Yuxarı

Ermənistan Kremlin planını pozdu

Ermənistan Kremlin planını pozdu

"Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı danışıqlar tezliklə yekunlaşmayacaq”. Bu açıqlama ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda həmkarı Edvard Nalbandyanla görüşündən sonra çıxış edib. Problemin çətin olduğunu bildirən S.Lavrovun sözlərinə görə, aparılan danışıqların təcrübəsi onun tezliklə başa çatacağını vəd etmir. 

Rusiya xarici işlər nazirinin qeyd edilən açıqlaması münaqişənin həlli istiqamətində Moskvanın son həftələr artan diplomatik fəallığının nəticəsiz qalması kimi də qiymətləndirilə bilər. Bir sıra ekspertlər Kremlin son təşəbbüslərinin status-kvonun saxlanılmasına xidmət etdiyini və münaqişə tərəflərinə yeni təkliflərin təqdim olunmadığı qənaətindədir. Bununla yanaşı, Kremlin Dağlıq Qarabağın ətrafında işğal olunmuş beş rayonun geri qaytarılması müqabilində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması şərtlərini irəli sürdüyü barədə informasiyalar yenidən gündəmə gəlib. Sergey Lavrovun noyabrın 19-20-də Bakıya və İrəvana səfərləri zamanı bu məsələni müzakirə etdiyinə dair ehtimallar üstünlük təşkil edir. Doğrudur, danışıqlar maksimum konfidensial şəraitdə keçirildiyindən "Lavrov planı”nın müzakirə predmeti olmasına rəsmi məlumat yoxdur. Lakin Rusiya xarici siyasət idarəsi rəhbərinin Azərbaycan Diplomatik Akademiyasında keçirdiyi görüş zamanı "Biz Azərbaycanı Avrasiya İqtisadi Birliyində görməyə çox şad olarıq”-deməsi sözügedən məsələnin Kremlin təkliflər paketində yer aldığını deməyə əsas verir. 

Eyni zamanda, Lavrovun səfərindən sonra Ermənistandan gələn bəyanatlar Rusiyanın beş rayon təklifinin İrəvanda danışıqlar masasına çıxarıldığını göstərir. Amma burada söhbət Rusiyanın siyasi mövqeyini dəyişməsindən deyil, Azərbaycanı və Ermənistanı öz maraqları naminə müəyyən güzəştlərə vadar etmək cəhdindən gedir. Kremlin planına görə, rəsmi Bakı beş rayonun qaytarılması əvəzində qeyd edilən şərtləri qəbul edərsə, Dağlıq Qarabağın yekun hüquqi statusu "Lavrov prinsipləri” adlanan təkliflər paketinə görə qeyri-müəyyən müddətə təxirə salınacaq. Rusiya rəhbərliyinin əslində mərhələli həll varianti kimi təqdim etdiyi bu nizamlanma planı aldadıcı xarakter daşıyır. Bu status-kvonun dəyişməsinə səbəb olmur. Hazırda Azərbaycanın hərbi potensialının Ermənistanla müqayisədə bir neçə dəfə artdığından status-kvonun dəyişməsi riski daha yüksəkdir. Münaqişənin həlli "Lavrov prinsipləri” üzrə həyata keçirilsə, bir neçə rayonun qaytarılmasına baxmayaraq, münaqişə yeni dondurulmuş fazaya keçə bilər. Belə ki, Moskva Rusiya qoşunlarının sülhməramlı mandatla münaqişə bölgəsinə yerləşdirilməsini istəyir ki, bu da Dağlıq Qarabağın, Laçın və Kəlbəcər rayonlarının erməni işğalında qeyri-müəyyən müddətə qalmasını təmin etməklə bərabər, hətta Azərbaycanın suverenliyinin itirilməsi deməkdir. Rusiya sülhməramlıları münaqişə bölgəsinə yerləşdirilsə, digər ərazilərin qaytarılacağına dair təkliflərin gerçəkləşməsi sual altına düşür. Rusiyanın regionda hərbi mövqeyini möhkəmləndirməsi Azərbaycanı Ermənistana təsir imkanlarından məhrum edə bilər. Ekspertlərin fikrincə, ən yaxşı halda Laçın və Şuşanın qaytarılması təklifi sonu görünməyən danışıqlar predmeti olaraq qalacaq. Bu da öz növbəsində, işğal altında qalan digər ərazilərin, o cümlədən, Dağlıq Qarabağın qaytarılmasını mümkünsüz edir.

Bəzi analitiklərin rəyinə görə, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunarsa, ən azı Dağlıq Qarabağın ətrafındakı 6 və 7 rayonun qaytarılması baş verərsə, rəsmi Bakının Avrasiya İqtisadi Birliyinə daxil olması mümkündür. Ancaq Ermənistanla eyni hərbi bloka daxil olmağa və Rusiya qoşunlarının Azərbaycan ərazisinə yerləşdirilməsinə rəsmi Bakının razılıq verəcəyi inandırıcı görünmür. 

Ermənistan isə ümumiyyətlə, heç bir güzəştə hazır olmadığını nümayiş etdirir. "Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının perspektivi son dərəcə dumanlıdır”-belə bir bəyanatla Ermənistanın hakim Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan çıxış edib. O, bildirib ki, Ermənistan Azərbaycanın AİB-də iştirakına zərurət görmür. Bununla yanaşı, deputat hesab edir ki, Rusiya tərəfinin motivasiyası tamamilə başa düşüləndir: "Sözsüz ki, hər bir inteqrasiya birliyi və onun təşkilatçıları həmişə onun genişlənməsində maraqlı olacaqlar. Ermənistanda çoxlarına nədənsə elə gəlir ki, bütün Rusiya və onun Xarici İşlər Nazirliyi maraqlarımızı müdafiə etməlidir. Mən belə hesab etmirəm”-deyə Baqdasaryan bildirib. 

Erməni deputatın sözlərinə görə, Moskva Dağlıq Qarabağ münaqişəsinin gec-tez həll olunacağını anlayır. Bu baxımdan, Rusiya Azərbaycanla gələcəkdə əməkdaşlıq qurmaq üçün imkanlarını əldən vermək istəmir. "Amma biri var istək, bir də var onu obyektiv şəkildə həyata keçirmək. Reallıq bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafında münaqişə qaldıqca, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzvlüyündən danışmaq mümkün deyil. Məlumdur ki, yeni üzvlərin qəbulu konsensus əsasında baş tutur. Ermənistan isə hazırkı şərtlərlə Azərbaycanın Avrasiya İqtisadi Birliyində üzvlüyünə qarşı çıxır”. 

Vaqran Baqdasaryanın bu sözləri şübhəsiz ki, hakim partiyanın mövqeyini əks etdirir. Sarkisyan iqtidarı Azərbaycanın AİB-ə daxil olmasına qarşılıq olaraq heç bir güzəştə getməyəcəyini açıq bəyan edir. Rəsmi İrəvanın belə sərt mövqe nümayiş etdirməsi ilk növbədə Ermənistanda qarşıdan gələn baş nazir seçkiləri ilə izah oluna bilər. 2018-ci ilin aprel ayında prezidentlik müddəti başa çatan Serj Sarkisyan baş nazirlik postuna iddialıdır. Ona görə də Sarkisyanın hazırda 5 rayonu qaytarmaq barədə Rusiyanın təklifinə razılıq verməsi onun əleyhinə işləyən amilə çevriləcək. Eyni zamanda, son vaxtlar Ermənistanın Avropa Birliyi ilə münasibətləri yaxınlaşdırması Dağlıq Qarabağ məsələsi ətrafında siyasi manevr imkanlarını genişləndirib. 

Noyabr ayının 27-də Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin sammitində Ermənistanla "Genişləndirilmiş və Hərtərəfli Saziş Layihəsi”nin tam mətni mümkün olmasa da bir sıra maddələri üzrə razılaşmanın imzalanacağı gözlənilir. Bu da Ermənistana Avropa Birliyinin Assosiasiya Sazişi Müqaviləsi ilə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi Birliyi arasında yeni spekulyativ imkanlar açır. Ona görə də Rusiyanın diplomatik səyləri növbəti mərhələdə mövcud status-kvonun qorunub saxlanılmasına yönəldəcəyini söyləmək olar. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları