Yuxarı

Tarixi dönüş: "Rus NATO-su"na təhlükə: Qurumun taleyi Minskdə həll olunur

Tarixi dönüş:

Tarixi dönüş:

Belarus hakimiyyət dəyişikliyinə çox yaxındır.

Çünki Aleksandr Lukaşenko hakimiyyəti artıq ölkəyə kifayət qədər nəzarət edə bilmir. Bəzi zavod müdirlərinin, rəsmi media orqanlarında çalışan bir sıra jurnalistlərin işdən qovulması və etirazçıların tək-tək həbsləri ölkəni bürüyən aksiyaları dayandıra bilməyib. Müxalifət lideri Svetlana Tixanovskaya tətil edən işçilərə müraciət edərək aksiyanı davam etdirməyə çağırıb.

Müxalifət artıq lazım olan beynəlxalq dəstəyi ala bilib. Qərb ölkələrinin əksəriyyəti demək olar ki, seçkilərin qalibi kimi S.Tixanovskayanı tanıyıb.

Bu isə xanım Tixanovskayanın de-fakto prezident kimi qəbul edilməsi deməkdir. Dövlət başçısı A.Lukaşenkonun bu reallığı növbəti dəfə dəyişmək cəhdi ABŞ-ın və Avropa İttifaqının ağır sanksiyalarına məruz qalması ilə nəticələnək. Ona görə də A. Lukaşenkonun müxalifəti və Qərbi təhdid edən bəyanatları daha çox daxili ictimai rəyə hesablanmış manipulyasiyadır.

Rusiyanın Lukaşenko rejiminə istədiyi dəstəyi verməməsi isə Belarus prezidentinin getdikcə təklənməsi ilə müşahidə olunur. Əslində, Lukaşenkonun istefa vermək məcburiyyətində qalacağını həm Kremldə, həm də Qərbdə yaxşı bilirlər. Sadəcə olaraq, bu gün hər iki siyasi qütb arasında mübahisə predmeti mövcud rejimin hakimiyyətdə qalması deyil, post-Lukaşenko dövründə Belarusun geosiyasi statusu ilə bağlıdır. Belarus Rusiyanın post-sovet məkanında ən çox təsir dairəsində olan iki ölkədən biridir. Digər ölkə isə Ermənistan hesab olunur. Eyni zamanda, Belarus Rusiyanın liderliyi ilə yaradılmış Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi Birliyinin üzvüdür. Hər iki qurumda Belarus həlledici mövqeyə malikdir.

Ona görə də bu ölkədə Qərbin dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi KTMT-nin və AİB-in mövcudluğu üçün ciddi problem yarada bilər.

Əslində, son illər postsovet məkanında baş verən hadisələr inqilabi proseslərin məhz KTMT və AİB-in daxilində cərəyan etdiyini göstərir. 2018-ci ildə Ermənistanda baş verən "məxməri” inqilab bu ölkənin KTMT-dən və AİB-dən çıxmasının tərəfdarı olan Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin Paşinyana hakimiyyətini möhkəmlətmək üçün Rusiyanın təzyiqlərindən yayınmaq və özündən əvvəlki hərbi elitadan fərqli olaraq, müharibədə iştirak etmədiyinə görə mühafizəkar erməni cəmiyyətinin dəstəyini qazanmaq lazım idi. Bu səbəbdən o, Qərbə inteqrasiya kursunu zamanın öhdəsinə buraxıb KTMT-də və AİB-də qalmağa üstünlük verdi. Eyni zamanda, o hakimiyyətə gələn kimi Ermənistanın KTMT-də baş katibi Yuri Xaçaturovu həbs etdirməklə faktiki olaraq, bu ittifaqın daxilində ziddiyyət yaratdı.

Ermənistandan iki il sonra növbəti inqilab Belarusda baş verir. Bu KTMT-də və AİB-də artıq Qərbin dəstəklədiyi siyasi qüvvələrin təmsil olunduğu ikinci dövlət olacaq. O zaman indiyə qədər təklənmiş durumda görünən Paşinyanın da mövqeləri güclənə bilər. Nəticədə, KTMT və AİB daxilində siyasi balans dəyişəcək. Bu isə Qərbə hər iki qurumu parçalamaq imkanı yaradır. Belarusda Qərbyönlü liderin prezident seçilməsi ilə xarici siyasətdə Avrointeqrasiya kursunu yürüdəcəyi şübhə doğurmur. Ukraynadan fərqli olaraq, Belarusun Rusiya ilə münasibətlərdə tərəfdaşlıq münasibətlərini saxlayacağı gözlənilir. Ancaq Avropaya və Avroatlantik məkana inteqrasiya siyasəti Belarusun KTMT-dən və AİB-dən uzaqlaşmasına təkan verəcək.

Əslində, seçkiqabağı Belarusun KTM-dən çıxmasına dair təkliflərin səslənməsi bu prosesin ilk əlamətləri sayıla bilər. Prezidentliyə sabiq namizəd Andrey Dmitriyev hesab edir ki, Belarus KTMT-dən çıxmalıdır. "Bu sistemlər hətta ona daxil olan ölkələr səviyyəsində regional təhlükəsizliyi təmin edə bilmir”-deyən Dmitriyev bögənin təhlükəsizliyini, dialoq platformasını və ticarət əlaəqələrini təmin etmək üçün yeni vasitələrə ehtiyac yarandığını deyib.

Svetlana Tixanovskayanın müxalifətin Koordinasiya Şurasındakı etibarlı nümayəndəsi, qeydiyyatdan keçməmiş Belarus Xristian Demokrat Partiyasının həmsədri Olqa Kovalkova da Belarusun KTMT sıralarını tərk etməsinin və rus dilinin dövlət statusundan məhrum edilməsinin tərəfdarıdır.

Prezidentliyə digər sabiq namizəd Anna Kanopatskaya da Belarus silahlı qüvvələrinin sayının azaldılmasını, KTMT-dən çıxmasını və Rusiya ilə İttifaq Dövlətinin yaradılması haqqında müqavilənin ləğvini təklif edir.

Göründüyü kimi, Belarusun Rusiyadan tamamilə qopması, o cümlədən KTMT- üzvlüyündən ayrılması bu ölkədə baş verən siyasi proseslərin prioritetinə çevrilib. Hətta Belarus mediasında KTMT-nin Lukaşenkoya yardım edə bilməməsini bu qurumun artıq sıradan çıxması kimi dəyərləndirilir. Bu isə Belarus cəmiyyətində KTMT-yə siyasi mövqeyindən asılı olmayaraq, inamsızlığın artdığını göstərir. Lakin Belarusun perspektivdə KTMT-dən uzaqlaşmasına daxili amillərdən daha çox ABŞ-ın postsovet məkanındakı geosiyasi planlarının tərkib hissəsi kimi nəzərdən keçirmək lazımdır. Belə ki, Belarus hazırda NATO üzü olan Baltikyanı ölkələrlə ABŞ-ın təsir dairəsinə keçmiş Ukrayna arasında KTMT-yə daxil olan yeganə dövlətdir. Rəsmi Minsk son illər neytral mövqe nümayiş etdirməyə çalışsa da, de-yure KTMT-nin üzvü, yəni Rusiyanın hərbi müttəfiqidir. Sadəcə olaraq, Lukaşenkonun təhlükəsizlik məsələsində siyasi balansı saxlamaq cəhdi Rusiyaya öz hərbi bazalarını bu ölkənin ərazisində yerləşdirməyə mane olub. Lakin Belarus Rusiya ilə Polşa və Baltikyanı ölkələr arasında bufer zona rolunu oynayır. Bu isə Rusiyaya NATO-dan, adıçəkilən ölkələrə isə Rusiyadan müdafiə olunmaq imkanı verir. İndi Belarusda hakimiyyət dəyişikliyi tərəflərdən birinə geosiyasi baxımdan cəbhə xəttini yarmaq imkanı aça bilər. Ona görə də Qərb və Rusiya post-Lukaşenko dövrü üçün Belarus uğrunda kəskin rəqabətə başlayıb. Bu baxımdan, Belarusda inqilabi proseslərin başlanacağı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra gözlənilən idi. ABŞ-ın dövlət katibi Mayk Pompeonun bu ilin yanvar ayında Minskə rəsmi səfəri isə Vaşinqtonun Belarusa marağının artdığını ortaya qoydu. Bu səfəri əslində, "inqilabın xəritəsi" də adlandırmaq olar.

Qərbyönlü qüvvələrin Lukaşenko rejimini devirməsi Litva, Belarus, Ukrayna, Gürcüstan və Ermənistana qədər Rusiyanın ətrafında ABŞ-ın müttəfiqlərindən ibarət geosiyasi zolağın formalaşması deməkdir. Ermənistanda Rusiyanın hərbi bazalarının olmasına və Paşinyanın ABŞ-la münasibətlərdə itaətsizlik göstərməsinə baxmayaraq, onu hakimiyyətə Vaşinqton gətirib. Bu səbəbdən də Putinlə Paşinyanın münasibətləri gərgin olaraq qalır. Ermənistan hakimiyyətində əsas postları "Soros Fondu”nun inqilabçı kadrları tutur. Ona görə də Ermənistanda "sorosçular”ın Paşinyanı başqası ilə əvəzləmək şansı Rusiyadan daha çoxdur.

Gürcüstan hakimiyyəti Rusiyaya və Fransaya loyal mövqe nümayiş etdirsə də, Cənubi Qafqazda ABŞ-ın əsas müttəfiqi olaraq qalır. Gürcüstanın 2021-ci ildə NATO-ya üzv qəbul edilməsi ABŞ-ın postsovet məkanı və Qara dəniz regiopnu ilə bağlı ən mühüm strateji planlarından birdir. Belarusda inqilab baş tutarsa, bu proses oktyabr ayında Gürcüstanda keçiriləcək parlament seçkilərinə təsir edə bilər. Çünki Rusiyaya bağlı İvanişvili hökumətinin iqtidardan uzaqlaşdırılması son zamanlar ABŞ-ın da marağındadır. Eks-prezident Mixail Saakaşvilinin lideri olduğu Milli Hərəkat Partiyasının hakimiyyətə qayıtması Gürcüstanın NATO-ya daxil olmasını sürətləndirə bilər. Eyni zamanda, reytinqi artmaqda olan Avropa Gürcüstanı Partiyasının seçkilərdə uğur qazanması ABŞ-ın planlarına cavab verir.

Beləliklə, Baltik dənizinin sahilindən Cənubi Qafqaza qədər Rusiya ətrafında çəmbərin qurulması planını görmək olar. Lukaşenko rejimi və Belarusun KTMT-yə və AİB-ə üzv olması bu geosiyasi zəncirin qurulmasında boşluq yaradır. Ona görə də Qərb Belarusda hakimiyyət dəyişikliyinə nail olmaq üçün əlindən gələni edəcək. Postsovet ölkələrinin Kremlin təsir zonasından çıxarılması ilə Rusiyanın əhatəyə alınması strategiyası ABŞ-da "İkinci Reyqan planı” adlanır. Belarusda inqilabın baş tutmasından sonra Rusiyanın yanında KTMT-nin və AİB-in əsas dayaqlarından biri olan Qazaxıstan qalır.

Ona görə də Belarusdan sonra növbəti inqilab dalğasının Qazaxıstana çatacağını proqnozlaşdırmaq olar. ABŞ-ın Gürcüstan və Ermənistan hakimiyyətləri üzərində təsiri böyükdür və hər iki ölkə Vaşinqtona ciddi problemlər yaratmır. Ancaq Qaxazıstanda Qərbyönlü qüvvələrin hakimiyyətə gətirilməsi KTMT-nin AİB-in tərkibində güclər balansını ABŞ-ın xeyrinə dəyişəcək. Bu isə hər iki qurumun dağılması deməkdir. Qeyd edilən proses ABŞ-a Çini Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq imkanı yaradır. Çünki zəifləmiş Rusiya Mərkəzi Asiya bazarı uğrunda rəqabətdə Çinə uduzur. ABŞ-ın regiona gəlişi isə Çinin artmaqda olan təsirinin qarşısını ala bilər. Bu həm də Avrasiya məkanı uğrunda geosiyasi mübarizədə son illər fəallıq göstərən Rusiyaya qalib gəlmək şansı yaradır. Mayk Pompeonun yanvarın 31-də Belarusdan sonra Ukrayna, Qazaxıstan və Özbəkistana etdiyi səfərlər bu gəlişin əsl niyyətini ortaya qoymağa başlayıb. Ona görə də Belarusdan başlanan mühasirə həlqəsinin Qazaxıstanda tamamlanacağı istisna olunmur.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları