Yuxarı

Məkrli qonşudan uzaq müttəfiq yaxşıdır

Məkrli qonşudan  uzaq müttəfiq yaxşıdır

 

İran İsrail-Azərbaycan münasibətlərinin istiləşməsindən narahatdır

İsrailin baş naziri Binyamin Netanyahu dekabrda Azərbaycana səfər edəcək. Yəhudi hökumət başçısı Bakıda olarkən, İran prezidenti Həsən Ruhani Ermənistanın paytaxtına gedəcək. Həsən Ruhaninin İrəvan səfərini Netanyahunun Azərbaycana gəlişi ilə eyni vaxta salmasının ötürdüyü mesaj var. Əlbəttə, bu, Azərbaycana yönəlikdir. Bu, həmçinin düşmən və işğalçı Ermənistan qarşısında İranın Azərbaycana münasibətidir. Məlumdur ki, regionda Azərbaycan - İsrail münasibətlərindən narahat olan yegaınə dövlət İrandır.

O da məlumdur ki, İranın ali qanunlarında “İsraili dünya xəritəsindən silmək” iddiası müdafiə olunur. İsrail kimi super və nüvə gücü olan dövləti özünə “əbədi düşmən” elan etmiş İranın bu münasibətlərdən narahat olması anlaşılandır. Şübhəsiz ki, İsrail mediasının səfərdən əvvəl Azərbaycana dostluq mesajlarına və Netanyahunun Bakı səfərinə adekvat olaraq, Həsən Ruhani İrəvana gedir, doğrusunu desək, dini-siyasi iqtidar göndərir. Bu, bir daha molla rejiminin Ermənistanla birliyinin, Dağlıq Qarabağ münaqişəsində ermənilərin müdafiə edilməsinin elanıdır. Lakin İsraili siyasi və dini olaraq özünə düşmən elan etmiş İrandan fərqli olaraq, yəhudi dövləti Qarabağ məsələsində ümumi mövqe sərgiləmir. Azərbaycanın mövqeyini müdafiə edir, suverenliyini tanıyır. Halbuki qlobal siyasətdə dövlətlərin dini həmrəyliyinin nümayiş etdirdikləri, bu aspektdən birgə hərəkət xətti müəyyən etdikləri vaxt sözdə din qardaşı adlandırdığı Azərbaycanı İsrail yox, İran müdafiə etməliydi. Din, areal, dil və millət baxımından Azərbaycanla heç bir yaxınlığı olmayan İsrail İrandan onunla da fərqlənir ki, Azərbaycan müstəqilliyini elan edəndə bunu ilk tanıyanlar arasında məhz yəhudi İsrail vardı. Lakin aradan uzun illər keçməsinə baxmayaraq, İran Azərbaycanın suverenlik və müstəqilliyini həzm edə bilmir.

“Bakı hökuməti”

İranın Azərbaycana düşməncə münasibətini bu ölkənin Bakıda fəaliyyət göstərən səfirliyindən də görmək mümkündür. İranın Azərbaycandakı səfirliyinin yerləşdiyi bina üzərində fars dilində “İran səfirliyi” yazılıb. Halbuki bu, “İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi” formasında olmalıydı. Bir neçə il əvvəl səfirliyin binasında “İran İslam Respublikasının Bakıdakı səfirliyi” sözü yazılmışdı. Mərhum prezident Heydər Əliyevin təşəbbüsü ilə bu dəyişdirildi. Lakin yenə də farsların molla rejimi şovinist əməlindən əl çəkmədi. Uzun illərdir ki, səfirlikdə “İran İslam Respublikasının səfirliyi” sözü qalır. Dəyişdirmək fikirləri də yoxdur. İranın Azərbaycanı dövlət olaraq qəbul etməməsi farsların ölkəsində fəaliyyət göstərən media qurumlarından da görmək mümkündür. Fars mənbələrində “Azərbaycan hakimiyyəti” ibarəsinə rast gəlmək müşkül məsələdir. Telekanal, radio və qəzetləri Azərbaycan hakimiyyəti əvəzinə, “Bakı hökuməti” yazırlar. Halbuki dəfələrlə sıravi Azərbaycan vətəndaşının belə sosial şəbəkədə “İran adlanan yer” yazmasını rəsmi səviyyədə müzakirəyə çıxarıb, Azərbaycana nota verib. Jurnalistin şəxsi fikirlərini Azərbaycan hakimiyyətinin İran - Azərbaycan münasibətlərini pozacaq  fəaliyyəti adlandıraraq, rəsmi Bakıdan açıqlama tələb edib.

Azərbaycan İsraildə səfirlik açarsa

İsrail İrandan fərqli olaraq, Azərbaycana dost, müttəfiq və vacib tərəfdaşdır. İsrail o ölkədir ki, məhdud sayda satdığı “Dəmir gümbəz” raket hücumlarından müdafiə sistemini Azərbaycana güzəştlə satıb. İsrail Azərbaycanı düşmən hücumlarından müdafiə etdiyi halda hələ Qarabağ savaşında Ermənistana hər cür yardım edən İran nədənsə ölkəmizə qarşı içində bəslədiyi kin və nifrətindən xilas ola bilmir. Tehranda başa düşürlər ki, Azərbaycan İran üçün təhlükə deyil. BMT və digər səviyyələrdə İranın ərazi bütövlüyünü mövcud sərhədləriylə tanıyıb. Heç Azərbaycan Respublikasının gündəliyində tarixə istinad edərək, Güney Azərbaycanı özünə ilhaq etmək məsələsi də yoxdur. Heç Güneydəki Milli Oyanış Hərəkatına Bakıdan siyasi dəstək də verilmir. Amma İranın içində bu kini hansı səbəbdən bəsləyib böyütdüyünü anlamırıq. Səbəb nədir, farslar nəyi həzm edə bilmirlər? Bizləri parçalayan farslar, 35 milyon türklə əsir kimi davranan farslar, türklərə heç bir haqq, hüquq tanımayan yenə farslar, istehsal etdiyi ən keyfiyyətsiz ərzaq və dərman məhsullarını Azərbaycana satan yenə farslar. Bizim İran adlanan o ölkənin molla rejiminə nifrət etməmiz üçün kifayət qədər səbəblərimiz var, və buna səbəbi də o molla rejimi verib. Lakin bunu etmirik, bəlkə də elə burada səhv edirik, bəlkə də bizim İrana loyal münasibətimizdə elə ən böyük səhvimiz də unutqanlığımızdır. Bəlkə fars rejiminin bilməyərəkdən belə Güneydə bir nəfərimizin burnunu qanatmasını təqvimdə rəngləyək? Unutmamaq üçün... Düşünmək lazımdır.

Yəni, ən adi səfərdən gəldikləri qənaət budursa ki, “İsrail və Azərbaycan İrana qarşı birləşir”,  o zaman Azərbaycan İsraildə səfirlik açsa, nə baş verər? Dəqiq bilirik ki, Azərbaycan İsraildə səfirlik açması məsələsini gündəmə gətirsə, Tehran sərhədləri bağlayıb Azərbaycana müharibə də elan edər. Əlbəttə, ən aşağı səviyyədə səsləndirilmiş ictimai fikri özünə qarşı “təhlükə” görüb, bundan “fil” düzəldən bir dövlətin hakimiyyəti ancaq bu böyüklükdə ola bilər, dar düşüncəsi qədər.

Amma atalar da yaxşı deyib, sirkə nə qədər tünd olarsa, öz qabın çatladar.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları