Yuxarı

Hitlerçilər hakimiyyətə qayıtdı

Hitlerçilər hakimiyyətə qayıtdı

Almaniyada keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə hakim Xristian Demokratlar Partiyası 32,5 faiz səslə qalib gəlib. Xristian demokratların lideri Angela Merkel dördüncü dəfə kansler seçilmək şansı qazanıb. Səsvermənin nəticələri xanım Merkelə birpartiyalı yeni hökuməti formalaşdırmaq imkanı verir. 20 faiz səslə parlamentdə ikinci çoxluğa sahib olan Sosial Demokratlar Partiyasının lideri Martin Şultz hökumətdə koalisiyaya getmək fikrində olmadığını və ana müxalifət olaraq qalacağını bəyan edib. Əslində, XDP-nin qalib gələcəyini seçkilərdən əvvəlki rəy sorğuları da təsdiq edirdi. Ancaq radikallardan ibarət Almaniya üçün Alternativlər Partiyasının 13,5 faiz səslə üçüncü yeri tutması hakim siyasi qüvvə üçün gözlənilməz olub. 

2016-cı ildə yerli orqanlara keçirilən seçkilərdə, xüsusilə də Berlin şəhərində "Almaniya üçün Alternativlər”in qələbə çalması nasistlərin siyasi mövqeyini xeyli möhkəmlətdi. Hətta bu nəticədən sonra 2017-ci ilin parlament seçkilərində radikalların XDP üzərində qələbəsinin qaçılmaz olacağına dair proqnozlar səslənməyə başladı. Hazırda radikallar Almaniyanın 13 yerli parlamentində təmsil olunur. 2016-cı ildə Böyük Britaniyada "Breksit”lə bağlı referendum, ABŞ-da Donald Trampın qələbəsi, Avropada ultrasağçı siyasi cərəyanların güclənməsi Almaniya cəmiyyətində AAP-ın siyasi təsir imkanlarını artırmışdı. Lakin mart ayında Hollandiyada və may ayında Fransada keçirilən seçkilərdə Avosentristlərin qələbəsi Almaniyada liberalların reytinqinin artmasında ciddi rol oynayıb. Buna baxmayaraq, Almaniya hökuməti siyasi sürprizlə qarşılaşıb. Siyasi ekspertlərin fikrincə, radikalların Bundestaqda 88 mandat əldə etməsində həm daxili, həm də xarici amillər mühüm rol oynayıb. 

Emmanuel Makronun prezident seçilməsi ilə Fransanın Avropa Birliyində siyasi mövqeyinin möhkələnməsi bu ölkənin əsas rəqiblərindən biri olan Almaniyada Angela Merkelin qələbəsinin təmin olunmasna ciddi təsir göstərib. Siyasi müşahidəçilərin fikrincə, D.Tramp ABŞ-da prezident seçildikdən sonra A.Merkel dünyada liberalların liderinə çevrilib. Xanım kanslerin növbəti uğuru Almaniyanın ABŞ qarşısında siyasi çəkisini bir qədər də artıracaq. Buna baxmayaraq, Fransa prezidentinin Avropa Birliyi ölkələrinin vahid büdcəsinin formalaşdırılması təklifinin Almaniya əhalisinin 39 faizi tərəfindən dəstəklənməsi Xristian Demokratları çətin vəziyyətə salıb. Həmçinin, Merkel hökumətinə qarşı olan radikalların xaricdən dəstəyinin olması da seçkilərin nəticəsinə təsir göstərib. 

"Seçkidən sonra miqrasiya siyasətinə dəyişiklik ediləcək”

NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Fransadakı prezident seçkilərindən sonra Almaniyada da Avropa Birliyi ilə bağlı yeni uğurlu siyasi kursun qələbəsi gözlənilən idi. Lakin Almaniyada 1932-ci ildən sonra radikalların yenidən seçkilərdə xeyli səs toplayaraq parlamentdə yer alması arzuolunan nəticə hesab oluna bilməz:

"Bu proses Angela Merkelin 2015-ci ildə həyata keçirdiyi miqrasiya siyasətinin və onu bu addımı atmağa vadar edən qüvvələrin səyinin nəticəsidir. Almaniya demokratik dövlətdir və qoşulduğu beynəlxalq konvensiyalara mükəlləfdir. Bu baxımdan, Almaniya BMT-nin əsasnaməsinə görə, miqrant qəbul etdi. Həmin miqrantlar da sonradan başqa dövlətlərin maddi-texniki dəstəyi ilə cinayət tərkibli işlər gördülər. Miqrantlara qarşı nifrətin oyanması seçkiqabağı radikalların mövqeyini gücləndirdi. Hazırda hər beş almandan üçü miqrasiya siyasətinin yenidən nəzərdən keçirilməsinin tərəfdarıdır. Ona görə də yeni parlamentə və hökumətə miqrasiya siyasəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsini təklif edəcəklər. Görünür, Almaniya seçkidən sonra miqrasiya siyasətinə dəyişiklik edəcək. Lakin radikalların bu qədər səs çoxluğu ilə Bundestaqa düşməsi heç də yaxşı siyasi hal deyil. Almaniya bu prosesin əziyyətini çəkəcək. Belə vəziyyətin yaranmasında Amerikanın və digər dövlətlərin xüsusi xidmət orqanlarının da rolu var.

Almaniyada islam dininə qarşı olan "Pegide” adlı təşkilat var. Seçkilərdə bu təşkilat da radikallara dəstək vermişdi. Onlar rus kökənlidir və maliyyəsi də Rusiya xüsusi xidmət orqanlarına bağlıdır. Almaniya üçün Alternativlər hökumətdə müəyyən vəzifələrə iddialıdır. Onlar dövlətdən aldıqları maliyyəni öz ideyalarını yaymaq üçün istifadə edəcəklər. Doğrudur, İkinci Dünya Müharibəsindən sonra alman xalqı nasistlərin hakimiyyətə gəlməsini dəstəkləmir. Amma bu da dövlətin inkişafına mane olan bir təhdiddir. Məncə burada ABŞ-ın kifayət qədər rolu var. Çünki Almaniyanın həm iqtisadi, həm də geosiyasi gücü son dövrlər xeyli artıb. Ona görə də Almaniyanı zəiflətmək istəyirlər. Parlament fəaliyyətə başladıqdan sonra radikalların və ya onları dəstəkləyən qüvvələrin nə istədikləri məlum olacaq. Bunu da yəqin ki, dekabr ayına qədər bəlli olacaq. Deməli, Xristian Demokratlar və Sosial Demokratlar istənilən qərarı asanlıqla qəbul edə bilməyəcəklər. Radikalların mövqeyi kifayət qədər sərt olacaq və bir sıra proseslərin həyata keçirilməsinə mane olacaqlar”. 

Politoloq onu da bildirdi ki, Almaniya üçün Alternativlər Partiyasının parlamentə düşməsində onların ölkənin siyasi güc mərkəzi sayılan bölgələrində xeyli tərəfdara malik olması da rol oynayıb: "Almaniyadakı seçkilərə federal ərazilər ciddi əhəmiyyət daşıyır. Xüsusilə də Bavariya, Berlin və Hamburq ölkənin əsas siyasi güc mərkəzləridir. Bu bölgələrdə isə radikalların mövqeyi güclüdür. Bavariya isə radikalların formalaşmasında siyasi mərkəz sayılır. İkinci Dünya Müharibəsindən əvvəl də Bavariya Berlinlə müqayisədə daha yüksək siyasi çəkiyə malik olub. Bütün siyasi proseslər, siyasi kursu müəyyən edən kapital sahibləri Bavariyadan çıxıb. Seçkilərdə ana müxalifət kimi ikinci yeri tutmuş Sosial Demokrat Partiyasının lideri Martin Şultz alman xalqının o qədər də sevdiyi bir siyasətçi deyil. Onun xarici siyasət konsepsiyası , daxili siyasət konsepsiyası, dövlətlərə qarşı münasibəti birmənalı qarşılanmır. O, lider hesab olunmur. Məsələ burasındadır ki, alman xalqı yenilik istəyir. Almaniyada yeniliklə müşahidə olunmayan bir proses var.

Xristian Demokratların ən böyük problemi isə bürokratiyadır. Ancaq radikallar "Alman ideyası”, "Bürokratiyanın aradan qaldırılması”, "Almaniyanın güclənməsi” kimi insanların hisslərinə toxunan şüarlarla çıxış etməsidir. Onların tərəfdarlarının çoxu da gənclərdir. Xristian Demokratlar və Sosial Demokratlar gənclərə yenilik verə bilmədiyi üçün xanım Merkelin son iki ildəki passiv siyasəti radikalların parlamentə gəlməsi ilə nəticələndi. Yəni Hitler dönəmindən sonra ilk dəfə radikallar parlamentdə yer qazanıb. Bu, gələcəkdə ölkə daxilində çaxnaşmalara belə gətirib çıxara bilər. Seşkilərdə Xristian Demokratlar qalib gəlsə də radikalların qələbəsi bir növ hakim partiyanın məğlubiyyəti deməkdir. İnsanları yeni ideyalarla inandırıb aqressiyaya deyil, inkişafa meylləndirməklə bu təhlükədən xilas olmaq mümkündür. Əks təqdirdə, Almaniyanı ağır siyasi proseslər gözləyir”.

"Türkiyə ilə münasibətlər yaxşılaşdırılmalıdır”

Fərrux Məmmədov hesab edir ki, yeni seçilən hökumət Almaniyanın xarici siyasətində dəyişiklik etməlidir. Bunun ilk növbədə, Türkiyə ilə münasibətlərə şamil olunması zərurətə çevrilib: "Almaniyanın xarici siyasətində dəyişiklik yalnız Avropa Birliyinin maraqları çərçivəsində baş tuta bilər. İkinci mühüm məqam ondan ibarətdir ki, Almaniya Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır. Türkiyə prezidenti Ərdoğanın da türk icmasına müraciəti Almaniyada radikalların parlamentdə yer qazanmasına kömək edib. Çoxsaylı türklərin səsverməyə getməməsi onların seçkilərə təsir göstərə bildiyini əks etdirir. Ona görə də Almaniya Türkiyə ilə əlaqələri bərpa etməlidir. Almaniya da anti-türklərlə yanaşı, pro-türklər də var ki, onlar Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarıdır. Xristian Demokratlar Türkiyə ilə bağlı yeni fəaliyyət planı hazırlamalıdır. İkitərəfli münasibətlərin qaydaya düşməsi həm Türkiyənin terrorla mübarizəsini gücləndirəcək, həm də Almaniyanın daxilində radikallığın artmasının qarşısını ala bilər.

 ABŞ isə artıq bir güc mərkəzi kimi Almaniyanın daxilində oturuşub. Amerikanın böyük investorlarının Almaniya iqtisadiyyatını vergi ödəmədən sümürməsi narazılığa səbəb olur. Onlar hesab edirlər ki, Amerika artıq "Marşal planı" yardımının 30 mislini Almaniyadan alıb. ABŞ-ın Almaniya daxilində müstəqilliyini saxlamasına görə Merkeli ittiham edirlər. Almanlar Rusiya ilə münasibətlərin yoluna qoyulmasının tərəfdarıdır. Rusiyanın isə radikalları dəstəkləməsinə baxmayaraq, Almaniyanın xarici siyasətinə təsir etmək gücü demək olar ki, yoxdur. Ancaq parlament yeni seçildiyi üçün yeni xarici siyasət konsepsiyasının necə olacağını bir-iki ay gözləmək lazım gələcək”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları