Yuxarı

Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək?

Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək?

Qlobal güclərin 2023 planı: Dünyanın siyasi xəritəsi dəyişəcək?

Böyük dövlətlərin 2023-cü ilə planları var. Tarixdə 2022-ci il Rusiya, 2023- cü il isə Türkiyə üçün önəmlidir.

Lakin bu iki önəm arasında xüsusi fərqlər var. Birinci, imperiyanın- "Xalqlar həbsxanası” adlandırılan SSRİ- nin yaranmasının 100 illiyidirsə, ikinci yeni bir respublikanın- Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyidir. Eyni zamanda 2023- cü ildə Türkiyə ilə Qərb dövlətləri arasında imzalanmış "Lozanna" razılaşmasının 100 ili tamam olur. Bu müqavilə ilə yüz illərlə davam edən türk-yunan ixtilafı qismən həllini tapdı və iki dövlət arasındakı sərhəd dəqiqləşdirildi.

Egey dənizindəki xırda adalar bölüşdürüldü. Bir milyona yaxın yunan Türkiyədən Yunanıstana, 500 min türk isə Yunanıstandan Anadoluya köç etdi. Lozanna razılaşması faktiki olaraq Türkiyəni Dardanel və Bosfor boğazlarındakı haqlarından məhrum etdi. Türkiyə bu qiymətli keçidlər üzərindəki haqlarını bir də 1936-cı ildə imzalanmış "Montrö" sazişi ilə geri ala bildi.

"Lozanna" müqaviləsi həm də Osmanlı sərhədləri daxilində yaşayan erməni və yəhudilərin statusunu müəyyən etdi. Bu milli azlıqlar tam hüquqlu Türkiyə vətəndaşı elan edildi. Amma Lozannada həllini tapmayan nüanslar da oldu. İraqla Türkiyə sərhədindəki Mosul vilayətinin statusunun qeyri-müəyyən qalması, Kipr məsələsində razılığın əldə edilməməsi, sonradan regionda ciddi münaqişələrin formalaşmasına gətirib çıxardı.

"Türkiyə 2023-cü ilə böyük dövlət kimi daxil olmaq istəyir”

Maraqlıdır, 100 illik üçün Türkiyə və Rusiya dövlətlərinin hansı planları və hədəfləri var?

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” açıqlamasında deyib ki, Türkiyə 2023-cü ilə böyük dövlət kimi daxil olmaq istəyir:

"Putin indi də deyir ki, SSRİ-nin dağılması bir fəlakət idi və bunun bərpasını istəyir. Amma bu mümkün olan bir şey deyil. Çünki heç bir dövlət artıq SSRİ- nin yaradılması ilə Rusiyanın qanadı altına girmək istəmir. Türkiyə üçün isə vəziyyət fərqlidir. Türkiyə Osmanlı İmperiyasını bərpa etmək istəmir. Türkiyə onunla dostluq etmək, strateji tərəfdaşlıq qurmaq istəyən ölkələrə dəstək verir. Türkiyə təhlükəsizlik və milli maraqlardan çıxış edir. Liviyada, Suriyada və İraqda terrorla da mübarizə aparır. O ki qaldı, "Lozanna” müqaviləsinə, Osmanlı dağılanda "Sevr” anlaşmasını ortaya atdılar. Amma Türkiyə vuruşdu və nəticə olaraq 1923- cü ilin 24 iyulunda Lozannada fərqli bir anlaşma imzaladılar. Doğrudur, həmin anlaşma Türkiyənin bütün maraqlarını əks etdirməsə də, əsas odur ki, 1923- cü ilin 29 oktyabrında Türkiyə öz Cümhuriyyətini elan etdi. İnanmıram ki, Türkiyə yenidən "Lozanna" məsələsinə qayıtsın. Türkiyənin Osmanlını bərpa siyasəti elan edilməyib. Lakin görünən odur ki, Türkiyə bölgənin aparıcı dövlətinə çevrilib, keçmişdə Osmanlı ərazisinə daxil olan bir sıra ölkələrlə sıx əlaqələr qurub. Amma bu imperiya siyasəti deyil. Bu qarşılıqlı maraqlar əsasında qurulan tərəfdaşlıq, əməkdaşlıq və strateji münasibətlərdir. Bu gün Türkiyə ilə Qərb dövlətlərinin Aralıq dənizi məsələsində mübahisələrin olmasına baxmayaraq, rəsmi Ankara öz mövqeyində haqlıdır və bu geosiyasi maraqlardan doğan bir vəziyyətdir. Türkiyə 2023-cü ili xüsusi qeyd etməyə hazırlanır. Bu tarixdə Türkiyədə çox böyük açılışlar olacaq. Yəni böyük zavodlar, atom elektrik stansiyalarının açılışı olacaq. Türkiyə 2023- cü ilə böyük dövlət kimi daxil olmaq istəyir. Yəni hansısa anlaşmaya geri qayıtmaq, özünü imperiya kimi tanıtmaq kimi yox, Böyük Türkiyə Dövləti kimi 100 illiyini qeyd etmək istəyir”.

"Rusiya artıq o gücdə deyil”

Politoloq Rusiyanın 2022-23- cü illər üçün xüsusi bir dəyişiklik edə bilməyəcəyini də qeyd edib:

"Türkiyənin siyasəti konkret bir dövlətə qarşı yönəlməyib. O, Rusiyadan fərqli olaraq heç bir dövləti parçalamır, separatçılara və terrorçulara dəstək vermir, əksinə onlarla mübarizə aparır. Türkiyənin Rusiyadan fərqləri budur. Rusiyanın siyasəti isə fərqlidir. Rusiya keçmişdə "parçala və hökm sür” siyasətinə üstünlük verdi, yenə də o siyasəti davam etdirir.

Gürcüstanın torpaqları işğal olundu, Ukraynanın Krım yarımadası ilhaq olundu, Donbas separatçılarına və Moldovada separatçılara dəstək verir, bütün məsələlərdə Ermənistanın yanındadır. Bu bir az fərqli siyasətdir. Lakin inanmıram ki, Rusiyanın 2023- cü ildə hansısa xüsusi strateji planı və ya addımı olsun. Rusiya o gücdə deyil artıq. Rusiya artıq silah gücünə keçmiş imperiyanı bərpa edə bilməz. Ola bilsin ki, separatçılara dəstək verə bilər. O nə Rusiya İmperiyası yarada, nə də SSRİ- ni bərpa edə bilər. Rusiyadan hamı qorxur və çəkinir”.

Əli Bədir





Həftənin ən çox oxunanları