Yuxarı

ABŞ səfəri nə vəd edir?

ABŞ səfəri nə vəd edir?

İlham Əliyev ABŞ-da kimlə nəyi müzakirə edəcək?

Natiq Miri: “ABŞ Azərbaycanda köklü dəyişikliklər istəyir”

Martın 31-də Azərbaycan prezidenti İlham Əliyevin Beynəlxalq Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün ABŞ-a səfəri gözlənilir. Azərbaycanın Qərblə münasibətlərində hiss olunan siyasi yumşalma fonunda  Azərbycan prezidentinin ABŞ-a səfəri qarşılıqlı dialoqun dərinləşməsi baxımından mühüm fürsət kimi dəyərləndirilir. Rəsmi Bakı son günlər siyasi məhbusları azad etməyə başlayıb, ABŞ-la müdafiə məsələləri üzrə məsləhətləşmələri bərpa edib, Avropa Birliyi ilə dialoq yenidən qurulub.

Əgər iki ay öncə Azərbaycana qarşı ABŞ-ın sanksiyalar tətbiq etməsi məsələləsi gündəmdə idisə, bu gün situasiya xeyli dəyişib. Sanksiyalar təhlükəsi aradan qalxıb və rəsmi Bakı Qərbin tələbləri qarşısında geri çəkildiyini açıq büruzə verir. Təbii ki, Azərbaycan da ABŞ və Avropa ilə əməkdaşlığın dərinləşməsinə qarşılıq olaraq Qərbdən yeni addımların atılmasında maraqlıdır. Bunlar isə ikitərəfli müzakirələrin nəticəsindən asılı olacaq. Prezident Adminstrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun bir neçə gün öncə verdiyi açıqlama da rəsmi Bakının Vaşinqton sammiti çərçivəsində aparılacaq danışıqlardan mühüm gözləntilərinin   olduğunu göstərir: “Ölkə başçısı da Azərbaycanın gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı sammitdə çıxış edəcək. Bu sammitin ikinci tərəfdən əhəmiyyəti ondan ibarətdir ki, orada müxtəlif görüşlər, danışıqlar olur. Həmin danışıqlar nəticəsində də, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı irəliyə doğru addımlar atılır".

N.Məmmədov bildirib ki, bütün bu məsələləri nəzərə alaraq görüşün böyük əhəmiyyət kəsb etdiyini düşünür.

Ancaq  prezident İlham Əliyevin ABŞ-ın dövlət rəsmilərindən kimlərlə görüşəcəyinə dair konkret məlumat yoxdur. Bəzi ehtimallara görə, bu müzakirələr ABŞ prezidenti ilə olmasa da, dövlət katibi Con Kerri səviyyəsində reallaşa bilər. Ən vacib olan məsələ isə Azərbaycanla ABŞ arasında bir ildən artıqdır zəifləmiş siyasi münasibətləri bərpa edərək yeni müstəviyə qaldırmaqdır. Buna nail olmaq üçün isə son dövrlər əlverişli şərait yaranıb.

Politoloq Natiq Miri hesab edir ki, Azərbaycan hakimiyyətinin axır vaxtlar atdığı addımlar Qərbdə, o cümlədən ABŞ tərəfindən təqdir edilir. Lakin bu prosesin davamlı olması, siyasi məhbusların hamısının azadlığa buraxılması tələbi gündəmdədir: “Bu o deməkdir ki, Azərbaycandan gözləntilər davamlı olacaq və insan haqları problemi tam həllini tapmayana qədər Azərbaycan hakimiyyətinin başının üstündən asılı qalacaq. Düşünürəm ki, 14 nəfər siyasi məhbusun azadlığa buraxılması, həmçinin İntiqam Əliyevin məhkəmə tərəfindən şərti cəza ilə azadlığa buraxılması da ABŞ tərəfindən müsbət dəyərləndiriləcək. Yəqin ki, Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində ABŞ rəsmiləri ilə Azərbaycan prezidentinin görüşü olacaq. Ən azı Azərbaycan əleyhinə sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflərin müəllifi senator Kristofer Smitlə də prezident  İham Əliyevin görüşü keçirilə bilər.  Sammitin gündəliyinin sıx olduğunu nəzərə alsaq, Azərbaycan dövlət başçısının prezident Barak Obama ilə görüşə bilməsə də, ABŞ dövlət katibinin müavinləri və köməkçiləri ilə görüşəcəyi istisna deyil. Bu danışıqlarda Azərbaycanda yalnız insan haqları və siyasi məhbus problemi müzakirə olunmayacaq. ABŞ Azərbaycanda bir çox islahatların aparılmasında maraqlıdır və bu prosesə ciddi dəstək verəcəklərini bəyan edir. Bu baxımdan, Azərbaycan hakimiyyətindən müəyyən gözləntilər var. ABŞ Azərbaycanın yeni iqtisadi model üzrə oturuşmasını və bu istiqamətdə müəyyən addımların atılmasını dəstəkləyir. Həmin  proses Azərbaycanda çox zəif gedir. Ona görə də bu yöndə ABŞ-la Azərbaycan arasında müzakirələrin aparılması gözlənilir. Çünki bu, Azərbaycan üçün yeni bir sistemdir. Belə bir iqtisadi sistemin formalaşması üçün Azərbaycanda siyasi islahatların həyata keçirilməsi vacibdir. Cünki siyasi islahatlar olmadan liberal iqtisadi islahatların aparılması müsbət nəticə verə bilməz. Ona görə də yeni iqtisadi və siyasi modelin formalaşmasına nail olması üçün ABŞ-ın dəstəyinə ehtiyacı var. Bu baxımdan da Azərbaycan prezidentinin keçirəcəyi görüşlərdə bu məsələlər müzakirə obyekti ola bilər. İnsan haqları problemi isə Dövlət Departamenti və dövlət katibinin müavinləri və köməkçiləri səviyyəsində də həll oluna bilər”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları