Yuxarı

Qarabağda müharibə hazırlığı

Qarabağda müharibə hazırlığı

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu bölgəyə səfər edib. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Ermənistanla may ayının 16-da danışıqlar bərpa edildikdən sonra qoşunların təmas xəttində nisbi sakitlik müşahidə olunsa da Azərbaycan tərəfi ehtiyatı əldən vermir. Görünür, rəsmi Bakı iyunun ikinci yarısında Azərbaycan və Ermənistan prezidentlərinin gözlənilən görüşü ərəfəsində danışıqlara diplomatik üstünlüklə getməklə yanaşı, hərbi sahədə də fəallığı artırmağa çalışır.

Çünki danışıqların müsbət nəticə verməyəcəyi təqdirdə, Azərbaycan tərəfinin işğal altındakı torpaqları azad etmək üçün yenidən hərbi əməliyyatlara başlayacağı da istisna deyil. Dövlət başçısı İlham Əliyev də Almaniyaya səfəri zamanı atəşkəsin kövrək və dayanıqlı olmadığını, eyni zamanda status-kvonun dəyişdirilməsinin zəruriliyini vurğulayıb. Bununla da prezident status-kvonun dəyişməyəcəyi və münaqişənin beynəlxalq hüquq normalarına uyğun həll edilməyəcəyi təqdirdə atəşkəsin pozula biləcəyi mesajını verib. Nazir Zakir Həsənovun da prezidentlərin görüşü öncəsi məhz İlham Əliyevin xüsusi tapşırığı əsasında cəbhə bölgəsinə səfər etməsi Azərbaycanın həm diplomatik, həm də hərbi müstəvidə hərəkətlənməyə başladığını göstərir.

Rəsmi Bakı böyük ehtimalla bu addımları paralel şəkildə atmaqla danışıqlar prosesində öz iradəsini nümayiş etdirməyə çalışır. Bu isə görüşün növbəti mərhələsində Ermənistanı müəyyən siyasi güzəştlərə vadar etmək üçün əlverişli imkan yarada bilər. Çünki son zamanlar status-kvonun dəyişilməsi fikrini beynəlxalaq vasitəçilər də etiraf edirlər. Eyni zamanda, Ermənistanın da bağlı qapılar arxasında bu təklifə razılaşmaq üzrə olduğuna dair informasiyalar var. Hətta prezident Serj Sarkisyanın münaqişənin mərhələli həllinə razılıq verdiyi barədə xəbərlər Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların qaytarılması üçün ciddi siyasi əsas yaradır. Məlumdur ki, Ermənistan ətraf rayonları qaytarmaqdan imtina etsə, status-kvo aprel ayının əvvəlindəki vəziyyətə qayıda bilər. Azərbaycan isə buna qətiyyən razılaşmayacaq. Ona görə də hərbi əməliyyatların bərpa olunması Ermənistanın özünü danışıqlar prosesində necə aparmasından asılıdır.

Serj Sarkisyan isə Vyana danışıqlarının şərtlərinə əməl etməyə hazır olduğunu deyib. Amma burada hansı şərtləri nəzərdə tutduğunu açıqlamayıb. Vaxt isə getdikcə azalır və yəqin ki, Praqa görüşünün nəticələri prosesi çox dəyişə bilər. Ya münaqişənin sülh yolu ilə həllinə, ya da döyüşlərin yenidən başlanmasına doğru.

Müşfiq





Həftənin ən çox oxunanları