Yuxarı

Türkiyənin yeni hücum planı

Türkiyənin yeni hücum planı

Rusiya, İran və Türkiyə diplomatları Suriyanın ayrı-ayrı hissələrində yaradılmalı olan "de-eskalasiya zonalarının” təfərrüatlarında razılığa gələ bilməyiblər. Buna baxmayaraq, Moskvanın Suriya münaqişəsinin həlli ilə bağlı danışıqlarda nümayəndəsi iyulun 5-də Astanada keçirilən sülh danışıqlarının 5-ci raundundan sonra deyib ki, təməl çərçivə "ümumən razılaşdırılıb”. Qazaxıstan paytaxtında keçirilən danışıqların ikinci və son günündən sonra Aleksandr Lavrentyev "biz hələlik de-eskalasiya zonalarını bilavasitıə yarada bilməmişik” deyib.

Lavrentyev bildirib ki, bu zonalara daxil olmalı ərazilər və burada iştirak edəcək qüvvələrin kimliyi "hələlik yekunlaşdırılmayıb”. O əlavə edib ki, Türkiyə rəsmiləri üsyançı qüvvələrlə hökumət qoşunlarını bir-birindən ayıracaq zonalarda iştiraklarının koordinasiya edilməsi üçün əlavə vaxta ehtiyacları olduğunu bildiriblər. Lavrentyev onu da deyib ki, Rusiya MDB-yə daxil ölkələri potensial de-eskalasiya zonalarında müşahidəçilik missiyasi məsələsinə baxmağa çağırıb.

İyulun 4-5- də Astana danışıqlarında iştirak edən Suriya müxalifətinin nümayəndələri sözügedən zonaların monitorinqində İran qüvvələrinin iştirakına qarşı çıxıb. Onlar bu mövqeyini İranın Suriya hökumətinin tərəfində fəal hərbi əməliyyatlar aparması ilə əsaslandırıb. Yahər Əbdürahim Interfax agentliyinə bildirib ki, atəşə yasaq zonalarda İran qüvvələrinin olmasını bütün müxalifət qrupları istəmir. 

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov deyib ki, Rusiya, Türkiyə və İran nümayəndələri zonalara dair fikir ixtilafının aradan qaldırılması üçün avqustun 1-2-də Tehranda görüşəcəklər. Avqustun sonlarında isə Astanada növbəti danışıqlar mərhələsi olacaq.

Lavrentyev bu danışıqlardan əvvəl ayrıca olaraq Suriya müxalifəti nümayəndələri ilə görüşəcəyini 0 və onlarla Bəşər Əsəd hökuməti arasında mümkün razılaşmanın yollarını müzakirə edəcəyini söyləyib. 

Astana danışıqlarında iştirak edən xüsusi BMT elçisi Staffan de Mistura isə de-eskalasiya zonalarının yaradılmasını müvəqqəti tədbir adlandırıb. O, Suriya münaqişəsinin həlli üçün daha geniş siyasi razılaşmaya ehtiyac olduğunu bildirib. 

Lavrentyevdən başqa Astana danışıqlarına Türkiyə, İran və ABŞ-ın xarici işlər nazirlərinin müavinləri qatılmışdılar. Hazırda Suriya danışıqları iki müstəqil müstəvidə aparılır. Bunlardan biri olan Astanada atəşkəs kimi müvəqqəti məsələlər həll olunur.

BMT-nin vasitəçiliyi ilə aparılan Cenevrə danışıqlarında isə davamlı sülh və yekun həll üçün siyasi proses davam etdirilir. Cenevrədə növbəti danışıqlar iyulun 10-da keçiriləcək. Rusiya, Türkiyə və İran Suriyada xüsusi zonalar məsələsində razılığa gələ bilmədilər. 

Qeyd edək ki, Astana danışıqlarından öncə Türkiyənin bu müzakirələrə böyük ümidlə baxdığına dair məlumatlar yayılmışdı. Hətta Afrin bölgəsinin və Menbiç-Hələb yolunun PYD-nin nəzarətindən geri alınmas üçün Ankara ilə Moskva arasında bir razılaşmanln da əldə olunduğu bildirilirdi. Afrin, Təl-Rəfat rayonlarının, o cümlədən, Minniq hava limanının Türkiyə hərbi bazasının əlinə keçməsi Ankara ilə yanaşı Mosskva üçün də strateji əhəmiyyət daşıyır. Həmin ərazilərin kürd yaraqlılarından təmizlənməsi İdlib bölgəsinin Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən, həmçinin Mərkəzi Asiyadan gəlmiş terrorçulardan təmizlənməsi üçün Rusiyanın maraqlarına cavab verir. Bu, eyni zamanda, Aralıq dənizinin sahiliboyu Latakiya bölgəsinə nəzarət edən Rusiyaya şimaldan və çimal-qərbdən hücuma keçən Türkiyə silahlı qüvvəlrinə cənubdan hərbi dəstək verməklə regiondakı mövqeyini möhkəmlətmək imkanı yaratmış olar. Əks təqdirdə, ABŞ-ın PYD ilə birgə keçirdiyi hərbi əməliyyatlar Bağdad-Hələb-İdlib avtomobil yoluna nəzarəti əldə saxlamağa çalışan hər üç müttəfiqin bu imkandan məhrum edilməsi ilə başa çata bilər. Ona görə də iyulun 2-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə planı tazılaşdırdığı deyilən Türkiyə rəhbərliyinin Astana görüşündən sonra Suriyada "Fərat qalxanı" əməliyyatının ikinci hissəsinə başlayacağı gözlənilirdi. Yəni, Afrin-İdlib bölgəsindəki təhlükəsizlik zonasıı yaradılması nəzərədə tutulan ərazi də daxil olmaqla 5 min kv.km-ə nəzarət imkanı əldə edən Türkiyə Suriya böhranına dair danışıqların növbəti mərhələsinə əsas oyunçu kimi qatılmaq iddiasındadır. 

Ancaq müzakirələrin son mərhələsində Suriyada atəşkəsə dair müttəfiqlik nümayiş etdirən tərəflərin anlaşa bilməməsi təbii ki, yaranmış situasiyanı hərtəfəli dəyişə bilər. Afrini terrorçulardan azad etmək üçün yaxın günlərdə əmr veriləcəyini bildirən Ərdoğan iqtidarının Astana görüşündən sonra bir qədər gözləmə mövqeyinə çəkildiyi hiss olunur. Çox güman ki, rəsmi Ankara müttəfiqləri ilə, ilk növbədə isə Rusiya ilə razılaşdırmadan "Fərat qalxanı-2" əməliyyatına başlamayacaq. Türkiyə prezidenti ehtimal ki, G-20 sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşündə onu bu prosesə dəstək verməyə inandırmağa çalışacaq. Əks təqdirdə, Türkiyənin Rusiyanın dəstəyi olmadan Suriyada genişmiqyaslı hərbi əməliyyatar aparması ABŞ və yaxşı silahlanmış YPG ilə qarşı-qarşıya qoya bilər. 

Doğrudur, Rusiya son vaxtlar Birləşmiş Ştatlarla strateji müttəfiqlik münasibətləri qurmuş köhnə tərəfdaşı PYD-ni Türkiyənin əli ilə cəzalandırmaq haqqında düşünür. Lakin Russiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın son bəyanatı Moskvanın bu məsələdə ehtiyatlı addım atdığına dəlalət edir. Mariya Zaxarova Türkiyənin Afrində hərbi əməliyyat keçirmək niyyəti ilə bağlı suala cavab verərkən deyib: "Heç kim bu ölkənin (Suriyanın) qanunlarını, ərazi bütövlüyünü və suverenliyini təhdid etməməlidir". 

Zaxarova onu da bildirib ki, Rusiya Suriyadakı bütün siyasi oyunçuların bu prinsiplərə əməl etməsinin tərəfdarıdır. "Suriya çox millətin yaşadığı ölkə olaraq, daxili problemlərini özü həll etməlidir. Suriyanın bu böhrandan sonra necə bir ölkə olacağını orada yaşayan xalqlar öz aralarında müəyyən etməlidir. Suriyanın yeni kostitusiyası birgə qəbul edilməlidir. Bu prosesdə Suriyanın kürd azlığı önəmli amillərdən biridir. Dolayısı ilə onların baxışları da nəzərə alınmalıdır". 

Mariya Zaxarovanın fikirlərindən də göründüyü kimi, Rusiya kürd kartından imtina etmək istəmir. Yəni bu məsələdə Kreml ənənəvi olduğu kimi ikibaşlı siyasət yürüdür. Moskvanın hazırda PYD məsələsində Türkiyəyə edə biləcəyi hər hansı güzəşt taktiki xarakter daşıya bilər. Lakin Suriyanın gələcək siyasi taleyinin müəyyənləşməsində PYD/YPG-nin imkanlarından istifadə edilməsi dəyişməz plan olaraq qalır. Əks halda, Rusiyadan üz döndərən kürd kartı ABŞ-ın xeyrinə işləyə bilər.

İkincisi, Kremlin Ankara ilə sona qədər anlaşmaya getməməsi Rusiya və ABŞ prezidentlərinin görüşü ərəfəsində Vaşinqtona yönəlik müsbət jest də sayıla bilərdi. Məlumdur ki, Donald Trampla Vladimir Putinin "Böyük iyirmilər"in sammiti çərçivəsində keçirilən görüşünün gündəliyinə Suriya böhranının müzakirəsi də daxil olub. Siyasi ekspertlər danışıqların kifayət qədər gərgin keçəcəyini proqnozlaşdırsa da müəyyən qədər qarşılıqlı kompromis imkanlarını axtarılacağı da istisna olunmurdu. İlkin bəyanatlardan da görüşün konstruktiv keçdiyi görünür.  

Rusiyanın, o cümlədən, ABŞ-ın Hamburq görüşündə Suriya məsələsi ilə bağlı yekun mövqeyi Türkiyənin başlatmaq istədiyi hərbi planına ciddi təsir göstərmək imkanına malik idi. Lakin görüşdən bir gün əvvəl prezident Trampın Polşadakı çıxışı zamanı Ukraynada və Suriyadakı siyasətinə, habelə, İranla hərbi müttəfiqlik qurduğuna görə Rusiyanı ağır tənqid etməsi tərəflərin Suriya nəsələsində ortaq məxrəcə gəlmək imkanlarını əvvəldən fiaskoya uğradıb. Türkiyə yəqin ki, bu cəbhələşmədən 6-cı Astana görüşünə qədər Afrini və İdlib yolunu tutmaq üçün istifadə etməyə çalışacaq. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları