol oynadı.
Qazaxıstanın əhəmiyyəti həm də sahib olduğu geosiyasi mövqeyi və zəngin karbohidrogen (neft-qaz) ehtiyatlarından qaynaqlanır. Müstəqilliyinin ilk illərindən digər türkdilli dövlətlər kimi daxili problemlərlə üz-üzə qalan Qazaxıstan bütün enerjisini Nursultan Nazarbayevin liderliyi altında inkişafa və modern dünyaya açılmağa xərclədi. O, ABŞ, Çin və Rusiyanın diqqət mərkəzində olan Qazaxıstanı bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda və dünyanı maraqlandıran bir sıra məsələlərin həllində söz sahibi mövqeyinə gətirdi.
Qafqazın görünən gücü – Azərbaycan
MDB-nin əsas və aparıcı siyasi liderlərindən biri də Azərbaycan prezidenti İlham Əliyevdir. İlham Əliyevin özəl siyasi bacarığı ilə Azərbaycan istər türk dünyasının birləşməsində, istərsə də dünyanın bütün dövlətləri ilə münasibətlərdə yürütdüyü siyasətə görə əvəzedilməz mövqeyə malik olub. Azərbaycanın yerləşdiyi coğrafi bölgə - Cənubi Qafqaz ABŞ və Rusiya kimi dünyanın siyasi qütblərinin geosiyasi maraqlarının toqquşduğu məkan olmasına baxmayaraq prezident İlham Əliyevin istər xarici, istərsə də daxili siyasətdə əldə etdiyi bir sıra uğurlar ölkəmizi həm daxili, həm də xarici təhlükələrdən sığortalayıb.
Diqqət edək. Bir tərəfdən Rusiyanın öz siyasi orbitinə çəkmək istədiyi Azərbaycanı Yunanıstan, Ukrayna, Gürcüstan və bütün Şərqi Avropanı əhatə edən "Şərq xətti”nə daxil etməyə cəhdlər olunur. Lakin MDB-nin digər respublikalarından fərqli olaraq İlham Əliyevin rəhbərlik etdiyi ölkənin Rusiya və Qərbin hərbi-siyasi bloklarında yer almaması təzyiqləri də özü ilə gətirir. Tərəf seçmək məsələsində zaman-zaman Rusiya və Qərbdən təzyiqlər olsa da, İlham Əliyev bütün maneələri dəf etməyi bacardı. Artıq Azərbaycanın mövqeyi ilə nəinki adıçəkilən güclər, həm də digər qüvvələr, regional dövlətlər birmənalı olaraq hesablaşır. Təzyiqlərin açıq müstəvidə olduğu dönəmlərdə Rusiya və Qərb rəsmi Bakını hətta Dağlıq Qarabağın "müstəqilliyini” tanıyacağı ilə təhdid edirdi. Lakin xarici siyasətdə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllini prioritet kimi qəbul edən prezident nəinki geri çəkilmədi, hətta təhdidləri bumeranqa çevirməyi bacardı və öz siyasi iradəsini qəbul etdirdi. Qərbin təzyiqləri, Rusiyanın əks-hücumları qarşısında geri çəkilməyən Azərbaycan öz siyasətilə heç kəsdən asılı olmadığını sübut etdi. Bir neçə il əvvəl Rusiyanın Qəbələdəki hərbi bazasını da ölkədən çıxaran İlham Əliyev bununla heç bir dövlətin diktəsilə hərəkət etməyəcəyini açıq formada nümayış etdirdi. Ordu quruculuğunda və iqtisadi inkişaf göstəricilərində də İlham Əliyev rəhbərlik etdiyi dövləti regionun söz sahibinə çevirə bildi.
İlham Əliyevin xarici siyasətinin təməl prinsiplərini dövlətin ümumi maraqları əks etdirir. Bu, Azərbaycanı təhdidlərdən yayındırmaq baxımından incəliklə işlənmiş siyasi xətdir. Əlbəttə, bu baxımdan İlham Əliyevin xarici siyasəti bir çox dövlətlər üçün örnək sayıla bilər. Xarici siyasətdə əldə edilən uğurlar daxili sabitliyin qorunmasına, çoxvektorlu diplomatik fəaliyyətlərin genişləndirilməsinə sərf olunur. Bu baxımdan, İlham Əliyevin rəhbərlik etdiyi ölkə müasir dünyanın siyasi düzənində özünə layiqli mövqe seçə bilib. Bu da dövlətin ümumi maraqlarının həyata keçirilməsində önəmli rol oynayır. Əlbəttə, bütün bunların ana xəttini Azərbaycanın uzun illərdir həll etməli olduğu əsas problemi - Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasına edilən səylər təşkil edir. Hakimiyyətinin ilk illərindən İlham Əliyev bu məsələnin həlli üçün ciddi diplomatik addımlar atıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bu uğurun nəticəsi idi. BMT-dəki səsvermədə Azərbaycanın lehinə 155 ölkə səs vermişdi. Həmin dönəmdə (2012-ci il) Azərbaycan beynəlxalq terrorizmlə mübarizə çərçivəsində tədbirin təşkilatçısı oldu. Zaman-zaman "G 20” (İstanbul, Mexiko, Seul sammitləri və digər böyük tədbirlər) dövlətlərinin sammitlərinə dəvət alması da İlham Əliyevin lider olaraq nüfuzundan xəbər verir. Prezidentin siyasi xəttinə uyğun olaraq Azərbaycanın Qoşulmamaq Hərəkatının da üzvü olması dövlətin geosiyasi mövqeyinin güclənməsində və daxili təhlükəsizliyin təmin edilməsində ciddi rola malikdir.
Zaman-zaman İlham Əliyevin gərgin münasibətlərdə olan dövlətlər arasında üzərinə götürdüyü vasitəçilik missiyası da onun daxili və xarici reytinqinə müsbət xallar qazandırır. Məsələn, Türkiyə - İsrail, Türkiyə -Rusiya arasındakı vasitəçilik missiyasını buna nümunə göstərmək olar ki, uzun müddət İlham Əliyevin bu səyləri xarici KİV-lərdə geniş müzakirə mövzusuna çevrilmişdi.
Bir tərəfdən də fərqli mədəniyyət və dinlərin mərkəzinə çevrilmiş Azərbaycan beynəlxalq humanitar yardım aksiyalarının təşkilatçısıdır. Fərqli etniklərin, müxtəlif dinlərin birgəyaşayışının əsas təminatlarının olduğu ölkədir. Azərbaycan bu baxımdan sistemli layihələr həyata keçirən nadir dövlətdir. Beləliklə, İlham Əliyev ölkəsini daxili separatizm və radikalizm təhlükəsindən sığortalamağı bacarıb. Günümüzdə kənar dövlətlərdən Azərbaycana separatçı müdaxilələrin olacağı ehtimal mövzusu belə deyil. Əlbəttə, MDB məkanında bu qədər sistemli diplomatik fəaliyyət göstərən ikinci ölkə yoxdur.
İlham Əliyevin MBD məkanında əsas söz sahiblərindən biri olduğunu təsdiqləyən faktlardan biri də Ermənistanın Avrasiya İttifaqına üzvlüyü zamanı bir daha təsdiqləndi. Ermənistanın Avrasiya İttifaqına üzvlüyü qəbulu zamanı Avrasiya İttifaqını yaradan 3 dövlətdən ikisinin lideri - həm Qazaxıstan prezidenti Nazarbayev, həm də Belarus prezidenti Lukaşenko Sarkisyana etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməli olduğunu ən yüksək kürsülərdən səsləndirdi. Putinin şəxsi xahiş və təkidlərindən sonra Ermənistanın üzvlüyünə razılıq verildi.
Digərləri...
Vassal, 5 ildən bir yada düşən, dünyaya bağlanılan qapılar
Məsələn, MDB zəncirinin ilk həlqələrindən biri olan Ermənistan. SSRİ-dən çıxdığını elan etdiyi ilk gündən Rusiya asılılığında qalmağa üstünlük verən Ermənistan və bu ölkənin prezidentləri yalnız Moskvadan verilən tapşırıqları yerinə yetirərək, dünyanın bütün qapılarını bu dövlətin üzünə bağlayıb. Serj Sarkisyan da Ermənistanın Kreml tərəfindən təyin edilən prezidentlərindən sadəcə biridir.
Tacikistan və Özbəkistan da MDB məkanına daxil olan, amma dünyanın siyasi gündəmində adları nadir hallandırılan, çox vaxt isə çəkilməyən dövlətlərdir. Xarici siyasətdə Rusiyadan asılılığı olan bu iki ölkənin siyasi lider baxımından da bəxti gətirməyib. Yerli ictimaiyyət üçün qorxulu tiran obrazı yaratmağı bacaran tacik (İmaməli Rəhmon) və özbək (Şovkət Mirziyoyev) liderlər bundan o tərəfə keçə bilmirlər. Özbəkistan mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbsi hesabına bir müddət gündəmdə olsa da, Tacikistan 5 ildən bir keçirilən seçkilərdə yada düşür. MDB məkanına daxil olan Orta Asiyanın digər ölkəsi Türkmənistan da Özbəkistan və Tacikistan qədər qorxulu səssizlik içindədir, ancaq həm də Qərb və Rusiyanın diqqətini cəlb edən ölkə sayıla bilər. Lakin özünü əbədi prezident elan edərək Türkmənistan qapılarını dünyanın üzünə bağlayan Qurbanqulu Berdiməhəmmədovun yerli müxalifət və vətəndaş cəmiyyətinə qarşı radikal addımlarını "yada salan” yoxdur. Türkmənistanı ara-sıra xatırladan əsas məsələsi isə sözsüz ki, bu ölkənin sahib olduğu zəngin qaz yataqlarıdır.
Görməzdən gəlinənlər
Son illərdə iki inqilaba ev sahibliyi etmiş Qırğızıstan demokratik dünyaya açılmaqda xeyli məsafə qət etsə də, keçmiş prezident Almazbek Atambayev Amerikanın ölkəsindəki sonuncu hərbi bazasını da çıxararaq yenidən ölkəsini Rusiyanın siyasi təsir dairəsinə saldı. Yeni prezident Sooranbay Jeenbekov da Atambayevin kadrıdır, istər daxili, istərsə də xarici siyasətdə tutduğu mövqeyilə keçmiş həmkarından fərqlənmir, həmçinin o, yerli ictimaiyyətə də tanış sima deyil. Qərbin özü də keçən ilin son günlərində Qırğızıstanda baş tutmuş seçkilərə səssiz qaldı. Görünən budur ki, nə təbii ehtiyatlar, nə də geosiyasi mövqe baxımından əlverişli olan Qırğızıstan siyasi güclər arasında hələlik mübahisə predmeti deyil.
MDB-yə üzv olan digər dövlət- Moldova Ermənistandan sonra həm bu məkanın, həm də Avropanın ən kasıb ölkəsi statusunun sahibidir. Ərazilərinin bir hissəsi rus separatçılarının işğalı altında olan Moldovanı Rusiyanın adamı olduğu deyilən İqor Dodon idarə edir. Əgər bunu idarə etmək deyilərsə. Prezidentin səlahiyyətləri tez-tez dondurulur və bunu həm yerli, həm də əcnəbi ekspertlər "oyun” kimi qiymətləndirir. Böyük ölçüdə Rusiyadan asılı olan Moldova dəfələrlə bu təhlükədən qorunmaq üçün NATO və Avropa İttifaqına sığınmaq istəsə də, istədiyinə nail olmayıb. Hazırda da tərəflər arasında mübahisə məsələsi olmayan Moldovada xaotik vəziyyət hökm sürür. Cəmiyyət yeni seçdiyi Dodondan narazıdır, Rusiya müdaxilələr hesabına vəziyyətə nəzarəti əlində saxlayır. Qərb isə Moldovada baş verənlərə hələlik susqunluq nümayiş etdirir.
Ara-sıra yada düşənlər və Avropaya həsrət qalan prezident
Vaxtilə MDB-də təmsil olunan Gürcüstan və Ukraynada da fərqli mənzərə yoxdur. Düzdür, hər iki ölkəni idarə edən siyasi sistem Qərbin maraqlarına cavab verir, lakin iki dəfə Rusiya əleyhinə baş vermiş inqilabla hakimiyyətə gələn Qərbyönümlü siyasi qüvvələrin bu qazancı hər iki ölkəyə baha başa gəldi. Qərbin Gürcüstan və Ukraynada möhkəmlənməsindən ehtiyat edən Rusiya öz təhlükəsizliyini təmin etmək məqsədilə Gürcüstan və Ukrayna ərazilərini işğal etdi. Bu vəziyyətdə isə Qərb nə Ukraynanı, nə də Gürcüstanı müdafiə edir. Rusiya ilə təkbətək qalmış hər iki ölkənin Qərbdən imtina edərək yenidən Rusiyanın siyasi təsir dairəsinə qayıdacağı ehtimalları da hər gün artır. Gürcüstan – Ukrayna xətti üzərində yerləşən Belarusu isə Avropa İttifaqı dövlətlərinə səfərləri qadağan edilmiş Lukaşenko idarə edir. Müstəqilliyinin ilk illərindən Belarus Rusiyasız idarə oluna bilmir. Amma bütün bunlara baxmayaraq, Lukaşenko normal dövlətçilik və iqtisadiyyat qura bilib. Belarus məhsulları dünyada rəqabətə davamlı məhsullar sayılır. Son zamanlar Lukanşenko özünə yönələn təzyiqləri də azalda bilib. Qərb Belarus üzərindən embaqroları götürüb və artıq bu ölkə ilə Avropa Birliyi arasında istiləşmə meyilləri var. Lakin bu cəhətlər nəzərə alınmaqla belə, ölkənin MDB məkanında lider dövlət və söz sahibi olmaq şansları zəifdir.
"Cümhuriyət” Analitik Qrupu