Yuxarı

Moskva güzəştə hazırlaşır

Moskva güzəştə hazırlaşır

Məqsəd Qafqaz ölkələrinin könlünü almaq, ABŞ-ı bölgədən uzaqlaşdırmaqdır Cümşüd Nuriyev: “Artıq bizdən çəkinirlər” Əliməmməd Nuriyev: “Laçın dəhlizinin açılmasıyla bağlı da referenduma ehtiyac var” Ermənistan xarici işlər naziri Edvard Nalbandyan sensassion bəyanatla çıxış edib.  Nazir Azərbaycan və Ermənistan arasında Qarabağ nizamlanması üzrə predmeti açıqlayıb. Nalbandyanın sözlərinə görə, tərəflərin müzakirə etdiyi işçi sənədlər əvvəllər müzakirə edilənlərdir. Tərəqqiyə nail olunmamış sənədlər ATƏT-in Vyanadakı ofisinə saxlanmaq üçün verilir: “Hələ ki saxlanmaq üçün verilməmiş sənəd Kazan sənədidir. Bütün digər şərhlər yersizdir”. Kazan sənədinə (yenilənmiş “Madrid prinsipləri”) əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan işğalçı qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov da Dağlıq Qarabağla bağlı planın yaxın vaxtlarda işə düşəcəyini söyləyib. Markov qeyd edib ki, ATƏT-in Minsk qrupunun da razılaşdığı, vaxtilə Kazanda təklif olunan formul yaxın vaxtlarda tətbiq olunacaq: “Həmin formula əsasən ilk olaraq, Ermənistan işğalı altında olan 5 rayon Azərbaycana geri qaytarılacaq. Azərbaycan həmin ərazilərə vaxtı ilə oradan məcburi köçkün düşmüş vətəndaşlarını yerləşdirəcək. Daha sonra isə işğal altındakı 2 rayon və Dağlıq Qarabağın qaytarılması məsələsinə baxılacaq”. Kremlin yeni Gürcüstan və Azərbaycan planı Gələn məlumatlara görə, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll təklifini qəbul edib. Bildirilir ki, münaqişənin həllindən sonra Azərbaycanın Avrasiya İttifaqına daxil olması müqabilində rəsmi İrəvan Moskvadan olunan təzyiqlərə adekvat cavab verərək, Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyətin verilməsinə qismən loyal yanaşıb. Lakin bundan əvvəl 6 rayonun azad olunması məsələsinə birmənalı şəkildə müsbət cavab verib. Qeyd olunur ki, Rusiya ABŞ-ın regionda artan nüfuzunun qarşısını almaq üçün Dağlıq Qarabağla yanaşı Gürcüstana məxsus Abxaziya və Cənubi Osetiya bölgələrini də geri qaytarmağa hazırlaşır. Yaxın aylarda Gürcüstan, Azərbaycan, Rusiya və Ermənistan formatında görüşün keçiriləcəyi də gələn məlumatlar arasındadır. Kreml münaqişələri il ərzində həll etməklə Cənubi Qafqaz ölkələri və Rusiyanı birləşdirəcək Azad İqtisadi Zona yaratmağı planlaşdırır. Azərbaycan və Gürcüstan tərəflərinin Rusiya verdiyi vədlərə əməl edəcəyi halda, buna loyal münasibət bildirəcəkləri deyilir. Siyasi tələ, yoxsa qorxu? Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə bildirib ki, 5+2 formulu Azərbaycan üçün siyasi tələdir. C.Nuriyev hesab edir ki, 6 rayonun qaytarılması və Laçın dəhlizinin açılması təklifi Azərbaycan üçün uyğun olmasa belə, bun ordumuzun qazandığı uğurun nəticəsidir: “Ermənistan başa düşür ki, Azərbaycan növbəti dəfə hərbi əməliyyatlara başlasa bu, Dağlıq Qarabağın azad olunmasıyla nəticələnəcək. Buna görə də, bu addımı atmaq məcburiyyətində qalıb. Rusiya üçün isə münaqişənin dondurulmuş vəziyyətdə qalması sərfəlidir. Qafqaz uğrunda ABŞ və Rusiya arasında hal-hazırda döyüş gedir. Azərbaycan da hər ikisindən yararlanmağa çalışır. Son proseslər Azərbaycan xalqının birliyini ortaya qoyduğuna görə, artıq çəkinirlər. Əgər vahid vahiddirsə, onu yıxmaq mümkün deyil”. Heydər Əliyev variantı Cümşüd Nuriyevin sözlərinə görə, 6 rayonun qaytarılması müqabilində Azərbaycan Rusiyanın irəli sürdüyü şərtləri bilir: “Bu, təkliflərdən biri Azərbaycan Avrasiya İttifaqına daxil olmasıdır. Vahid iqtisadi məkanın yaradılması, dövlət və hava sərhədlərinin birgə qorunması da bura daxildir. Bunlar Azərbaycan üçün qəbulolunmazdır. 1994-cü ildə 5 illik xüsusi əlavələrlə bu şərtləri qəbul etmişdik. Göstərmişdik ki, 5 il ərzində Azərbaycanın ərazi bütövlüyü bərpa olunmasa, Azərbaycan birtərəfli şəkildə KTMT-dən də çıxır və bütün bu şərtləri qəbul etmir. Azərbaycanı buna sürükləyirlər. Bununla bağlı Heydər Əliyev nümunəsi var, indi də bunu etmək olar. Şərtləri xüsusi əlavələrlə qeyd etmək olar ki, 5 il ərzində Azərbaycan ərazi bütövlüyü bərpa olunsun və Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınsın. Azərbaycan bu halda hansısa ittifaqa qoşula bilər. Azərbaycanın maraqları xatirinə, Rusiyaya bir araya gəlmək məcburiyyətindəyik”. Referendum variantı Sabiq millət vəkili, hüquqşünas Əliməmməd Nuriyevin “Cümhuriyət”ə dediyinə görə, Ermənistan təkid edir ki, ətraf rayonlar qaytarılmasıyla yanaşı Dağlıq Qarabağla bağlı status-kvo da müəyyən olunsun. Ə.Nuriyev qeyd edib ki, ermənilər ətraf rayonların qaytarılmasından sonra referendum keçirməklə Dağlıq Qarabağı “müstəqil dövlət” elan etmək istəyirlər: “Azərbaycan isə məsələyə mərhələli yanaşmanı dəstəkləyir. Əvvəlcə rayonlar qaytarılmalıdır və köçkünlər öz yerlərinə qaytarılmaqla Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması üçün referendum keçirilməlidir. Dağlıq Qarabağa Azərbaycan qanunvericiliyi tərkibində muxtariyyətin verilməsi də müzakirə mövzusu ola bilər. Qalan variantlar isə mümkün deyil. Məsələ həllini tapdıqdan sonra sülhməramlı qoşunların Dağlıq Qarabağa yerləşdirilməsi də müzakirə mövzusudur. Dağlıq Qarabağla Ermənistan arasında Laçın dəhlizinin açılmasıyla yanaşı, Naxçıvanı Azərbaycanla birləşdirən quru yolu da açılmalıdır. Keçiriləcək referendumda da təkcə Dağlıq Qarabağ sakinləri yox, işğal altında olan bütün rayonların da sakinləri iştirak etməlidirlər. Laçın dəhlizinin açılmasıyla bağlı da referenduma ehtiyac var”. Mənsur  





Həftənin ən çox oxunanları