Yuxarı

"Kürd planı”na qarşı ittifaq

İraq Kürd Muxtariyyətinin müstəqilliyini elan etmək üçün referendum keçirmək planı Türkiyə və İranı yaxınlaşdırıb.Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana gözlənən səfəri zamanı İran rəhbərliyi ilə bölgədəki kürd terroruna və separatizminə qarşı birgə mübarizə məsələsini müzakirə edəcəyi gözlənilir.İraqın parçalanması təhlükəsi İran, Türkiyə və Rusiya arasında dialoqun intensivləşməsi ilə müşahidə olunur.Yəni Tehran və Ankara bu məsələdə Kremlin dəstəyinə əldə etməyə çalışır.

Bir sıra regional məsələlərdə Ankara ilə Tehranın geosiyasi maraqları toqquşsa da İran silahlı qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqirinin avqustun 15-də Türkiyəyə səfər etməsi siyasi müşahidəçilərin diqqətini cəlb edib. Məhəmməd Baqiri Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşüb.Bu danışıqlardan dərhal sonra Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya SQ-nin baş qərargah rəisi Valeri Gerasimovun Ankaraya səfər edəcəyini söyləyib.

Qeyd edək ki, general Baqiri 1979-cu ildən bəri İran SQ-nin Türkiyəyə rəsmi səfər ilk baş qərargah rəisidir.Bu səfər bəzi konyuktur hadisələrə görə xüsusi əhəmiyyət daşıyır.General Baq

irinin Ankaraya gəlişi ilə eyni vaxtda İraq Kürdüstanı Muxtariyyətinin Seçkilər və Referendum üzrə Ali Müstəqillik Komissiyası sentyabrın 25-də referendum keçiriləcəyini açıqlayıb.Təbii ki, Bərzani hökumətinin bu mövqeyi İranı qane edə bilməz.Ona görə də hələ iyul ayının 17-də general Baqiri kürd regional muxtariyyətinin müstəqilliyinə dair hər hansı referendumun qəbuledilməz olduğunu deyib."Bu qonşu İraq üçün qəbuledilməzdir.İraqın suverenliyi və ərazi bütövlüyü ölkədəki bütün etnik və məzhəbçi qrupların maraqlarına cavab verir”-deyə baş qərargah rəisi bəyan edib.

Dünyanın aparıcı xəbər agentlikləri iranlı generalın Ankaraya səfərini "gözlənilməz”, "qəfil”, "mühüm mərhələ” adlandırıblar. Baqiri özü isə Türkiyədə apardığı müzakirələri belə dəyərləndirib: "Biz xeyli müddət idi ki, belə səfərlər etmirdik. Ancaq bölgədəki bir çox hadisələr hər iki ölkənin, sərhədlərimizin təhlükəsizliyi və terrorçuluğa qarşı mübarizə ilə bağlıdır.Bu səfəri etmək vacib idi”.

Türkiyə Təhlükəsizlik Şurasının sabiq baş katibi Tuncer Kılınçın İran mediasına verdiyi müsahibədən bu səfərin böyük əks-səda doğurduğunu görmək olar: "Bu səfər özündə Türkiyənin daxili, İranın isə xarici regional diplomatiyasında tarixi mərhələni əks etdirir. Əgər Türkiyə və İran birgə fəaliyyət göstərərsə, bölgənin tarixində yeni səhifə açıla bilər”.

Kılıncın sözlərinə görə, Türkiyə "mavi gözlü” generalları və "yankilər”i qəbul etməyə adət etmişdi. O, iranlı, yaxud özünün dediyi kimi Qərbi Asiyadan olan generalın Ankaraya səfər etməsini Türkiyənin Avroatlantik cəbhədəki münasibətlərinə zərbə adlandırıb. Tuncer Kılıncın fikrincə, bu səfər qəribə metamorfozalar yaşayan Türkiyə üçün tarixi baxımdan rəmzi məna daşıyır: "Türkiyə Rusiya və Çinlə yaxınlaşır, eyni zamanda Ər-Riyad, Əbu-Dabi, Brüssel, Vaşinqtondan uzaqlaşır. Bütün parametrlər bu dəyişiklikləri göstərir”.

İranın "Vatanemrooz” qəzetinin yazdığına görə, M.Baqiri və H.Akar arasındakı görüşün daha bir mühüm məqamı Suriyadakı hazırkı vəziyyətlə bağlı olub.Bu görüş Rusiya və İran prezidentlərinin Suriyadakı vəziyyəti müzakirə etməsindən bir gün sonra olub.Həmçinin qeyd edilir ki, Türkiyənin Suriya siyasətində əhəmiyyətli dəyişiklik hiss olunur.İdlibdə yuva salmış terrorçu qruplar məsələnin kompleks həllinin hazırlanmasında Türkiyəyə təzyiq göstərir.

"Zaman əl-Vəsl” qəzeti isə Suriya inqilabçılarının milli koalisiyasındakı mənbəyə istinadən Türkiyənin müxalifət qüvvələrinə maliyyə dəstəyini dayandırdığını yazıb.Əvvəllər Türkiyə ABŞ-ın təşəbbüsü ilə bu təşkilata hər ay 320 min dollar yardım göstərirdi.Türkiyə, İran və Rusiya ekspertləri ötən həftə Tehranda görüşərək Suriyadakı son hadisələri müzakirə edib.İdlibdəki vəziyyət daha çox diqqət mərkəzində olub.Belə ki, ABŞ-ın PKK və PYD ilə birlikdə İdlibə hücuma hazırlaşdığı barədə hələ ötən həftə xəbər yayılmışdı.Türkiyənin "Yeni Şafak” qəzetinin yazdığına görə, ABŞ "Fərat qalxanı” əməliyyatının qarşısını almaq üçün PKK-nın vasitəsilə həmin bölgəni tutmaq və terrorçulara dəhliz açmağı planlaşdırır.Məqsəd PKK-nın Aralıq dənizinə çıxışını təmin etməkdir.Afrində və Kobanidəki kantonları ayırmaq üçün İdlibin ələ keçirilməsi lazımdır.Əvvəllər İŞİD-in nəzarətində olan bu bölgə sonradan PKK-nın əlinə keçmişdi.İndi isə terrorçuların dəhlizini genişləndirmək üçün "Əl-Qaida” ilə mübarizə adı altında əməliyyatlar başladıla bilər.

İraqdakı referendumun keçirilməsi də Suriyanın şimalındakı PYD/YPG terrorçularını silahla təmin etmək məqsədi daşıyır.Yalnız son iki ayda Pentaqon PKK silahlılarına 1100 maşın silah və döyüş vasitələri göndərib. Gələn il yeni "Peşmərgə” dəstələrinin formalaşdırılması üçün Pentaqon 110 milyon dollarlıq silah-sursat ayırıb. Silahlı kürd alaylarının təliminə 200 milyon dollar ödəniləcək.

ABŞ-ın Suriya və İraq kürdləri ilə birgə nizami ordu yaratmaq cəhdi bölgədəki müharibənin Türkiyə və İran ərazisinə keçməsinə səbəb ola bilər. Ona görə də 500 km ümumi sərhəddə malik Türkiyə və İranın bir araya gəlməsi bu təhlükənin qarşısını almağa xidmət edir.Mövlud Çavuşoğlu Rusiyanın baş qərargah rəisinin yaxın günlərdə İdlibdəki vəziyyəti müzakirə etmək üçün Ankaraya səfər edəcəyini deyib. Böyük ehtimalla, tərəflər İdlibə hücumun qarşısının alınması və "kürd dəhlizi”nin yaranmasına imkan verilməməsi üçün Rusiyadan hərbi və siyasi dəstək istəyəcək. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları