Yuxarı

Qarabağ planının detalları

Qarabağ  planının detalları

  Tərəfləri ağır danışıqlar gözləyir Elxan Şahinoğlu: “Rusiya Ermənistanın istəyi əsasında referendum tarixini də gündəmə gətirə bilər” Üzeyir Cəfərov: “Lavrov vaxt udmağa çalışır” Arzu Nağıyev: “Sülhməramlı qüvvələrin cəbhə xətti boyunca yerləşdirilməsi düzgün olmaz” Yaxın zamanda Dağlıq Qarabağla bağlı başlayacaq intensiv danışıqlarda Rusiya və bu ölkənin prezidenti Vladimir Putin kompromis əldə edilməsinə çalışacaq. Cebhe.info xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” nəşrinin diplomatik mənbələrdən əldə etdiyi məlumat erməni mətbuatında və istimaiyyətində böyük səs-küyə səbəb olub. Belə ki, erməni mətbuatı Rusiyanın danışıqlarda intensiv iştirakının danışıqların inkişafına mümkün təsirindən yazır. Qeyd edək ki, “İzvestiya” nəşri diplomatik mənbələrə əsasən xəbər verib ki, rusiyalı lider hər iki tərəfdən olan siyasətçiləri kompromisin vacibliyinə inandırmağa çalışacaq. “Danışıqlar hərbi əməliyyatların dayandırılmasına gəlib çatanda hər iki tərəf danışıqlar masası ətrafında oturmağa razıdır. Ancaq dərhal da qarşılıqlı ittihamlar və ərazi məsələsi xatırlanır və həlledilməz qalır. Ağır danışıqlar olacaq və burda Rusiyasız keçinmək mümkün deyil” deyə mənbə bildirib. Erməni mətbuatı ölkə prezidentinin mətbuat xidmətinə istinadən bildirib ki, Rusiya tərəfindən müraciət olunub, ancaq hələlik yüksək səviyyədə müzakirə edilməyib. Aprelin 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri də məhz münaqişənin həlli istiqamətindəki növbəti addım kimi qiymətləndirilir. “Rusiyanın planı odur ki, bəzi ərazilər Azərbaycana qaytarılsın, münaqişə zonasında rus sülhməramlıları yerləşdirilsin, məcburi köçkünlər qaytarılsın və Qarabağ legitimləşdirilsin. Yəni bura açıq sərhədlər və iqtisadi əlaqələrin bərpası daxildir. Daha sonra isə referendum keçirilməsi planlaşdırılır, ancaq heç bir tərəf onun mənafeyinə uyğun olmadığı təqdirdə referendumla razılaşmır” deyə mənbə vurğulayıb. “Kommersant”ın Kremldəki mənbələrə istinadən yazdığına görə isə, Rusiyanın məsələnin həllinə ciddi müdaxiləsi problemin Qərbin iştirakı olmadan həllinə şərait yarada bilər. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın sözlərinə görə, əsas müzakirə obyekti Kazan sənədi olmalıdır. Rusiyanın təşəbbüsü ilə illər əvvəl Kazanda keçirilən görüşdə tərəflər “yol xəritəsi” üzərində müzakirələr aparıb. Bu sənədə əsasən Azərbaycana Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Füzulinin bir hisssi, Ağdamın işğaldakı əraziləri və Laşının 13 kəndi qaytarılır. Laçın dəhlizinin açılması və bir neçə il sonra referendumun keçirilməsi də sənəddə əksini tapıb. Bakıda isə Rusyanın Qarabağ planı ciddi qarşılanmır. “Rusiyalı rəsmilər və diplomatların Dağlıq Qarabağ münaqişəsinin həll prosesində aktivləşməsindən optimist deyiləm”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Rusiya Xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini “Cümhuriyət”ə şərh edərkən belə deyib. E.Şahinoğlunun sözlərinə görə, Kreml Qarabağətrafı rayonların qaytarılması məsələsində Dağlıq Qarabağın statusu faktorunu irəli sürə bilər: “Ətraf rayonların boşaldılması məsələsi var. Amma eyni zamanda Rusiya Ermənistanın istəyi əsasında referendum tarixini də gündəmə gətirə bilər. Bu, Azərbaycanın maraqlarına uyğun deyil. Lakin Lavrov Bakıya bundan əvvəlki səfərində bildirdi ki, 7 rayonun boşaldılmasıyla yanaşı Qarabağın statusu məsələsinin həlli də nəzərdə tutulur. Azərbaycan ilkin şərt irəli sürülmədən 7 rayonun boşaldılmasını tələb edir”. “Lavrov qeyri-ciddi siyasətçidir” Hərbi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət”ə açıqlamasında Lavrovun Bakıya vaxt udmağa gəldiyini deyib. Ü.Cəfərovun sözlərinə görə, Lavrov baş nazir Dmitri Medyevdən ranqda üstün deyil:“Medvedyev Azərbaycan və Ermənistan səfərindən sonra bəyanat verdi ki, mövcud status-kvo dəyişməz qalsa daha yaxşıdır. Bunu Rusiyanın baş naziri deyir. Lavrov vaxt udmağa çalışır və müəyyən məqsədlərə xidmət edən fəaliyyət göstərir. Gahdeyirki, heçbirplanıyoxdur, gah da deyirki, var. Ona heç vaxt inanmamışam və qeyri-ciddi siyasətçi kimi qəbul etmişəm. Düşünmürəm ki, Lavrov münaqişədə hansısa məsələni həll edə bilər. 7 rayon məsələsi də baş qatmaq üçün ortaya atılmış fikirdir. Çünki Ermənistan döyüş bölgəsinə hərbi qüvvə və texnika toplamaqla öz çirkin məqsədlərini həyata keçirmək istəyir. Azərbaycan bunu diqqətdə saxlamalıdır. Sabah döyüş əməliyyatları başlasa, çox ağır fəsadlar ola bilər. Lavrov da bundan əvvəl regiona səfərindən Moskvaya qayıtdıqdan sonra bir kəlmə ilə belə işğalçını öz adıyla çağırmadı. Nə Lavrov, nə də digəri BMT Təhlükəsizlik Şurasından üstün ola bilər”. Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyevin sözlərinə görə, Azərbaycan münaqişənin həlli istiqamətində zəruri olan 3 variantdan birini yerinə yetirib. Bunlardan biri danışıqlar yolu, ikincisi, ATƏT-in Mİnsk Qrupunun vasitəçiliyi ilə problemin həllinə nail olunması, üçüncü variant isə Azərbaycanın güc yolu ilə öz torpaqlarını işğaldan azad etməsidir: “Bu gün Azərbaycan Ermənistanı danışıq masasına əyləşdirmək üçün güc nümayiş etdirib və üstünlük əldə edib. Heç kim Azərbaycana diktə edə bilməz ki, danışıqlar hansı məcraya yönəlsin. Dağlıq Qarabağ probleminin həlli istiqamətində “Madrid prinsipləri”, bir də Rusiyanın təklif etdiyi və Ermənistanın xarici işlər naziri Nalbandyanın da dəfələrlə təkrar etdiyi “Kazan prinsipləri” var. Ermənistan “Kazan prinsipləri”ni qabartmaqla Rusiyanın rolunu artırmaq üçün məqsədyönlü hərəkətlər edir. “Kazan prinsipləri”nə görə, Azərbaycanın 5 rayonunun və  Laçın rayonunun 13 kəndinin azad edilməsi, sonra Laçın və Kəlbəcər rayonlarının azad edilməsi, Ermənistanla-Dağlıq Qarabağ arasında dəhlizin verilməsi, bölgəyə sülhməramlıların yerləşdirilməsi və sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi nəzərdə tutulur. Azərbaycan birinci şərt kimi ərazi bütövlüyü və 5 rayonun işğaldan azad edilməsi məsələsini gündəmə gətirir. Sülhməramlı qüvvələrin tərkibi və mandatının kimə aid olması dəqiqləşdikdən sonra buna baxmaq olar”. Qeyd edək ki, münaqişənin həllinə dair Rusiyanın təkliflərinin əksəriyyəti “Madrid prinsipləri” ilə üst-üstə düşür. Burada əsas ziddiyyətli məqam sülhməramlıların tərkibi ilə bağlıdır. Rusiya öz qoşunlarını sülhməramlı mandatı ilə Azərbaycan ərazisinə yerləşdirmək istəyir. İstər rəsmi Bakının, istər Qərbin buna razı olacağı inandırıcı görünmür. Arzu Nağıyev hesab edir ki, ərazilər işğaldan azad edilmədən sülhməramlı qüvvələrin cəbhə xətti boyunca yerləşdirilməsi düzgün olmaz. Əks təqdirdə, Azərbaycan öz ərazilərini azad etmək üçün hərbi əməliyyatlar keçirmək imkanından məhrum ola bilər. Ekspert onu da bildirdi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmadığına görə Rusiya öz sülhməramlılarını təkbaşına Dağlıq Qarabağa yerləşdirə bilməz. Digər tərəfdən, sülhməramlılar ATƏT-in Minsk Qrupunun mandatına uyğun formalaşacaq ki, bu da bölgəyə yalnız Rusiyanın sülhməramlı göndərməsini mümkünsüz edir. Mənsur Müşfiq





Həftənin ən çox oxunanları