Yuxarı

Hədəfdə 4 ölkə: Birinci kim olacaq?

Hədəfdə 4 ölkə: Birinci kim olacaq?

"İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir”.

"Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Deniel Kots Konqresin kəşfiyyat üzrə xüsusi komitədə keçirilən dinləmələrdə çıxışı zamanı deyib. D.Kots bildirib ki, İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə sərhədlərindən 2 min kilometr məsafədə olan hədəflərə zərbələr endirə bilər. Direktor vurğulayıb ki, Tehranın belə hərbi potensialı ABŞ, onarın regionda olan qoşunları və mütəffiqləri üçün təhlükəlidir. Kotsun sözlərinə görə, İran regionda ABŞ-ın və müttəfiqlərinin hərbi obyektlərini hədəf altında saxlamaq üçün silah sistemini gücləndirməyə davam edir.

ABŞ-ın hədəfindəki 2 ölkə

Milli Kəşfiyyat Agentliyi İranı regional təhlükələrə aid edib. Lakin Donald Tramp administrasiyası və ABŞ kəşfiyyatının regional təhlükələrə aid etdiyi ölkələr arasında təkcə İranın yox, Çin, Rusiya və Şimali Koreyanın da adları var. Amerika kəşfiyyatının son hesabatında iddia edilir ki, Çin və Rusiya ilə münasibətlərin tənzimlənməsində diplomatik variantlar tükənməsə də İran və Şimali Koreya ilə aqressor dilində danışmaqdan başqa digər imkanlar tamamilə məhduddur. Kəşfiyyat İran və Şimali Koreyanın yeni dünya müharibəsi riskini artırdığı diqqətə çatdırılır. "Soyuq müharibə”nin başa çatmasından sonra ilk dəfə olaraq, dünyada beynəlxalq silahlı qarşıdurma ehtimalının diqqət çəkildiyi hesabatda qeyd edilir ki, Şimali Koreya və İranın uzaqmənzilli, nüvə başlıqları ilə təchiz edilmək gücündə olan ballistik raketlərini sınaqdan keçirməsi gərgin diplomatik münasibətləri müharibə meydanına daşıya bilər.

"Yeni dünya müharibəsi ehtimalı hər keçən gün artır. Bu risk "Soyuq müharibə”nin başa çatmasından sonra ilk dəfə olaraq, ən yüksək səviyyəyə qalxıb. Supergüclər hər an öz mövqelərini aydınlaşdırmaq üçün silaha əl atıb bu müharibəni başlaya bilərlər. Əsas təhdidlər Şimali Koreya və İrandan gəlir. Görünən budur ki, ABŞ qarşıdakı illərdə Çin və Rusiya ilə bağlı planlarını həyata keçirmək üçün Şimali Koreya və İranın neytrallaşdırılması kimi ağır bir işin öhdəsindən gəlməyə çalışacaq”, - deyə Amerika KİV-ləri yazırlar.

ABŞ - Şimali Koreya gərginliyi

ABŞ prezidenti Donald Trampın öz səlahiyətinə başlamasının ilk günündə təhdid etdiyi iki ölkədən biri Şimali Koreya, digər İran idi. Şimali Koreyanı ölkəsinin əsas düşmənlərindən biri elan edən Ağ Ev başçısı Pxenyanın nüvə sınaqlarını dayandırıb Yaponiya və Cənubi Koreyanı təhdid vəziyyətindən çıxarmayacağı halda, alternativ variantlara əl atacaqlarını istisna etməyib. Müharibə Trampın mümkün variantları arasındadır. 

Lakin Amerikadan gələn təhdidləri o qədər də ciddi qəbul etməyən Şimali Koreya lideri Kim Çen İn öz nüvə arsenalını genişləndirməkdə və nüvə sınaqlarını davam etdirməkdə israrlıdır. Bir tərəfdən Şimali Koreyanı diplomatik masayadəvət etdiyi halda, digər yanda Cənubi Koreya və Yaponiyada hərbi qüvvələrinin sayını artıran ABŞ-ın müzakirələrə başlamaq təklifi də Kim Çen İn tərəfindən rədd edilir.

Artıq Şimali Koreya ABŞ-la müharibəyə hazır olduğunu açıqlayıb. Şimali Koreya ilk müdaxilə cəhdində ballistik raketlərlə Yaponiya üzərindən ABŞ-ın Quam adasındakı mövqelərini vurmağı planlaşdırır. Ada ətrafına ilk zərbələrini endirəndən sonra ABŞ prezidenti Şimali Koreyaya növbəti dəfə xəbərdarlıq edərək bildirdi ki, növbəti belə bir hərəkəti bu ölkəyə baha başa gələcək. Hazırkı vəziyyətdə də tərəflər biri-birinə qarşı əllərini tətiklərə aparmış kimi görünür. Ən kiçik anlaşılmazlıqda bunun böyük müharibəyə səbəb olacağı qaçılmazdır. Vəziyyətin kritik olduğunu nəzərə alan Rusiya və Çin demək olar ki, hər həftə Vaşinqton və Pxenyana müraciət edərək gərginliyi azaldacaq tədbirlərə əl atmağa çağırır. Xatırladaq ki, Şimali Koreyanın ABŞ-ı vura biləcək ballistik raket istehsal etməsi iki ölkə arasında gərginliyi pik həddə qaldırıb. Bundan sonra tərəflər arasındakı qızışan "söz dueli”nin silahlı qarşıdurmaya çevrilmə ehtimalı gündəmə gəlib.

İran - ABŞ gərginliyi

Qeyd etdiyimiz kimi, ABŞ-ın dünyanı təhdid etdiyini iddia etdiyi ikinci ölkə İrandır. Bu ölkə də Şimali Koreya ilə yanaşı, Pentaqonun hədəf taxtası qarşısında dayanıb. İranın 2015-ci ildə "Altılıq” ölkələri imzaladığı nüvə anlaşmasının şərtlərini pozaraq, gizli şəkildə atom bombaları istehsal etdiyini iddia edən ABŞ prezidenti bu anlaşmanı ləğv edərək bu ölkəyə qarşı alternativ variantlara üz tutacaqlarını bildirib. Trampın İrana qarşı olan variantları arasında hərbi müdaxilə var. Lakin İranın özünə qarşı hərbi müdaxilənin bir qədər riskli olduğunu da qəbul edən ABŞ bu ölkə ilə mövqelərini Yaxın Şərqdə - Suriyada aydınlaşdırmağa cəhd edə bilər. Son dönəmlərdə ABŞ kəşfiyyatı və hərbi dairələrinin yayımladıqları hesabatlarda da İranla Suriya üzərində müharibə müzakirələrinin getdiyinə işarə edilir.

Analitiklər tərəflər arasında nüvə anlaşmasının ləğv ediləcəyi halda, dünyanın təhlükəli müharibə ssenariləri qarşısında qalacağını iddia edirlər.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları