Yuxarı

Türkiyənin cənubunda “soyuq müharibə” zolağı

Türkiyənin cənubunda “soyuq müharibə” zolağı

Mosuldan-Hələbə qədər İstanbulda keçirilmiş Ümumdünya Energetika Konqresində Türkiyə və Rusiya prezidentlərinin iştirakı tədbirin özündən daha çox diqqət çəkdi. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin “Türk axını”, “Akkuyu” AES kimi iri enerji layihələrini müzakirə etsələr də tərəflərin geosiyasi məsələlərə dair mövqeyi daha çox maraq doğururdu. Çünki həm Türkiyə, həm də Rusiya hazırda Yaxın Şərqdə cərəyan edən geosiyasi proseslərin əsas faktorlarına çevrilib. Bu bölgədə münaqişənin genişlənməsi Türkiyə və Rusiya ilə yanaşı, ABŞ, İran, Fransa , İraq kimi dövlətlərin də hərbi fəallığının artması ilə müşahidə olunur. Suriya ərazisində hərbi əməliyyatlar hesabına PYD-ni Fərat çayının sağ sahilinə çəkilməyə vadar edən Türkiyə indi Mosulun İŞİD-dən azad olunması əməliyyatına qatılmağa çalışır. Bu, Ankaraya Mosul, Raqqa və Əl-Babı İŞİD-dən təmizləməklə yanaşı, bölgəni kürd separatçılarını birləşdirən geostrateji məntəqələrə nəzarəti ələ almaq imkanı verə bilər. Ancaq şimali İraqa nəzarət uğrunda ABŞ və İranın da geosiyasi savaş aparması, eyni zamanda, İraqın Türkiyədən “qoşunlarını ərazilərimdən çıxar” tələbi Ankaraya öz məqsədinə çatmaqda mane olur. Bu baxımdan, Türkiyənin hazırda beynəlxalq dəstəyə ehtiyacı yaranıb. Ərdoğan iqtidarı ilk növbədə, müttəfiqi V.Putindən ciddi dəstək gözləyir. Dövlət başçıları qapalı müzakirələrdən sonra Suriya və İraq məsələsi barədə daha çox susmağa üstünlük veriblər. Siyasi müşahidəçilər isə Ankaranın şimali İraqda üstünlük qazanmaq üçün Suriya məsələsində Rusiyaya ciddi güzəştlər etdiyini bildirir. “Reuteurs” agentliyi silahla yüklənmiş ən azı 10 hərbi gəminin ötən həftə Bosfor boğazını keçdiyini yazır. Hava hücumundan müdafiə raketləri isə artıq Suriyaya çatıb. Rusiya hazırda Suriyaya müasir sualtı qayıqlar göndərməyə hazırlaşır. Belə qayıqlar nə Suriyanın silahlı müxalifətində, nə də İŞİD-də yoxdur. Rusiya və Bəşər Əsəd əsas diqqəti Hələb şəhərinin alınmasına yönəltdiyi bir vaxtda, ABŞ-ın əsas hədəfi İŞİD-in daha çox cəmləşdiyi Mosul və Raqqa şəhərləridir. Hər iki məsələdə Türkiyə həlledici rola malikdir. Rusiya rəhbərliyi isə Türkiyədən şərqi Hələbdə Suriya müxalifətinə dəstəyin dayandırılmasını istəyir. Tərəflər artıq hər iki ölkənin silahlı qüvvələrinin və xüsusi təyinatlı qüvvələrinin qarşılıqlı yardımı haqqında razılığa gəliblər. Amma Türkiyənin Hələbin mühasirəsini tamamlamağa çalışan Rusiyaya güzəştə gedib-getmədiyi məlum deyil. Türkiyə parlamentinin 1920-ci il yanvarın 28-də qəbul etdiyi “Ərazi Mülkləri Haqqında” Qanuna görə Hələb Qaziantep şəhəri ilə qardaş elan edilib. Ona görə də Türkiyə Hələb məsələsinə həssas yanaşır. Rusiya isə Suriyanın Aralıq dənizi regionunda mövqelərini möhkəmlətməyə tələsir. ABŞ isə Raqqadan daha çox Mosula diqqət ayırır. Çünki İraq ABŞ üçün vacib strateji əhəmiyyət daşıyır. Eyni zamanda, İŞİD-in hərbi qüvvələri əsasən Mosulda yerləşib. Ona görə də ABŞ Raqqadan öncə Mosulun azad edilməsində maraqlıdır. Analitiklər Türkiyənin cənub sərhədlərində “soyuq müharibə” zolağının yaranmasına çəkir. Bu müharibənin sərhədləri Mosuldan Hələbə qədər uzanır. ABŞ prezidenti Barak Obama Mosulu azad edib özünün siyasi varisi Hillari Klintona təhvil verməkdə maraqlı görünür. Suriya-İraq sərhəddinə çatmış Türkiyə silahlı qüvvələri isə geri çəkilmək fikrində deyil. Oktyabrın 9-da Türkiyədə baş vermiş terror aktından sonra prezident Ərdoğan ABŞ-a sərt və açıq mesaj verib: “YPG-yə dəstəyinizi geri çəkin, sizinlə birlikdə Mosulu və Raqqanı azad edək”. Müşfiq Abdulla





Həftənin ən çox oxunanları