Yuxarı

Azərbaycan kimi seçəcək - Qərb, yoxsa “Şərq bloku”?

Azərbaycan kimi seçəcək - Qərb, yoxsa “Şərq bloku”?

Qabil Hüseynli: “Qərb kürd separatizmini gücləndirəcək” Əli Əliyev: “Rusiya və Türkiyənin yaxınlaşması maraqlarımıza uyğundur” Rusiya - Türkiyə yaxınlaşması bölgədə yeni siyasi mənzərə çəkir, yeni format müəyyənləşdirir. Azərbaycanın hadisələrin inkişaf etdiyi bölgənin mərkəzində yer alması baxımından da bu yaxınlaşma dövlətimiz üçün əhəmiyyətlidir. Azərbaycan dövlət başçısı İlham Əliyevin Rusiya və Türkiyə prezidentləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanla Ankarada bir araya gəlməsində görünür ki, rəsmi Bakının mövqeyi bu formata daha yaxındır. Şübhəsiz ki, Türkiyə - Rusiya yaxınlaşması bölgənin digər dövlətləri - Ermənistan və Gürcüstanı da seçim zərurəti qarşısında qoyur. Regionun və bölgədə gedən geosiyasi proseslərin açar dövlətləri olan Türkiyə və Rusiyanın yaratdığı bu mənzərə qarşısında iki seçim var: ya yenilənmiş “Şərq bloku”, ya da Qərb. Azərbaycan Qeyd etdiyimiz kimi Azərbaycan bu birliyə daha yaxın görünür. Çünki hər iki dövlətlə Azərbaycanın münasibətləri müttəfiqlik səviyyəsindədir. Digər yandan Türkiyə və Rusiya Azərbaycanın regionda həyata keçirdiyi beynəlxalq enerji layihələrində pay sahibidir və rəsmi tərəfdaşıdır. Nəzərə alsaq ki, Ankara və Moskva “Türk axını” layihəsinin həyata keçirilməsini razılaşdırıb, bu da Azərbaycanı bir neçə addım Qərbdən uzaqlaşdırır. Üstəgəl Türkiyə və Rusiya yeni formatda güc dövlətləri olaraq, ABŞ və digər Qərb dövlətləri kimi Azərbaycan hakimiyyətinə insan haqları və demokratiya məsələlərində təzyiqlər etmir. Yəni istər iqtisadi, istər siyasi, istərsə də hərbi məsələlərdə Türkiyə və Rusiya ilə işləmək Azərbaycan üçün asandır. Gürcüstan Gürcüstanın Türkiyə ilə problemləri olmasa da, Rusiya ilə münasibətləri soyuqdur. Abxaziya və Cənubi Osetiya ruslar tərəfindən işğal olunduqdan sonra Tiflis demək olar ki, bütün istiqamətlərdə qapıları Moskvanın üzünə bağladı. Digər tərəfdə isə Tiflis Avropa İttifaqı ilə assosiasiya sazişi imzaladı, NATO-nun Gürcüstanda bölməsinin yaradılmasına icazə verdi. Gürcüstan Rusiyanın Abxaziya və Osetiya məsələlərindən təzyiq vasitəsi kimi istifadə edərək qurduğu oyuna düşmür, NATO və Avropa İttifaqı ilə əlaqələrini genişləndirir. Görünən budur ki, gürcü hökuməti rus işğalını Qərbə inteqrasiya siyasətində problem kimi görmür. Heç son zamanlarda torpaqların geri qaytarılması məsələsini də dilə gətirmir. Bu baxımdan Rusiya Gürcüstanı formata cəlb etmək üçün əziyyət çəkməli olacaq. Ermənistan “Sasna Çrer” qiyamından sonra Ermənistanın Rusiya ilə münasibətləri bir qədər pozulmuş kimi göründü. Qarabağlı generalların başlatdığı etiraz nümayişlərində Serj Sarkisyan Kremlə satılmaqda ittiham olundu. “Sasna Çrer”ə dəstək verən yerli erməni siyasətçilər Sarkisyanı regionçuluqda ittiham etdilər. Baş verənlərin öz hakimiyyətinə təhlükə yaradacağını düşünən Sarkisyan uzun illər yaratdığı komandanı dağıtmağa məcbur oldu. Ovik Abramyanın başçılıq etdiyi hökumət istefaya göndərildi, bu komandada Sarkisyanın ən etibarlı tərəfdaşları vardı. Hökumətdə balanslaşdırma siyasəti yaratmaq niyyəti ilə prezident yerli erməni siyasətçiləri hökumətə cəlb etdi. Kütləvi istefalar və hökumətdəki yerdəyişmələr Qərbin siyasi dairələrinin adına bağlanılsa da, Kreml baş verənləri səssizlikdə qarşıladı. Demək ki, plan Rusiyanın idi, məqsəd də siyasi sistemdə fəallaşan qərbyönümlü siyasətçiləri oyundan kənarda qoymaqdı. Ermənistanda hərbi bazası olan Moskva hər şeyə nəzarət edir. Digər yandan Dağlıq Qarabağı işğal edib Ermənistana verən Rusiya birdəfəlik İrəvanı öz boyunduruğu altına salıb. Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur, ölkə iqtisadiyyatının 93.7%-i Rusiyanın nəzarətindədir, erməni ordusunun arsenalında olan silahların hamısını Rusiya pulsuz verib. Hansısa situasiyada Rusiya bu silahları ala və erməni ordusunu silahsızlaşdıra bilər. Analitiklər bu baxımdan Ermənistanın sakitcə formata qoşulacağını deyirlər. Avropadan Azərbaycana “hə”, Rusiya və Türkiyəyə “yox” Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə Rusiya - Türkiyə yaxınlaşmasının məntiqli sonluqla yekunlaşacağına inanmadığını bildirib. Q.Hüseynli dəfələrlə bu cür yaxınlaşmaların olduğuna diqqət çəkib: “Rusiya Türkiyəyə tətbiq etdiyi sanksiyaların hamısını ləğv etməyib. Amma münasibətlər yüksələn xətt üzrə gedir. Hər iki tərəf bu yaxınlaşmadan məmnun görünür. Yaxınlaşma bölgədə geosiyasi vəziyyəti dəyişir və ziddiyyətlər yaradır. Məsələn, bir müddətə qədər ABŞ türk ordusunun İraqdakı əməliyyatlarını müdafiə edirdisə, indi buna qarşı çıxır. ABŞ-la yanaşı digər NATO dövlətləri də bu yaxınlaşmanı doğru hesab etmirlər. Üstəgəl razılaşdırılmış “Türk axını”nın Avropanı Rusiyanın enerji asılılığında saxlaması da problemlər yaradır. Avropa xətt vasitəsilə bazara çıxarılacaq qazın alıcısı olmayacağını bildirir. Alternativ kimi Azərbaycanın TANAP layihəsini dəstəklədiyini bildirir”. Türkiyə üçün qorxulu mənzərə Q.Hüseynli deyib ki, Türkiyə üçün arzuolunmaz situasiya yaranıb: “Rusiya ilə yaxınlaşmaya cavab olaraq, ABŞ PKK terror təşkilatının qanadları olan PYD və YPG-ni açıq şəkildə dəstəkləməyə başlayıb. Türkiyə yaxınlığında qorxulu mənzərə yaranıb. Şimali İraqdan sonra Şimali Suriyada da kürdlərin dövlət yaratmaq planları reallaşır və bu, Türkiyədə müstəqil olmaq istəyən kürd separatizmini fəallaşdıracaq. Rusiya da Türkiyə və digər bölgə dövlətlərini Avrasiya İttifaqına cəlb etməklə NATO və Avropa İttifaqına alternativ yeni birlik yaratmağı planlaşdırır. Yaxın vaxtlarda bu addımlar atıla bilər. Hesab edirəm ki, Türkiyə - Rusiya yaxınlaşması Azərbaycanın xeyrinədir. Amma bunun gələcəkdə yaradacağı ziddiyyətləri də nəzərdən qaçırmaq olmaz”. “Hakimiyyətin fəaliyyətini sadələşdirəcək” Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Cümhuriyət”ə bildirib ki, Rusiya - Türkiyə yaxınlaşması zərurətdən doğan münasibətdir. Ə.Əliyevin sözlərinə görə, bura qədər hər iki dövlətin Qərblə münasibətləri gərgin fazada idi: “Xüsusilə də Suriyada baş verən son proseslər Rusiya - Türkiyə münasibətlərində yeni mərhələ formalaşdırır. Suriyada baş verənlər və Türkiyədəki 15 iyul dövlət çevrilişinə cəhd Qərbin gözlənilməz planlarından mühafizə olunmaq üçün yeni format haqqında düşünməyə vadar edir. Rusiya və Türkiyənin bu baxımdan Qərblə münasibətlərində uyğunluq var. Yaxın gələcəkdə bu iki dövlət birgə hərəkət etmək məcburiyyətindədir. Azərbaycanın yürütdüyü siyasətə təsir imkanlarına malik olan Rusiya və Türkiyənin yaxınlaşması maraqlarımıza uyğundur. Bu ittifaq seçim baxımından Azərbaycan hakimiyyətinə sadələşmiş şəkildə fəaliyyət göstərməsinə şərait yaradır”. VİP sədri vurğulayıb ki, Rusiya Ermənistanla müttəfiqlikdən imtina etməyəcək: “Bütün müstəvilərdə Rusiya Ermənistanı nəzarətdə saxlayır. Çünki Ermənistan Kremlin Cənubi Qafqazdakı lövbəridir. Ermənistan olmasa, Rusiyanı bölgədən çıxarmaq asan olardı. Amma İrəvanın vəziyyəti çətinləşir. Çünki Azərbaycan və Türkiyənin Ermənistana münasibətləri bəllidir. İşğal faktına görə, əlaqələr dondurulub. Bu baxımdan Ermənistanın Qərb və Rusiya arasında seçim qərarı intensivləşəcək”. Əli Əliyev hesab edir ki, Gürcüstanı bu sıradan çıxarmaq lazımdır: “Gürcüstan özünün xarici siyasətini müəyyən edib. Həm NATO, həm də Avropa İttifaqına inteqrasiya olub. Bu yolu da davam etdirəcək. Prosesin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, çox da nikbin olmağa ehtiyac yoxdur. Rusiya bütün gücüylə erməniləri müdafiə edəcək. Ancaq Azərbaycan çalışmalıdır ki, Rusiya - Türkiyə yaxınlaşdırmasını maddiləşdirə bilsin. Bu münasibətləri dəyərləndirib, Rusiya vasitəsilə Ermənistanı müəyyən əraziləri boşaltmağa məcbur etmək olar. Amma bunun tezliklə olacağı inandırıcı deyil. Azərbaycanın suverenliyi və müstəqilliyi güzəştə gedilmədən torpaqların geri qaytarılması maraqlarımıza uyğundur. Rusiya - Türkiyə yaxınlaşmasından milli maraqlarımıza uyğun yararlanmaq olar”. Mənsur Rəğbətoğlu  





Həftənin ən çox oxunanları