Son zamanlarda İranda dalbadal partlayışlar baş verir.
Baş verən hadisələrlə bağlı müxtəlif fikirlər var. Bunu təsadüf sayanlar da, müəmmalı hesab edənlər də.
Bəzi ekspertlər hesab edir ki, baş verəın hadisələr rejim daxilində yaranmış ziddiyyətlərin nəticəsidir.
"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan "Cümhuriyət”ə açıqlamasında deyib ki, İranın zamanında başqalarına etdiyi hərəkətlər indi özünə qarşı edilir:
"Heç nə təsadüf olmur. Bütün sosial hadisələrin bir- biri ilə bağlı olan tərəfləri var. İran hakimiyyəti terror siyasəti üzərində qurulub. ABŞ-ın keçmiş Prezidenti Corc Buş əbəs yerə İranı digər müttəfiqləri ilə birgə "şər üçbucağı” adlandırmayıb. İran ABŞ səfirliyinin əməkdaşlarını 444 gün girov saxlayıb. İsrailin Argentinadakı səfirliyinin mədəniyyət mərkəzini partladılmasında təqsirləndirilənlər arasında İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin adının hallanması təsadüfdürmü? Yaxud xaricdə baş verən partlayışlarda İran hakimiyyətinin əlinin olması iddiası boşunadırmı? Fikrimcə, bunlar hamısı əlaqəlidir və bumeranq effektidir. Yəni zamanında İran hakimiyyəti necə davranıbsa, bu gün onun qarşılığını alır. İran hakimiyyəti bölgədə və dünyada terrorçu rejim kimi tanınır. Hətta onun güvəndiyi ən böyük hərbi təşkilatı- İnqilab Keşikçiləri Qvardiyasını ABŞ terrorçu elan edib. Yəni bir ölkənin ən güclü hərbi təşkilatı, dövlət və siyasi xadimlərinin adları müxtəlif terror aksiyalarında, terror hücumlarında hallanırsa, həmin ölkədə baş verən partlayışlar təsadüfi ola bilməz. İran hakimiyyətini sevməyənlər var. Səbəb isə zamanında İran rejiminin həmin şəxslərə və ya ölkələrə ziyan vurmasıdır. Ona görə də İrana qarşı adekvat addımlar atılmalı idi. Bu partlayış da həmin adekvat addımların nəticəsidir. İran rejimini sevməyənlər həm daxildə, həm də xaricdə var. İranda ayrı-ayrı insanların təhlükəsizliyi artıq təhdid olunmağa başlayır. Bu partlayışlar İranda müxtəlif ictimai yerlərdə baş verə bilər. Əgər nüvə obyektləri və ya müxtəlif strateji stansiyalar hədəf alınırsa, yenə də dolayısı ilə İran vətəndaşlarının təhlükəsizliyi təhdid olunur. Çünki nüvə obyekti partlayarsa, ətraf ərazi şüalanar və vətəndaşlar bu şüalanmaya məruz qalar. Elektrik stansiyası partladılarsa, həmin bölgədə işıq olmaz və xəstəxanalarda problemlər yaranar. Yəni həyati əhəmiyyətli obyektlərdə partlayışlar baş verir. Bütün bunların hamısının məqsədi Tehran hakimiyyətini çökdürmək, ona ölkə vətəndaşlarının etimadını azaltmaqdır”.
Ekspert hesab edir ki, milli valyutanın ucuzlaşması da İranda problemləri dərinləşdirir: "Digər tərəfdən tümənin dollar qarşısında dəyərdən düşməsi İran iqtisadiyyatını çökdürür. İqtisadiyyatın çökməsi isə sosial etirazlarla nəticələnər. Bununla da hakimiyyətin bacarıqsızlığını ifadə edən etiraz aksiyaları başlana bilər. Bunu kimin etməsi bizə maraqlı deyil. Lakin nəticə budur ki, tümən dəyər itirir və İranda etirazlar artır. Yəni tümənin ucuzlaşması nədirsə, partlayışların da anlamı odur. Silsilə partlayışlar bir sıra problemlər yaradır. Belə ki, bu partlayışlar nəticəsində əhalinin təhlükəsizliyi təmin olunmur, ona maddi ziyan dəyir, əhali arasında xof yaranır və xaosa səbəb olur. Nəticədə, bütün bunların hamısı hansısa mərkəzdən, yaxud ölkədəki hansısa siyasi qüvvə tərəfindən ələ alınır və etiraz aksiyası keçirilir. Beləliklə mövcud hakimiyyət və ya hökumət istefaya göndərilir. İqtisadiyyatda eyni ardıcıllıq keçərlidir. Yəni bütün bunlar hamısı İranda hakimiyyətin zəiflədilməsinə təsir edən amillərdir”.
Əli Bədir