Qüds şəhərinin ABŞ tərəfindən İsrailin paytaxtı kimi tanınması Türkiyənin regiondakı geosiyasi fəaliyyətində yeni mərhələ hesab olunur. Belə ki, prezident Trampın qərarına qarşı başlanan etirazlar rəsmi Ankaraya müsəlman dövlətlərini ABŞ-a qarşı geostrateji planda səfərbər etmək imkanı yaradıb. Bu baxımdan, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən sammiti Ərdoğan iqtidarının Qərb qarşısında müqavimətini möhkəmlətmək məqsədi daşıyırdı. Yəni Qüdslə bağlı yaranmış mübahisəni ABŞ-ın ciddi təzyiqlərinə məruz qalan Türkiyə hakimiyyəti üçün bir siyasi fürsət kimi də dəyərləndirmək olar. Ərdoğan ABŞ başda olmaqla, Qərbə Türkiyənin regionda güc mərkəzi olduğunu və lazım gələrsə, bütün İslam dünyasını ətrafına toplaya biləcəyinə dair açıq mesaj nümayiş etdirməyə çalışdı.
İlk variantda Türkiyə buna nail olmuş kimi görünür. Ancaq siyasi ekspertlərin fikrincə, Türkiyənin mövqelərinin nə qədər dayanıqlı olması ərəb dövlətlərinin İstanbulda verdikləri birgə bəyanata sadiq qalmalarından asılı olacaq.
"Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, bir müddətdən sonra ərəb dövlətləri sözünə əməl etməməklə Türkiyəni meydanda tək buraxa bilər. "Səudiyyə Ərəbistanından səs çıxmır, bir neçə başqa ərəb ölkəsinin rəsmisi də İstanbuldakı toplantıya qatılmadı. Üstəlik, Kremldən açıqlama verildi ki, Qüds məsələsində Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarından fərqli düşünür”.
Politoloq hesab edir ki, buna baxmayaraq, Ərdoğan islamın yaşıl bayrağını əlində möhkəm tutaraq ABŞ və İsrailə meydan oxumaq istəyir: "Tamam, hər ikisi haqsızdır, ancaq siyasi hərarəti artırmağın, "Qüdsü Fələstinin işğal altındakı paytaxtı kimi tanımağa çağırıram” ideyasının zorla dünya dövlətlərinə qəbul etdirilməsinin yeri yoxdur. Bir az keçəcək, Türkiyə meydanda tək qalacaq, Trampın Qüds qərarı arxa plana keçəcək, ancaq Ərdoğanın sərt ritorikası unudulmayacaq”.
Rusiyalı analitiklər də ərəb ölkələrinin İslam Əməkdaşlıq Təşkilatının Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımaq barədə qəbul olunmuş bəyannaməyə sadiq qalmayacağını bildirir. Siyasi müşahidəçilərin fikrincə, bu özünü ilk növbədə, sammitin gedişində göstərdi. İƏT-ə daxil olan 48 ölkədən 16 dövlətin lideri toplantıya gəlmədi və öz nümayəndəsini göndərməklə kifayətləndi. Prezident Ərdoğan özü isə İstanbul sammitinin nəticələrinə ABŞ-la münasibətlərdə dönüş nöqtəsi yarada biləcək uğur kimi baxır.
Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələrinin beynəlxalq münasibətlər kafedrasının professoru Vladimir İsayevin qənaətincə, İƏT-in İstanbul toplantısı heç nəyi dəyişməyəcək. "Hətta Ərdoğanın özü sammitdə daha çox İsraillə əlaqələrin kəsilməsindən danışdı, nəinki ABŞ-la. Çox güman ki, bu taktikadan İƏT-ə daxil olan digər ölkələr üçün də uyğun olacaq. Hesab edirəm ki, bir çox ölkələr, xüsusilə də Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələri ABŞ-la münasibətləri pozmağa hazırdır. Bu onların marağında deyil "-deyə politoloq bildirib.
Şərqşünas Mariana Belyonnkaya hesab edir ki, sammit iştirakçıları şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanısa da, faktiki olaraq, ABŞ öz səfirlyini bu şəhərə köçürməyib. "İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin əksəriyyəti İsrailə görə ABŞ-la münasibətləri pozmağa risk etməyəcək.
Politoloq Qabil Hüseynli isə İstanbul sammitinin Türkiyənin ABŞ və Qərb qarşısında mövqeyini gücləndirdiyini deyir: "Tədbir baş tutdu və dünyanı silkələdi. İstanbul Bəyannaməsi və oradakı çıxışlar Trampın imzaladığı qərarın əhəmiyyətini heçə endirdi. Trampın nümayəndəsi deyir ki, biz elə bilirdik dünya başımıza uçacaq, amma uçmadı. Zənnimcə, dünya başlarına uçdu və beynəlxalq aləmdə çox böyük rezonans doğurdu. Bu nöqteyi-nəzərdən mərkəzdənqaçma meyilləri nümayiş etdirən ərəb ölkələri isə əsasən Səudiyyə Ərəbistanı və Misir idi. Onlar da Fələstinin müstəqilliyinə və Şərqi Qüdsün Fələstinin paytaxtı kimi tanınmasına etiraz etmədilər.
Səudiyyə Ərəbistanı və Misir bununla bağlı ayrıca bəyanat verdilər. Bildirdilər ki, Tramp öz qərarından geri çəkilməlidir. Yəni İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammitinin qərarı tarixə düşdü. Bu diplomatik və beynəlxalq siyasi münasibətlərdə bir mərhələdir. Bu mərhələ də Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdlr. Türkiyə prezidenti İslam həmrəyliyinin bünövrəsini qoyan addım atdı. Mən güman etmirəm ki, bu sammit təsirsiz ötüşdü. Qərb gördü ki, Türkiyə adi bir dövlət deyil və istənilən vaxt İslam sivilizasiyasına aid olan insanları öz ətrafına cəmləyə bilir. Bu baxımdan, İstanbul zirvə görüşünün böyük əhəmiyyəti var".
Müşfiq Abdulla