Yuxarı

Şok Qarabağ anlaşması

Şok Qarabağ anlaşması

Avropaya qarşı ”Türk axını” reallaşır

Tahir Kərimli: “Moskva istəməz ki, Türkiyə-Ermənistan münasibətləri yaxşılaşsın”

Elxan Şahinoğlu: “Rusiya çalışır ki, Türkiyəni Amerikadan uzaqlaşdırsın”

“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə qoşula bilər”.

“Cümhuriyət” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib. Zaxarova qeyd edib ki, Türkiyə konstruktiv mövqe sərgiləyəcəyi halda, bu həll prosesinə töhfə verəcək.

Rusiya Türkiyəni niyə yaxına buraxır?

Rusiyanın Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin yaxınına buraxması bir sıra maraqlı məqamları ortaya çıxarır. İlkin ehtimal Rusiyanın Türkiyəyə hansı zərurətdən prosesə cəlb etmək istəyilə bağlıdırısa, digər yanda tərəflər arasında əldə olunmuş “Böyük Qarabağ anlaşması”nın müzakirəsi ehtimalları var. Moskvadan bu mesaj o vaxt verilir ki, Türkiyə Ermənistanla sərhədlərin açılması prosesinə start verir və hadisələr Rusiya - Türkiyə yaxınlaşması fonunda cərəyan edir. Türkiyəli rəsmilərin 26 ilyul Moskva səfəri sonrası, həmçinin Türkiyə və Rusiya prezidentlərinin görüşündən əvvəl verilən bu açıqlama təsadüf deyil. Qeyd olunur ki, Türkiyə və Rusiya arasında bölgədə vəziyyəti stabilləşdirəcək anlaşma olacaq. Anlaşmada Dağlıq Qarabağ münaqişəsinin həlli və Türkiyə- Ermənistan sərhədlərinin açılması məsələsi də yer alıb. Gələn məlumatlara görə, sərhədlərin açılması da, Qarabağ münaqişəsinin həllinə daxil edilib. Rəsmi Ankaranın da mövqeyi bu idi ki, sərhədlər yalnız Qarabağ münaqişəsinin həllindən sonra mümkün olacaq.

Məsələdə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasından sonra bölgədə hansı dövlətlərin sülhməramlılarının yerləşdirilməsi amili də var. Bu da o deməkdir ki, ətraf rayonlar qaytarıldıqdan sonra Dağlıq Qarabağa Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.

ABŞ-la nüfuz savaşının tərkib hissəsi kimi

Rusiyanın sürpriz şəkildə Türkiyəyə etimad göstərməsinə gəlincə, şübhəsiz ki, burada Qərb, yaxud ABŞ-la regionda nüfuz savaşı əsas çəkiyə sahibdir. Rusiyanın məqsədi budur ki, hərbi çevrilişə cəhdən sonra ABŞ-Türkiyə, NATO Türkiyə münasibətləri dalana dirəndiyi, qopma mərhələsinə girdiyi vaxt Türkiyəni Qərbdən uzaqlaşdırsın. Hərbçi çevrilişə cəhdən sonra Ankara ABŞ və NATO tərəfindən sərt şəkildə qınanılanda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cavabında Rusiya ilə qurulacaq ittifaqdan danışmışdı. Bu o deməkdir ki, əgər Ərdoğan Qərbin istədiyi nizam yox, məhz öz prinsipləri daxilində, o cümlədən regional məsələlərdə Rusiya ilə birgə hərəkət edəcəyi halda Türkiyənin NATO və ABŞ-la münasibətləri dalana dirənəcək. Təbii ki, Rusiya da bundan istifadə edərək mümkün qədər Türkiyəni özünə tərəf çəkəcək addımlar atacaq. Məsələn, Avropanı Rusiyanın qaz asılılığında saxlayacaq “Türk axını” layihəsinin yenidən işə salınması da bu qəbildəndir.

“Rusiyanın şərtləri var”

Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli “Cümhuriyət”ə deyib ki, M.Zaxarovanın “Türkiyə konstruktiv olarsa, münaqişənin həllinə töhfə verə bilər” fikrinə diqqət etmək lazımdır. T.Kərimliyə görə, bu,Rusiyanın şərti deməkdir: “Putin və Ərdoğan arasında keçiriləcək görüşdə şübhəsiz ki, Dağlıq Qarabağ məsələsinə toxunulacaq. “Konstruktivlik” deyəndə Zaxarova onu düşünür ki, Türkiyə həmçinin Ermənistanla sərhədləri açmalıdır. Rusiyadan artıq Türkiyəyə belə bir təklif verilib. Bu təklifin özü də həssasdır. Əslində, Rusiya istəməz ki, Türkiyə - Ermənistan münasibətləri yaxşılaşsın. Çünki Moskva zaman-zaman Ermənistanın özündən Türkiyəyə qarşı istifadə edir. Hər halda ermənilər hazırda Rusiyanı çox ciddi təzyiq altında qoyurlar, Avropa və ABŞ-a əl atırlar. Əgər həqiqətən Türkiyə Rusiyaya sadiq portnyor olacaqsa, o zaman Ermənistanın tədricən blokadadan çıxmasına razı ola bilər. Kremlə görə, bu halda Türkiyə Qarabağ münaqişəsinin həllində rol ala bilər. Yəni bunun üçün Rusiyanın şərtləri var”. Türkiyənin prosesə qoşulmasına Rusiyanın razılıq verməsinə münasibətində Tahir Kərimli xatırladıb ki, XVIII əsrdə Osmanlı imperiyası ilə Rusiya arasında Qaynarca müqaviləsi bağlandı: “Bu vaxta qədər Rusiya adlı dövlət yox idi, Moskva Tatariyası vardı. Buranı da tatarlar yaratmışdlar. Bu zaman Osmanlının nəzarəti altında da Sibir Tatariyası var idi. Bura o zaman dünyanın ən böyük dövləti idi. Həmin vaxt Osmanlı Rusiyaya güzəştə getdi və Sibir tatariyasını zərbə altında qoydu. Moskva Knyazlığı Osmanlı ilə barışandan sonra Sibiri işğal etdi. Həmin vaxt Sibir xanı olan Yemelyan Puqaçov əslən türk idi və Sibirlə Moskva Knyazlığı arasında müharibə gedirdi. Puqaçov məğlub oldu. İndinin özündə də oxşar vəziyyət yaranarsa, Türkiyə müttəfiqi Azərbaycanın ziyanın addım atmağa razı olarsa, Rusiya bunu qəbul edəcək. BundanAzərbaycan ziyan görəcək. Rusiya Türkiyədən arxayın olandan sonra Cənubi Qafqazda öz mövqelərinin gücləndirilməsi işinə girişəcək”.

“Bu, Moskvanın xeyrinədir”

Politoloq Elxan Şahinoğlu “Cümhuriyət”ə bildirib ki, Türkiyənin proseslərə qoşulacağı gözlənilən idi. E.Şahinoğlu hesab edir ki, bu məsələyə konstruktiv yanaşmadır: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Türkiyə məsələyə kompleks yanaşır. Əgər Moskva İrəvana təsir edib Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasını sürətləndirsə, nəinki Ermənistan -Azərbaycan münasibətləri normallaşmağa başlayacaq, eyni zamanda Türkiyə -Ermənistan sərhədləri də açılacaq. Ancaq bunun üçün Türkiyənin əsas şərti budur ki, ətraf rayonlar boşaldılsın. Artıq Rusiya və Türkiyə arasında yaxınlaşma meylləri özünü göstərir. İyulun 26-da Türkiyənin hökumət nümayəndələri Moskvada görüşlər keçirdilər, “Türk axını” layihəsi yenidən işə düşüb. Yəni, Rusiya və Türkiyə arasında münasibətlər sürətlənəcək. Buna görə də Rusiya etiraz etməyəcək ki, Türkiyə Qarabağ münaqişəsinin həll prosesində iştirak etsin”. Rusiyanın Türkiyəni münaqişənin yaxınına buraxmasına gəlincə, Elxan Şahinoğlu qeyd edib ki, bu Rusiyanın Türkiyəni ABŞ-dan uzaqlaşdırmaq niyyətlərindən biridir:

“Rusiya çalışır ki, Türkiyəni Amerikadan uzaqlaşdırsın.Onsuz da, hazırda Türkiyə-ABŞ münasibətləri kifayət qədər soyuqdur. Suriya məsələsi və Amerikanın kürdlərə verdiyi dəstəyə görə, Ankara Vaşinqtonla arasında məsafə saxlayır. Hərbi çevrilişə cəhddən sonra ki, ABŞ Fətullah Güləni Türkiyəyə vermədi, bu da tərəflər arasında münasibətləri daha da soyutdu. Bu Moskvanın xeyrinədir. Rusiya Türkiyə-ABŞ münasibətlərinin daha da soyumasına çalışacaq. Moskva bundan maksimum şəkildə istifadə edib Türkiyəni özünə yaxınlaşdırmaq istəyəcək”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları