Yuxarı

CHP "incə-incə" parçalanır?

CHP

CHP


Xəbər verildiyi kimi, Türkiyə ana müxalifətdə Cümhuriyyət Xalq Partiyası (CHP) parçalanma ərəfəsindədir.

Məsələ burasındadır ki, CHP-ni son prezident seçkilərində təmsil etmiş Məhərrəm İncə bu partiyadan ayrılıb. O, öz partiyasını qurmağa hazırlaşır. Bu barədə iddia irəli sürən türk siyasi təhlilçi Əbdülqədir Səlvi, İncənin Cümhuriyyət Xalq Partiyasının (CHP) qurultayından sonra partiyasını elan edəcəyini bildirib. İncə və tərəfdarlarının ayrılması ilə Atatürkçü cameənin parçalanacağı gözlənilir.

Məsələyə münasibət bildirən poltioloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında deyib ki, baş verən hadisələr CHP-nin Türkiyənin siyasi həyatında, onun parlamentindəki yerinə və mövqeyinə təsirsiz ötüşməyəcək:

"Zaman-zaman Türkiyə siyasi rejimində ayırd ediləcək partiyaların tarixində belə hadisələr yaşanır. Bu gün Cünhuriyyət Xalq Partiyasının(CHP) da həyatında yaşanan hadisələr, əslində bu partiyanın iqtidara və Türkiyənin bugünki dönəminə, o cümlədən regional dövlət olaraq Türkiyənin ətrafında baş verən hadisələrə münasibətdə fərqli yanaşmadan irəli gəlir və qaynaqlanır. Təbii ki, baş verən hadisələr CHP-nin Türkiyənin siyasi həyatında, onun parlamentindəki yerinə və mövqeyinə təsirsiz ötüşməyəcək. Düşünürəm ki, hər şey partiyanın rəhbərliyində təmsil olunmuş şəxslərin baş verə biləcək hadisələrə münasibətdə sərgilədikləri mövqedən asılı olacaq. Digər tərəfdən CHP-nin ana müxalifət rolunda çıxış etdiyini nəzərə alsaq və qarşıdakı prezident seçkilərində Ərdoğan iqtidarına münasibətdə ən real imkanlara malik siyasi təşkilat olduğunu vurğulasaq, partiyanın tərkibində yaşana bilən hadisələr dolayısı ilə iqtidar partiyasının xeyrinə işləyəcək. Çünki CHP məhz bələdiyyələrə keçirilən seçkilərdə kifayət qədər böyük səslər əldə etdi. Türkiyənin Ankara, İstanbul, İzmir kimi şəhərlərində məhz CHP üstün mövqelərə malikdir. Bu partiyanın tərkibində baş verə biləcək hadisələr, iqtidar partiyasının lobbiləşdirmə faktorlarını ilə daha dərinə işləyə bilər. Amma hər şey CHP-nin rəhbərliyində təmsil olunmuş şəxslərin bu hadisələrin qarşısını ala biləcək addımlarından da asılı olacaq. Çünki CHP ciddi maliyyə resurslarına malik olan bir partiyadır. Media imkanları güclüdür, özünün televiziya kanalları var. O cümlədən partiya ilə əməkdaşlıq edən Türkiyənin iş adamlarını da nəzərə alsaq, CHP Türkiyədəki ana müxalifət mövqeyini qoruyub saxlamaq üçün əlindən gələni əsirgəməyəcək”.

Politoloq partiyaların parçalanma səbəblərinin siyasi baxış fərqindən doğmadığını deyib:

"Bütün hallarda partiyaların həyatında yaşanacaq hadisələrə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, parçalanma, partiyanın həyata keçirdiyi siyasətə münasibətdə onun rəhbərliyində təmsil olunmuş şəxslərin fərqli baxışlarından qaynaqlana bilər. İkinci halda isə partiyaların həyatında yaşanan və müşahidə olunan parçalanma halları, rəhbərlikdə təmsil olunmuş şəxslərin konyuktur və korporativ maraqlarından irəli gəlir. Yəni partiyaların parçalanması heç də hər vaxt orada təmsil olunanların ideoloji məfkurə dəyərlərinə olan fərqli baxışlardan irəli gəlmir. Partiya rəhbərliyində kimlərinsə liderliyə olan iddiaları, onların korporativ və konyuktur maraqları partiyaların siyasi həyatında baş vermiş dəyişikliklərin əsas səbəblərindən biri kimi qəbul edilir”.

Əli Bədir





Həftənin ən çox oxunanları