Yuxarı

Şimala niyə boylanırıq?

Şimala niyə boylanırıq?

Şüurlara “xilas yolu Rusiyadadır” ideyası yeridilir Zəlimxan Məmmədli:“Kreml ideoloqları xalqda Qərbə qarşı aqressiya, özünə qarşı isti meyllər yaradır” SSRİ təbliğ olunur. Sosial şəbəkələr, bir sıra internet saytları və telakanallar Sovet ideologiyasının cəmiyyət arasında “təbliğat maşını” funksiyasından çıxış edirlər. Aralarında cəmiyyətin tanınmış yazar və ictimai-siyasi xadimlərinin olduğu təbliğat tədricən toplumun şüurunda özünə həyat tapır. Telekanallarda hər gün Sovet-rus filmləri nümayiş olunur, mətbuatda SSRİ-yə, sovet diktatorlarına dair araşdırmalar yayımlanır, sosial şəbəkələrdə Sovet İttifaqının insanların sosial rifahını dəstəklədiyinə dair materiallar dərc olunur. Bütün bunlar təbliğatın özəyini təşkil edir. Cəmiyyət mülkiyyət hüquqları və digər demokratik haqlarının istismar olunduğu zəmində təbliğata şüursuzca inanır. Problemlərin həllini yenidən SSRİ-nin bərpa olunmasında axtaran cəmiyyət məsələyə sosial haqlarının təmin olunması prizmasından baxır. Əlbəttə, toplumun kortəbii şəkildə yanaşdığı bu mövqedən siyasi dairələrin istifadə edib, həyata keçirmək istədikləri maraqları var. Lakin xüsusilə də Rusiyanın siyasi və kəşfiyyat dairələrinin Azərbaycandakı uzantılarının (“5-ci kolon”) aktiv rol oynadığı iddia olunan təbliğatda SSRİ-yə yanaşma bir az fərqlidir. Cəmiyyətə Sovet İttifaqının daha müasir modeldə bərpa olunacağına inandıran bu dairələr məsələni “Rusiya ilə yeni formatda əməkdaşlıq” şəklində beyinlərə yeridirlər. “Rusiya ilə bütövləşməliyik” Rusiya və Azərbaycan arasında baş verən son siyasi proseslərə münasibətini açıqlayan mənbələr qeyd edirlər ki, hadisələrə Rusiya ilə münasibətlərə bütövləşmə kontekstində baxmağı öyrənməliyik: “Müasir birlik formaları tapılmalıdır. Rusiya ilə elə birliklərə getməliyik ki, bu bizim inkişafımıza mane olmasın. Biz bir xalq, millət olaraq böyük güclərlə oynamağı bacarmalıyıq. Ancaq bunu indiki hakimiyyət kimi öz iqtidarını qorumaq üçün deyil, xalqımızın rifahı kontekstində etməliyik. Bunun üçün ağıllı taktika olmalıdır. Mütləq mənada müstəqillik onsuz da mümkün deyil. Odur ki, biz dünyanın getdiyi yolu Rusiya ilə birgə addımlamalı, yavaş-yavaş öz işimizi görməli, güclənməliyik. Hələlik ondan qabağa keçməyimiz mümkün deyil, buna heç potensialımız da yoxdur. Digər tərəfdən, olsa belə, imkan verməzlər. ABŞ və Avropa yetimə gəl-gəl deyənlərdir, onlardan bizə xeyir gəlməyəcək. Biz Rusiya ilə münasibətlərə bütövləşmə kontekstində baxmağı da öyrənməliyik”. İdeoloji boşluq və artan xaos Azərbaycanda total sosial-iqtisadi böhran var. Siyasi sistemdəki oliqarx və istismarçı-kapitalist məmurlar vətəndaşların mülkiyyət hüquqlarını əllərindən alırlar. Siyasilərin dəbdəbəli zənginlik içində yaşadığı Azərbaycanda orta sinif anlayışı yoxdur. Hədsiz yoxsul və zənginlərdən ibarət Azərbaycan toplumunda həyat standartları müasir dövrün tələblərinə cavab vermir. Siyasi sistemə qarşı etirazlar da effekt vermir, nə də ki, potensial xaosun özünə qarşı çevriləcəyini göz önünə almayan hakimiyyət çıxış yolları axtarır. Addəyişmə və mövcud siyasi-iqtisadi qurumlara alternetiv şuraların yaradılması nümunəsində “islahatlar” da çıxış yolu deyil. Narazılıqların artdığı və hakimiyyətin səmərəsiz fəaliyyəti, müxalifətin səssizliyini qoruduğu mühit öz siyasi məqsədlərini şüurlara yeritmək istəyən dairələr üçün həyat rüşeymi yaradır. Azərbaycanda hökm sürən mövcud ictimai-siyasi mühit istər Rusiya, istərsə də Qərb prizmasından müstəqilliyimiz üçün təhdid deməkdir. Üstəgəl Yaxın Şərqdəki (Suriya) dini-siyasi müharibələrin bumeranq effekti ilə Azərbaycana dəyəcəyinin ehtimal olunması ölkəmizdə təxribat törətmək istəyən xarici kəşfiyyat orqanları üçün münbit şərait yaradır. Cəmiyyət arasında hökm sürən ideoloji boşluq və narazılıq istənilən an Azərbaycanı hədəf taxtasına gətirən dövlətlərin “silah”ına çevrilə bilər. İqtidar total sosial-iqtisadi böhranın cəmiyyətdə yaratdığı ideoloji-siyasi boşluğun Azərbaycan üçün təhlükəyə çevrilməsinin qarşısını almaq üçün hərəkətə keçməlidir. Xalqın siyasi sistemdən gözləntisi məlumdur, bu çıxış yoludur: sosial və rifah dövləti. Arzulardakı Skandinaviya Avropa, xüsusilə Skandinaviya dövlətlərində həyat standartları müasir tələblərə cavab versə də hökumətləri “vətəndaşın sosial haqları” mövzusunu gündəmdən çıxarmırlar. Təsadüf deyil ki, cəmiyyətimiz arasında da Norveç, İsveçlə Azərbaycanı müqayisə etmək uzun illərin müzakirəsidir. Azərbaycan cəmiyyəti də Avropadakı sosializmi: sosial - rifah dövlətini istəyir. İngilis iqtisadçı Brigs sosial dövləti bir ölkənin təhlükəsizliyi adlandırır. Brigsə görə, vətəndaşlara istədikləri sosial haqları verən dövlətlər kənardan gələn təhlükələrdən özlərini sığortalamış olurlar: “Sosial, yaxud rifah dövləti - vətəndaşlara sahib olduqları mülkiyyətin bazar dəyəri ilə müqayisədə minimum gəlir təmin edən, vətəndaşlar arasında ayrı-seçkilik etmədən normal həyat standartları tanıyan və buna zəmanət verən, ölkəni bu yöndə şüurlu şəkildə idarə etməyi bacaran hakimiyyətin olduğu dövlət anlayışdır”. İqtisadçı qeyd edir ki, siyasi hakimiyyətlər bu məsələlərdə diqqətli olduğu vaxta qədər həm dövlətin, həm də öz iqtidarlarının təhlükəsizliklərini qarantiya altına almış olurlar. Brigs qeyd edir ki, bir çox hallarda vətəndaşlarının sosial-iqtisadi haqlarının pozulduğu dövlətlərin siyasi xaosa sürüklənməsi labüddür. Çıxış yolu Hakimiyyət Azərbaycanı təhlükədən yayındırmaq üçün sosial dövlət modelini gecikmədən tətbiq etməlidir. Ölkədə bazar iqtisadiyyatını müvəfəqiyyətsizliyə gətirib çıxaran səbəbləri (şəxsləri) aradan qaldırmalı, çatışmazlıqları bərpa etməli, sistemi müdaxiləçi, təzyiqçi, prosesləri şəxsi maraqlara görə tənzimləyən məmurlardan təmizləməlidir. Cəmiyyətin böyük əksəriyyətinin yaşamaq istədiyi İsveçdə belədir. Şübhəsiz ki, cəmiyyətlərin “istehlak robot”una çevrildiyi bir zamanda siyasi-iqtisadi xaosdan və xarici müdaxilələrdən xilas olmağın yeganə yolu, sosial haqların təmin olunmasından keçir. Tarixin ən qanlı Fransa və Kuba inqilablarını da məhz bu cəmiyyətlərdəki sosial bərabərsizlik, kapitalist istismar ortaya çıxarmışdı. SSRİ-ni də sosial-iqtisadi böhran çökdürdü. Son prezident Mixal Qorbaçovun ölkədə yaratdığı sosial-iqtisadi böhran ABŞ-ın əlində bu ittifaqı yıxmaq üçün “kart”a çevrildi. Ağ Ev əlinə düşmüş bu fürsətdən lazımınca istifadə etdi. SSRİ batdı. 200 il yanaşı getdiyimiz Rusiya Politoloq Zəlimxan Məmmədli “Cümhuriyət”ə bildirib ki, Azərbaycanın siyasi oriyentasiyası ilə bağlı mübahisəli məqamlar var. Z.Məmmədli qeyd edib ki, biz Azərbaycan olaraq, demokratik dünyanın bir hissəsi olmaq istəyirik: “Buna haqqımız var. Çünki son 200 il biz Rusiyanın yanında itirə-itirə gəlmişik. Qərbi Azərbaycanı: Zəngəzur və Göyçəni itirdik, Dağlıq Qarabağ işğal olundu, Xocalı soyqırımı, 20 Yanvar faciəsi yaşadıq. Bütün bu hadisələrin başında Kreml dayanırdı. Rusiya demokratik olsa, dünyanın oyun qaydalarına uyğun oynasa, Azərbaycanın öz milli maraqlarını tanısa yüksək səviyyədə strateji tərəfdaşlığı düşünmək olar. Ancaq təəssüflər olsun ki, Rusiya köhnə qaydalarla oynayır. Rusiyanın marağında Azərbaycanı birdəfəlik öz təsir dairəsinə salmaq planı var. Azərbaycanın siyasi dairələrindəki adamları Kremlin maraqlarını yerinə yetirmək yönündə fəaliyyət göstərirlər. Kreml azərbaycanlı məmurları tərəfinə çəkmək üçün onlara medallar, ordenlər verir. Rusiya çalışır ki, Azərbaycan demokratik dünyadan təcrid olunsun. Kreml ölkəmizdə Avropa və Qərbə qarşı aqressiya, özünə qarşı isti meyllər yaradır. Bu təbliğat da ictimai rəydə özünə dəstək qazanmağa xidmət edir”. Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları