Yuxarı

Ərazi bütövlüyünə zidd “yol xəritəsi”

Ərazi bütövlüyünə zidd “yol xəritəsi”

Qarabağa dair rus planı maraqlarımıza uyğun deyil

ABŞ-ın dövlət katibi Con Kerri bu gün Rusiyaya rəsmi səfərə gəlir. Moskvada aparılacaq müzakirələrin məzmunu Azərbaycanda da diqqətlə izlənir. Çünki Con Kerri Kremldə Suriya, Ukrayna və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin ardından ABŞ-ın xarici siyasət rəhbərinin Moskvada Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları ilə bağlı aparacağı danışıqlar arasında siyasi əlaqənin olduğu istisna edilmir. Analitiklərin fikrincə, Con Kerri Rusiyaya Dağlıq Qarabağ probleminin həllinə dair konkret təkliflərlə gələ bilər.

Belə ki, Suriya və Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı tərəflər arasında anlaşma əldə olunacağı təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ probleminin Rusiyanın təklif etdiyi “Kazan formulu” üzrə həllinə razılıq verəcəyi haqda proqnozlar səslənir. Digər ehtimallara görə, ABŞ-ın Dağlıq Qarabağ probleminə yanaşmasında NATO-nun iyulun 8-də Varşavada qəbul edilmiş bəyanatının prinsipləri əsas götürülə bilər. Rusiyanın “yol xəritəsi” Azərbaycan tərəfindən qəbul olunmazsa, rəsmi Bakı ABŞ-ın təkliflərinə üstünlük verə bilər.

Siyasi ekspertlər hesab edir ki, aprel ayında cəbhə xəttində baş vermiş döyüşlərdən sonra Rusiya status-kvonun dəyişməsindən ehtiyat edir. Ona görə də müəyyən güzəştlərə razı salmaq üçün Rusiyanın Ermənistana təzyiqləri artıracağı istisna deyil. Bunun nə qədər real olması isə Rusiya prezidenti Vladimir Putinin avqust ayında Bakıya rəsmi səfəri zamanı dəqiq məlum olacaq. Çox güman ki, Kreml bölgəyə təsir imkanlarını saxlamaq üçün Dağlıq Qarabağ probleminin mərhələli həlli müqabilində, Azərbaycan ərazisinə Rusiya qoşunlarının ATƏT-in sülhməramlı mandatı altında yerləşdirilməsini təklif edəcək. Ancaq bu plan ABŞ-ın və Qərbin maraqlarına cavab vermir. Azərbaycan Qərb üçün strateji tərəfdaş rolunu oynayan dövlətlərdən biridir. Bu baxımdan, Rusiya hərbi qüvvələrinin Dağlıq Qarabağa yerləşdirilməsi Azərbaycanın müstəqil enerji siyasəti yürütməsinə təhlükə kimi qəbul olunur. Ona görə də bəzi politoloqların rəyinə görə, ABŞ Rusiya sülhməramlılarının Azərbaycan ərazisinə gətirilməsi şərti istisna olmaqla, münaqişənin “Kazan formulu” əsasında nizamlanmasına razılıq verə bilər. Lakin Rusiyanın planı heç də münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsini nəzərdə tutmur. Çünki rəsmi Moskva Dağlıq Qarabağın aralıq statusunun müəyyənləşməsini və bu məqsədlə erməni icması arasında referendumun keçirilməsi prinsipini irəli sürür. Digər tərəfdən, Rusiya-Türkiyə münasibətlərindəki gərginliyin aradan qaldırılması Ankaranın Dağlıq Qarabağ probleminə təsir imkanlarını artıra bilər.

Ekspertlərin qənaətincə, Moskvadakı müzakirələrdə Suriya və Ukraynaya dair məsələlər daha çox diqqət mərkəzində olacaq. Azərbaycan ABŞ üçün daha uzaq geosiyasi məkandır. Azərbaycan Avropanın enerji təhlükəsizliyində və terrorizmə qarşı mübarizədəki rolu ilə ABŞ-ın diqqətini cəlb edir. Azərbaycan ABŞ-ın Mərkəzi Asiyaya çıxış körpüsü rolunu oynayır. Rusiyanın isə Ermənistandan fərqli olaraq, Azərbaycana təsir imkanları yüksək deyil. Rusiya Azərbaycanı öz orbitinə daxil etmək üçün sülhməramlı qüvvələrini Dağlıq Qarabağa yerləşdirmək, Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etmək üzərində düşünür. Ancaq rəsmi Bakının bu şərtlərə razılıq verməyəcəyi təqdirdə, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacağını söyləmək inandırıcı görünmür. Siyasi təhlillər göstərir ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində yerləşdiriliməsi Cənubi Qafqazın Rusiyanın təsir dairəsinə keçməsinə şərait yarada bilər. Bu səbəbdən Vaşinqtonun Kremlin planlarına razılıq verəcəyi inandırıcı görünmür. Digər amil Gürcüstanın Avroatlantik məkana və “Şengen” vizası zonasına inteqrasiyasının təmin olunmasında Azərbaycanın dəstəyini təmin etməkdir. ABŞ Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında və Qərbə inteqrasiyasında Azərbaycanın rolunu nəzərə alır.

Ona görə də politoloqlar hesab edir ki, ABŞ-ın Cənubi Qafqazla bağlı Rusiya ilə siyasi bazarlaşmaya getməsi real görünmür. Amerika ən yaxşı halda Rusiyanın Cənubi Qafqazda “Pirr qələbəsi”nə razılıq verə bilər.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları