Yuxarı

Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq?

Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq?

Dünya düzəni dəyişir: Yeni xəritələr yaranacaq?

Yaxın 30 ildə dünyanın siyasi xəritəsində böyük dəyişikliklər olacağı barədə fikirləri tez-tez eşidirik.

Hələ bu fikri bir az da irəli daşıyanlar olduğu kimi, yeni dəyişiklik zamanı bir sıra qondarma rejimlərin, hətta kiçik dövlətlərin dünyanın siyasi səhnəsindən silinəcəyini də bildirənlər olur. Bunu isə ən çox dəyişən iqtisadi münasibətlər konteksti ilə əlaqələndirirlər.

Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərli apardığı iqtisadi təhlillər nəticəsində gəldiyi qənaəti belə izah edir:

"Dünya ölkələrinin borc yükü 272 trilyon dollara çatıb. Bu da dünyanın 1 ildə yaratdığı ÜDM-in 364%-dir. Faciəvi durumdur. Dünya Bankını və BVF-nin kriteriyalarına görə hər hansı bir ölkənin borcu ÜDM-nin 80%-nə çatırsa, bu ciddi təhlükə deməkdir, 100%-ni keçirsə, bu artıq müflisləşməyə yol açan durum sayılır. İndi dünya müflislik səviyyəsinə çatıb, borclar silinməli, kimlərsə dünyada bankrot elan edilməlidir. Təəssüf ki, belə böyük borc yükünü müharibələrsiz (regional, geniş) silmək mümkün olmayacaq.

Ümumiyyətlə, dünyada yığılan açılması mümkün olmayan düyünlər var, onlar da geniş müharibə olmadan çözülməyəcək. Beləliklə, hər bir gedişata hazır olmalı, güclü, hüquqi dövlət qurmalıyıq - başqa yol yoxdur.

Dünyada mizan-tərəzi pozulub, ədalət hüququn yox, gücün yanına keçib, təəssüf ki, bu belədir və indiki durumda zəiflərin ayaqlar altında qalması ehtimalı çox güclüdür”.

Bundan başqa böyük dövlətlərin yaxın perspektivdə yeni pay uğrunda aparacağı aktiv mübarizədə bəzi kiçik dövlətlərin və xüsusən də qondarma rejimlərin bu mübarizə meydanında duruş gətirə bilməyəcəyi, sonda isə dünyanın siyasi xəritəsindən silinəcəyi vurğulanır.

Maraqlıdır, bu fikrilərdə nə qədər həqiqət payı var?

Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli "Cümhuriyət”ə açıqlamasında deyib ki, bu, dünyanın siyasi xəritəsinin yenidən dəyişdirilməsi istiqamətində yalnız kimsə tərəfindən irəli sürülmüş təklif ola bilər:

"Hazırda dünyada süveren dövlət statusu almış dövlətlərin yaxın gələcəkdə tarix səhnəsindən silinməsi haqqında qəti fikir söyləmək asan deyil. Dünyada cəmi 6 minə yaxın xalq var. Onlardan da yalnız 202-si öz müqəddəratını təyin edib və öz dövlətini yaradıb. Hətta gələcəkdə öz dövlətlərini yaratmaqda iddialı olan xalqlar var. Bu fikri irəli sürənlər əsaslandırmalıdırlar ki, nəyə görə xırda dövlətlər tarix səhnəsindən silinə bilər. Xırda dövlətlər sırasına Qafqazda Ermənistan da, Gürcüstan da, Azərbaycan da aiddir. Bunları necə tarix səhnəsindən silmək olar? Bu zaman beynəlxalq hüququn hansı normalarından istifadə edilə bilər? Bu, sadəcə təklif ola bilər. Yəni kiminsə dünya siyasi xəritəsinin yenidən dəyişdirilməsinə dair təklifi ola bilər. Amma bunun da həyata keçirilməsi kifayət qədər müşküldür”.

Politoloq hesab edir ki, yeni iqtisadi münasibətlər müstəvisində bəzi dövlətlər obyektiv olaraq digər dövlətlərin tərkibinə qatıla bilər:

"Ola bilər ki, yeni iqtisadi münasibətlər kontekstində hansısa kiçik dövlətlər böyük dövlətlərin tərkibinə qatılmaq istəyəcək. Bu isə subyektiv təsirlərlə deyil, obyektiv qərarla mümkün ola bilər.

Yəni proses xalq iradəsinin ifadəsi əsasında baş verəcəksə, bu başqa məsələ. Subyektiv təsirlə, yəni kənardan kimlərinsə iradəsiylə müstəqil dövlətlərin aradan qaldırılacağı hələlik müşahidə olunmur. Lakin yaxın perspektivdə dünyanın siyasi xəritəsində dəyişiklik olmalıdır və bu gözlənilir. Lakin hansı istiqamətdə gedəcəyi haqqında yaxın 2-3 ildə müəyyən proqnozlar vermək mümkün olacaq”.

Əli Bədir





Həftənin ən çox oxunanları