Yuxarı

Putinin gözlənilməz seçki manevri

Putinin gözlənilməz seçki manevri

Rusiya qoşunlarını Donbasdan niyə çıxarır?

Moskva Donbasdakı Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki Rusiyanın müşahidəçi zabitlərini geri çağırmaq qərarına gəlib. Rusiya bu qərarını rəsmi Kiyevin dağıdıcı fəaliyyəti ilə izah edir və bildirir ki, baş verəcək nəticələrə görə Ukrayna tərəfi məsuliyyət daşıyır. Təbii ki, Kremlin sözügedən qərarı təsadüfi xarakter daşımır və konkret məqsədə hesablanmış siyasi gediş kimi başa düşülə bilər. Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzinin Rusiya zabitləri dekabrın 19-dan başlayaraq Ukrayna qoşunları ilə təmas xəttini tərk edəcək. Bu məlumatı Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Xidməti də təsdiq edib.

"Ukrayna tərəfi bilərəkdən "Rusiya hərbi mərkəzinin tərkibinə daxil olan hərbçilərə gərgin mənəvi-psixoloji vəziyyəti yaradırdı və onlara öz vəzifələrini yerinə yetirmələrinə maneə törətdi" - Rusiya XİN-nin rəsmi açıqlamasında belə deyilir. Qeyd edək ki, Ukrayna hökuməti 2018-ci il yanvar ayıının 1-dən Rusiya vətəndaşı üçün yeni bir giriş qaydası təqdim edəcək. Yeni qaydalara əsasən, Rusiya vətəndaşlarına ölkə ərazisində qalmaq üçün şəxsi məlumatlarını Ukraynanın səlahiyyətli orqanlarına əvvəlcədən təqdim etməyi öhdələrinə götürməlidir. Lakin bu sistem Rusiyadan olan həbçilərə tətbiq edilməyəcək. Çünki rus hərbçilərinin Ukraynaya girişi qadağandır. Xatırladaq ki, Atəşkəsə Birgə Nəzarət və Koordinasiya Mərkəzi Ukraynanın cənub-şərqində 2014-cü ildə yaradılıb. Mərkəz rəsmi Kiyevin təşəbbüsü ilə, Ukrayna və Rusiya prezidentlərinin razılaşması əsasında təşkil olunub. Bu orqanın fəaliyyətinin əsas məqsədi Minsk sazişinin yerinə yetirilməsinə müşahidəçilərin nəzarətini təmin etməkdən ibarətdir. Mərkəzdə Ukrayna və Rusiya tərəfindən 75 zabit fəaliyyət göstərir. Siyasi ekspertlərin fikrincə, Rusiya tərəfinin gözlənilmədən öz zabitlərini Ukrayna ərazisindən çıxartması bir sıra siyasi nəticələr doğuracaq. Kremlin qərarı ilk növbədə, Donbasda vəziyyəti gərginləşdirə bilər. Kiyev Siyasi Araşdırmalar və Konfliktologiya Mərkəzinin direktoru Mixail Poqrebinski hesab edir ki, Rusiyanın birgə nəzarət mərkəzini tərk etməsi Donbasda ciddi problemlər törədə bilər. 

Ekspertin rəyinə görə, mövcud vəziyyət Moskvanın Donbas münaqişəsi ilə bağlı taktikanı dəyişməsindən xəbər verir: "İndi Moskva avropalı və amerikalı tərəfdaşları nəzərə alaraq deyir ki, əgər istəmirsinizsə, cavabdehliyi öz üzərinizə götürün. Özünüzü Kiyevdən yaxşı davranmağa məcbur edə bilməsəniz, bu qrupda rus hərbçilərinin çatışmazlığı ilə əlaqədar ortaya çıxacaq vəziyyətə görə məsuliyyəti siz daşıyacaqsınız”. 

Poqrebinskinin sözlərinə görə, rus zabitlərinin getməsi Donbasda atəşkəsi təhlükə altına salacaq. "Əgər orada rus hərbçiləri yoxdursa, bu nəzarətin bərpa edilməsi orada Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının (separatçı qurumlar nəzərdə tutulur-red.) iştirakını tələb edir. Lakin Kiyevin Donbas təmsilçiləri ilə ünsiyyət qurmaq istəməməsi çıxılmaz vəziyyət yaradır. Tərəflər bir-biri ilə danışmaq istəmədiyinə görə böhranlı situasiya əmələ gəlib. Bununla belə, Rusiyanın regionda təsirinin aradan qalxdığını söyləmək olmaz. Rusiya DXR və LXR-ə dəstəyini müxtəlif şəkildə davam etdirir. Rusiyanın buradan çıxıb getdiyni düşünməyin heç bir əsası yoxdur”-konfliktoloq belə deyib. Ukrayna mediasının yaydığı məlumatda isə Rusiya Federasiyasının 2019-cu ilin yazına qədər qoşunlarının 90 faizini Donbasdan çıxaracağı bildirilir. Bunun qarşılığında Putin Ukraynaya və Qərbə siyasi sürpriz hazırlayır. Putinin həmin sürprizin həyata keçirilməsinə 2018-ci il prezident seçkilərindən sonra başlamağı planlaşdırır. Bu plan millətçi taborların yaradılmasını nəzərdə tutur. Bunlar "nasist” də deyil, amma millətçi hərbi birliklər olacaq. Rusiya Ukrayna Milli Qvardiyasının fəaliyyətinə etiraz olaraq, belə bir addım atdığını iddia edir.

"Dekabrın 14-də Moskvadan ATƏT-in Donetskdəki müşahidə missiyasına göndərilən məktubda qeyd edilir ki, Ukrayna Milli Qvardiyası rusiyalı hərbçilərin hərəkət azadlığını məhdudlaşdırır. Ona görə də Ukrayna Müdafiə Nazirliyi bu məsələdə güzəştə getsə, o zaman təxribat-diversiya fəaliyyətini genişləndirmək imkanı qazanacaq. Əgər güzəştə gedilməsə, bu Kreml üçün daha yaxşıdır. Minsk tərəfindən şərtlərin yerinə yetirilməməsi və Moskvanın yükü olan Norman formatından çıxmaq açmaq üçün bir bəhanə fürsəti yaradacaq. Kreml əvvəldən Minskdə sənədi imzalamaq istəmirdi. Minskdə işğalçı administrasiya DXR və LXR adı ilə imzalansa da işə yaramadı. Ondi isə Normand formatından çıxmağın ilk addımı kimi Donetsk və Luqanskı tərk etmək üzərində düşünürlər. Bununla da Moskva Ukraynadakı münaqişənin birbaşa iştirakçısı olmadığını nümayiş etdirmək, Kiyevi Donetsk və Luqanskdakı separatçı qurumlarla baş-başa buraxmaq istəyir” - deyə Ukrayna mediası qeyd edir. 

Putin administrasiyasının bu qərarının Rusiyaya qarşı beynəlxalq təzyiqlərin yumşaldılmasına xidmət etdiyini söyləmək olar. Rusiya qoşunlarının əksər hissəsinin Suriyadan çıxarılmasına dair qərarın ardınca analoji addımın Ukraynada atılması Kremlin taktiki-siyasi manevri kimi dəyərləndirilə bilər. Rusiyada qarşıda növbəti prezident seçkiləri gəlir və Vladimir Putin dövlət başçısı postuna namizədliyini yenidən irəli sürüb. Seçkilərə 3 ay qalmış Putinin Rusiya silahlı qüvvələrini Suriyadan və Ukraynadan geri çəkməsi daha çox Qərblə gərginliyin azaldılmasına nail olmaq məqsədi daşıyır. Yəni V.Putin sözügedən qərarı qəbul etməklə seçkilər öncəsi Qərbin təzyiqlərinin neytrallaşdırılmasına çalışır. Əslində bu strateji deyil, taktiki planda atılmış addımdır. Çünki Rusiyanın Ukrayna məsələsində birmənalı şəkildə güzəştə gedəcəyi inandırıcı görünmür. Lakin ABŞ və Avropa Birliyi ilə münasibətlərdəki böhranın, o cümlədən, Rusiyaya qarşı sanksiyaların başlıca səbəbi kimi Ukrayna münaqişəsi həlledici amil olaraq qalır. Əgər V.Putin bu məsələdə mövqeyini dəyişməzsə, 2018-ci il martın 18-də keçiriləcək seçki prosesində Qərbin Putinə təzyiq məqsədilə müxalifət namizədinə və kütləvi etiraz aksiyalarına həm maliyyə, həm də siyasi dəstək verəcəyi gözlənilir. Bu səbəbdən, Putinin müşahidəçi zabitləri Ukraynadan çıxartması, eləcə də Rusiya qoşunlarının 2019-cu ilin yazına qədər Donbasdan geri çəkiləcəyi barədə informasiyaların dövriyyəyə buraxılması böyük ehtimalla Qərbin mövqeyinin yumşaldılmasına hesablanıb. 

Digər ehtimallara görə, Rusiyanın öz hərbçilərini Donbasdan çıxartması həm də 2019-cu ildə Ukraynada keçiriləcək prezident və parlament seçkilərinin pozulmasına xidmət edir. Moskva münaqişə bölgəsində yaşayan rus icmasının seçkilərdə iştirakına mane olmaq istəyir. Şərqi Ukraynada vəziyyətin gərginləşməsi və düşmənçiliyin yenidən alovlanması bu planı təmin etdəcək ən optimal variant kimi seçilib. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları