Yuxarı

Nazarbayevin “erməni qripi”

Nazarbayevin “erməni qripi”

Qoca prezidentin xəstəlik bəhanəsi Qazaxıstan prezidenti Nursultan Nazarbayev səhhətində yaranmış problemlə əlaqədar olaraq Ermənistana və Azərbaycana səfərlərini təxirə salıb. Prezidentin Adminstrasiyasından verilən məlumatda N.Nazarbayevə soyuqdəymə diaqnozunun qoyulduğu bildirilib. Dövlət başçısının qızı, Qazaxıstan parlamentinin deputatı Dariqa Nazarbayeva isə hazırda atasının özünü yaxşı hiss etdiyini, müalicəsinin davam etdiyni deyib.Hələlik isə Nazarbayevin səhhəti ilə bağlı xəbərlər dövlət sirri kimi qorunur. Yalnız prezidentin mətbuat katibi Aydos Ukibay milli liderin həyatı üçün hər hansı təhlükə olmadığını deyib. Artıq dünəndən etibarən Nazarbayev ictimaiyyətdə görünüb və ilk görüşünü keçirib. Bu isə qoca prezidentin xəstəliyinin səbəb, yoxsa bəhanə olması barədə mübahisələrə təkan verib.  76 yaşlı Nursultan Nazarbayevin qəfil xəstələnməsi xəbəri dərhal Qazaxıstanda hakimiyyət dəyişikliyi mövzusunu müzakirə predmetinə çevirib. Xüsusilə də Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra diqqət post-sovet məkanının ən yaşlı dövlət başçısı olan Nursultan Nazarbayevə yönəlib. Əslində, Qazaxıstan prezidentinin siyasi varis planı üzərində işlədiyi və hakimiyyətdən çəkilməyə hazırlaşdığı barədə informasiyalar son dövrlər tez-tez yayılır. Ancaq qoca Nazarbayev bu barədə hələ real addımlar atmayıb. Onun hakimiyyəti öz qızına ötürmək istədiyi deyilsə də Dariqa Nazarbayeva bu yaxınlarda həmin məlumatları şayiə adlandırmışdı. İyun ayında Nursultan Nazarbayevin Qazaxıstanda dövlət çevrilişi etmək istəyən qüvvələri darmadağın etməsi onun hakimiyyətə nəzarətinin güclü olduğuna dair qənaəti bir daha möhkəmlətdi. Ancaq siyasi ekspertlər sentyabr ayında N.Nazarbayevin baş nazir Kərim Məsimovu istefaya göndərməsini, qızı Dariqanın hakmiyyətin zirvəsinə gedən yolunda əsas maneəni aradan qaldırması kimi şərh edirdi. İndi yenə də N.Nazarbayevin xəstələnməsi barədə ilk dəfə rəsmi açıqlamanın verilməsi Qazaxıstan prezidentinin səhhəti ilə bağlı əsl həqiqətin nədən ibarət olduğuna dair sualları gündəmə gətirib. Xatırladaq ki, N.Nazarbayevin hətta ölümcül xəstəliyə tutullması barədə bir neçə il bundan əvvəl də informasiyalar yayılmışdı. Onun 76 yaşında olması səhhəti ilə bağlı riskləri xeyli artırır. Amma o, kifayət qədər yaşlı olmasına baxmayaraq, gümrah görünür. Bu səbəbdən də N.Nazarbayevin “soyuqdəymə”yə görə, Ermənistana və Azərbaycana səfərlərini təxirə salması siyasi gediş məqsədi də daşıya bilər. Oktyabrın 12-da prezidentin rəsmi saytında Nazarbayevin ölkənin kənd təsərrüfatı sektorunun təmsilçilərinə müraciəti yayımlanıb. O, bir sıra sərəncamlar imzalayıb, amma özü ictimaiyyət qarşısına çıxmayıb. “Reuters”  Nazarbayevin xəstəliyinin diplomatik mülahizələrlə əlaqədar olduğunu yazır. Qazaxıstanlı politoloq Aydos Sarım adıçəkilən agentliyə açıqlamasında soyuqdəymənin prezident Nazarbayevin Ermənistana getməməsi üçün bir bəhanə olduğunu yazıb. “El atası” Azərbaycanı incitmək istəmədi “Son illər Qazaxıstanla Ermənistanın münasibətlərində bir neçə dəfə gərginlik yaşanıb. 2014-cü ildə Ermənistan Avrasiya İttifaqına daxil olanda, Nazarbayev bildirmişdi ki, yalnız sərhədləri BMT tərəfindən Dağlıq Qarabağsız tanınmış dövlət bu quruma daxil ola bilər. 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında vəziyyət gərginləşəndə Nazarbayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin İrəvandan başqa yerə keçirilməsini təkid etdi. Nəticədə tədbir Astanada baş tutdu. Buna etiraz olaraq, erməni kəndlərindən birində Nursultan Nazarbayevin adını daşıyan mərkəzi küçənin adı dəyişdirildi. Bu günlərdə isə Nursultan Nazarbayevin Azərbaycan və Ermənistanı barışdırmaq təşəbbüsü ilə çıxış etdiyinə dair məlumatlar yayıldı. Prezidentin İrəvana və Bakıya səfəri çərçivəsində sözügedən missiya ilə çıxış edəcəyi gözlənilirdi. Hətta bəzi ekspertlər Nazarbayevin münaqişənin həllinə dair Rusiyanın təkliflərini münaqişə tərəflərinə çatdırmaq istədiyini istisna etmirdi. Ancaq ağsaqqal prezidentin məqsədinin Azərbaycanı Avrasiya İqtisadi Birliyinə sürükləmək, yoxsa Ermənistanı güzəştə razı salmaqla Rusiyanın təsirindən çıxartmaq məqsədi ilə belə bir addım atmaq istədiyi məlum deyil. Lakin cənab Nazarbayevin İrəvana səfəri yalnız sülhyaratma niyyəti daşımırdı. Qazaxıstanın Dövlət başçısı KTMT üzvü olan dövlətlərin İrəvanda keçirilən zirvə görüşündə iştirak etməli idi. Bu görüşdə Ermənistanın sabiq baş naziri Seyran Ohanyanın KTMT-nin baş katibi seçilməsi nəzərdə tutulub. Ötən həftə KTMT-nin Ermənistanda keçirilən birgə təlimlərində Qazaxıstan hərbçiləri iştirak edib. Buna baxmayaraq, sammit ərəfəsində prezident Nazarbayev qəfil xəstələnir və toplantıya baş naziri göndərir. Qərb mediası Nazarbayevin bu şübhəli soyuqdəyməsini “Erməni qripi” adlandırıb və Ermənistana getmək istəməmək cəhdi kimi şərh edib. Bu isə Astana ilə İrəvan arasında gərginliyin hələ yumşalmadığını, türk dünyasının ağsaqqalı adlandırılan Nursultan Nazarbayevin Azərbaycanla münasibətlərini korlamaq istəmədiyini deməyə əsas verir. Belə görünür ki, Nazarbayevin Azərbaycana səfəri müəyyən müddətdən sonra baş tutacaq, Ermənistana isə bunu demək çətindir. Çünki KTMT-nin toplantısı arxada qaldığı üçün İrəvana getməyə də səbəb qalmayacaq. Müşfiq Abdulla  





Həftənin ən çox oxunanları