Yuxarı

Meydanı daralan siyasətçilərin sonu

Meydanı daralan siyasətçilərin sonu

İctimai-siyasi proseslərin inkişafndan asılı olaraq Azərbaycanda yeni müxalifətin ortaya çıxması zərurəti yaranıb. Üstəlik, bu, yeni zərurət deyil. İllərdir ki, meydanı tərk etməyə cəsarəti və iradəsi çatmayan bir qrupun "özəlləşdirdiyi” müxalifət cəbhəsində yeni simalara, yeni sözə və yeni əməllərə ehtiyac var. Lakin bir sıra siyasi təşkilatlar tərəfindən ənənəvi müxalifətin süquta uğratdığı demokratik dəyərlər və müxalifətçilik ideologiyasını dirçəltmək cəhdləri edilsə də ənənəvi düşərgənin dəyişməz simaları bunun qarşısına maneələr çıxarır. 

"Yurd” sədri Əli Kərimlinin açıq-aşkar mübarizəyə xəyanət edərək şəxsi maraqlarını ön planda tutması, Müsavat Partiyasında dəyişməyən rejim və digər siyasi partiyalardakı qeyri-demokratik ab-hava isə cəmiyyətin müxalifətə olan inamını itirməyə xidmət edir. Əlbəttə, "Bir sözümlə oturub qalxan adamlar idiniz” deyən Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı kimi şəxslərin təhqirinə rəvac verənlər "mübarizə” dedikdə ancaq şəxsi mənafeləri üçün qurulan oyunları nəzərdə tutur. Belə şəxslərin kök saldığı düşərgəyə inamın azalması və hətta sona çatmasında təəccüblü nəsə axtarmaq lazım deyil.

Son zamanlarda Əli Kərimlinin avtoritar caynağından xilas edilmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP), REAL Hərəkatı, Ağ Partiya, ADR Hərəkatı və digər siyasi təşkilatlar yenidən cəmiyyəti müxalifətə, müxalifətçilik ideologiyasına qazandırılması işində mühüm addımlar atırlar. Əlbəttə, müxalifətçiliyə bütöv xalqın böyük əksəriyyətinin inamının qırıldığı mühitdə yenidən elektoratı mübarizə meydanına çıxarmaq asan məsələ deyil, amma müxalifət kənardan göründüyü qədər də fəaliyyətsiz dayanmır. Əsas problem cəmiyyəti inandırmaq işinin çətinliyidir ki, yeni formalaşmış siyasi qüvvələr sosial şəbəkələr, internetin digər resursları və bir sıra media qurumları vasitəsilə cəmiyyətlə təmaslarını artırıblar.

Başqa sözlə, cəmiyyət əvvəlki qədər müxalifətçilik ideyasına inanmır. Bunda əsas məsuliyyət də meydandan kənara çəkilmək istəməyən ənənəvi müxalifətin üzərinə düşür. İndi ən mühüm məsələ cəmiyyəti meydanda olan yeni siyasi qüvvələrə inandırmaqdır ki, bu da gərgin zəhmət tələb edir.

"Biz boş vədlər vermirik”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Ehtiram Mehtiyev "Cümhuriyət” qəzetinə açıqlamasında ölkənin siyasi durumunun acınacaqlı halda olduğunu deyib. AXCP rəsmisinin sözlərinə görə, bunun başlıca səbəblərindən biri də xalqın müxalifətə, siyasi partiyalara inamının qalmamasıdır: "Ənənəvi müxalifət prosesləri elə bir istiqamətə yönəldilib ki, insanlar yeni simalara, yeni liderlərə ehtiyac hiss edirlər. Yeni dönəm və yeni mübarizə lazımdır ki, bu problemləri həll etsin. Biz Azərbaycan Xalq Cəbhəsi Partiyası olaraq, bu yöndə fəaliyyətimizi aparırıq. Son zamanlarda partiyamızın aktiv fəaliyyəti, xalqla sıx təmasda olması və tez-tez regionlarda insanlarla keçirdiyimiz görüşlər də buna hesablanıb. Biz 2018-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşırıq. Biz çalışırıq ki, xalqın inamını geri qaytaraq. Biz boş vədlər vermirik, dəyişiklik üçün öz gücümüzü ortaya qoyacağıq. Ənənəvi müxalifət isə geri çəkilmək istəmir, hətta, kürsülərində yubiley yaşlarını qeyd edən partiya sədrləri var. Biz bunu aradan qaldırmağa çalışırıq”.

"Ənənəvi müxalifətin səhvlərini biz düzəldirik”

Ağ Partiyanın sədri Tural Abbaslı "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, yeni və müasir dünya siyasətinə cavab verən siyasi qüvvələrin özünə yer etməsi çətin prosesdir. Partiya sədri hesab edir ki, cəmiyyətlə işləmək və yenidən cəmiyyəti müxalifətə inandırmaq asan məsələ deyil: "İndiki şərtlər altında işləmək çətindir. Ənənəvi müxalifətin cəmiyyətə vurduğu zərbənin əvəzini də biz ödəyirik. Bizdən qabaqkıların yarıtmaz siyasəti nəticəsində "müxalifət” sözünə belə insanlar inanmaq istəmirlər. 

Dəymiş ziyanı tezliklə bağlamaq mümkün deyil. Hazırda özümüz, qurduğumuz platformanı cəmiyyətə təqdim etməyə çalışırıq. Hakimiyyət - müxalifət münasibətlərinin düşmənçilik yox, dialoq zəminində qurulması üçün mübarizə aparırıq. Dünənə qədər müxalifət - iqtidar münasibətləri qeyri-ciddi ənənələr üzərində bərqərar idi. Biz bu mənzərəni dəyişməyə çalışırq. Hesab edirəm ki, bu vəziyyət dəyişəcək. 

Çünki cəmiyyət artıq əvvəlki kimi deyil və bir sıra siyasi partiyaların əllərində olan qəzetlərlə öz fikrini formalaşdırmır. Artıq müxtəlif yollar vasitəsilə insanlar həqiqətləri əldə edə bilirlər. İnformasiyalarla çıxış asanlaşıb. Artıq cəmiyyət doğru seçim edə biləcək vəziyyətdədir. Biz bu istiqamətdə işlərimizi davam etdirsək, cəmiyyət bizə inanaraq bizi qəbul edəcək. Proseslər bununla yeni mərhələyə keçəcək”.

Yeni yetişən siyasi qüvvələr 25 ildən çox siyasi səhnədə olan partiyalardan daha çox tanınmağa başlayıblar: "Cəmiyyət baş verənlərə adekvat reaksiya verir, bu müsbət haldır. Hesab edirəm ki, yeni siyasi qüvvələrin fəaliyyətləri nəticəsiz qalmayacaq”.

Mənsur






Həftənin ən çox oxunanları