Yuxarı

Türkiyə millətçiliyə “Yox” dedi

Türkiyə millətçiliyə “Yox” dedi

turkiye xerite“İslam ölkənin milli birliyini təmin edən yeganə amildir”

Türkiyədə Böyük Millət Məclisinə keçirilən tarixi 1 noyabr seçkilərindən sonra təkcə bu ölkənin özündə deyil, dünyanın bir çox nüfuzlu siyasi analitik mərkəzlərində seçkilərdən triumfial qələbə ilə çıxan AKP-nin atacağı növbəti addımlar, öncədən də gözlənildiyi kimi, qızğın müzakirələrin obyektinə çevrilib. Nəticələr bu ilin iyun ayının 7-də keçirimiş və hökumət böhranına yol açmış ötən seçkilərin nəticələrindən nəzərəçarpacaq dərəcədə fərqlidir. Belə ki, o zaman əldə edilmiş nəticələr faiz hesabı ilə belə idi:

Ədalət və İnkişaf Partiyası (AKP) – 40,85%

Cümhuriyyət Xalq Partiyası (CHP) – 24,96%

Milliyyətçi Hərəkat Partiyası (MHP) – 16,30%

Xalqların Demokratiya Partiy

ası (HDP) – 13,10%.

Həmin nəticələrə əsasən hazırda hakimiyyətdə olan AKP yeni parlamentdə 258, CHP 132, MHP və HDP isə hərəyə 80 millət vəkili yeri qazana bilmişdi. Kürd partiyası kimi tanınan HDP 10 faizlik baryeri aşaraq 80 kreslo qazanmaqla tarixi uğura imza atmışdı.  Hökumət qurmaq üçün azı 276 millət vəkili tələb olunduğundan AKP 13 ildən sonra ilk dəfə idi ki, təkbaşına hökumət formalaşdırmaq şansını itirmişdi. Ölkədə koalisiya hökuməti qurmaq zərurəti ortaya çıxmışdı. Lakin buna nail olunmadı və ölkə növbəti seçkilərə getmək məcburiyyəti ilə üzləşdi.

Noyabrın 1-dəki nəticələr tam fərqli oldu:

  1. Ədalət və İnkişaf Partiyası (AKP)

-49,4 faiz.

  1. Cümhuriyət Xalq Partiyası (CHP) – 25,3 faiz.
  2. Milliyyətçi Hərəkat Partiyası (MHP) - 11,9 faiz.
  3. Xalqların Demokratik Partiyası (HDP) – 10,5 faiz.

Bu nəticə AKP-yə yenidən təkbaşına iqtidar olmaq şansı verdi. AKP ötən dəfəkinə nisbətdə millət vəkili sayını 58 nəfər artıraraq, 258-dən 316-ya çatdırdı,  CHP-ni də uğur qazanmış hesab etmək olar. O, faizlərini 24,96-dan 25,3-ə, millət vəkili sayını isə 132-dən 134-ə yüksəltməyi bacarmışdır, 41 millət vəkili ilə təmsil olunacaq MHP və 59 mandata sahib olan HDP isə nəzərəçarpacaq dərəcədə geriləmişlər.

Milliyyətçilər Dövlət Bahçelinin istefasını tələb edir...

Ötən seçkilərdə 13,1 faizə qarşı bu dəfə cəmi 10,5 faiz səs toplayan HDP və səs faizlərinin sayı 16,3-dən 11,9-a düşən MHP-nin üzləşdikləri vəziyyət çox maraqlı bir tendensiyadan xəbər verməkdədir. Bu gün tam qətiyyətlə söyləmək olar ki, Türkiyədə milliyyətçiliyin, istər kürd, istərsə də türk milliyətçiliyinin perspektivi yoxdur və ya olduqca azdır. Yəni Türkiyə xalqı ölkənin bütövlüyü üçün təhdid mənbəyi rolunda çıxış edən hər cür milliyyətçiliyə «yox» deyir. Bu eyni dərəcədə həm kürd, həm də türk milliyyətçiliyinə aiddir. Ölkədə yaşayan xalqlar birlik və bərabərlik içində yaşamaq istəyir və İslamı, eləcə də islamçı partiya kimi tanınan AKP-ni Türkiyənin bütünlük və bütövlüyünün qarantı kimi görür. Əksəriyyətin fikri belədir ki, milliyyətçilik bölünmə və parçalanmaya, İslam dini isə birləşməyə və vəhdətə xidmət edir. Bir sözlə, bu fikrin hər keçən gün daha da çox dərk edilməsi və tərəfdar toplaması müşahidə edilir və görünən budur ki, İslam Türkiyədə, çoxsaylı marksist və ələvi qruplarının, eləcə də milliyyətçi kəsimlərin şiddətli müqavimətinə rəğmən, aparıcı ideologiya olmaqda hələ uzun müddət davam edəcək. Çünki hazırkı həssas dövrdə türkçülük nəinki kürd problemini həll etmək iqtidarında deyil, əksinə kürd milliyyətçiliyini körükləməkdən başqa bir şeyə yaramır. Bu problemi yalnız və yalnız islamçılıqla həll etmək mümkündür. Seçkinin nəticələri əksəriyyətin məhz belə düşündüyünü söyləməyə əsas verir. Görünən bir də odur ki, türkçü kəsim bununla barışmaq fikrində deyil və öz məğlubiyyətinin səbəbini obyektiv deyil, subyektiv amillərdə görür. Bu üzdən də uğursuzluğun əsas günahı MHP başqanı Dövlət Bahçeliyə yüklənilir və onun istefası tələb edilir.

Türkiyədə Konstitusiya dəyişikliyinə ehtiyac var...

Türkiyə Cümhuriyyətinin hökumət böhranları və hərbi çevrilişlərlə dolu olan bir əsrə yaxın tarixi, eləcə də 7 iyun seçkilərindən sonra meydana gələn və növbəti seçkiləri zəruri edən hökumət böhranı sübut etmişdir ki, mövcud sistem effektiv deyil, mövcud dövrün tələblərinə cavab vermir və ölkədə prezident üsul-idarəsinin daha da möhkəmləndirilməsinə ciddi ehtiyac var. Bunun üçünsə mütləq və mütləq Konstitusiyada bəzi dəyişikliklər edilməlidir. Amma problem bundadır ki, hakim partiyanın Konstitusiya dəyişikliyinə və prezident üsul-idarəsinə nail ola bilməsi üçün parlamentdəki millət vəkili sayı yetrli deyil və daha 13 millət vəkilinin Türkiyəni bataqlıqdan çıxaracaq bu ideyanı dəstəkləməsi lazımdır. Çünki 317 millət vəkili ilə təmsil olunan AKP daha 13 millət vəkilinin dəstəyini ala bilərsə, Konstitusiya dəyişikliyini və prezident üsul idarəsini ümumxalq referendumuna çıxarmaq imkanı qazanacaq. Belə ki, mövcud Konstitusiyaya görə, parlamentdə hər hansı bir məsələ üçün referenduma getmək qərarının təsdiqlənməsi üçün 330 millət vəkilinin səsi yetərlidir.  367 və ya daha çox millət vəkili sayı isə istənilən məsələnin parlamentdə birbaşa qəbul olunması üçün kifayətdir. Məlim olduğu kimi, sözügedən məsələnin müzakirəsi Konstitusiya Koordinasiya Komissiyasının qurulmasından sonra AKP-nin CHP və MHP ilə razılıq əldə edə bilməməsi səbəbindən dondurulmuşdu. İndi isə mövzunun üzərinə yenidən dönülməsi üçün imkan yaranıb. Təsadüfi deyil ki, Baş nazir Əhməd Davudoğlu son seçkilərdən sonra etdiyi tarixi «balkon çıxışı» zamanı yenidən həmin məsələyə toxunaraq belə demişdir: "Hər iki seçicidən birinin səsini qazanan iqtidar partiyasının sədri kimi növbəti dəfə Konstitusiya dəyişikliyi məsələsinə toxunuram. Parlamentə daxil olan bütün partiyaları yerli, mülki və milli bir Konstitusiyaya keçməyə səsləyirəm." Belə hesab edilir ki, AKP məsələnin həlli üçün ya 59 vəkili olan HDP-nin bəzi tələblərini qəbul etməli olacaq, ya da 40 millət vəkili olan MHP ilə razılıq əldə edilməsinə çalışacaq.

AKP-nin qələbəsi dünya ölkələrini öz siyasətlərinə yenidən baxmasını zəruri edir...

AKP-nin seçkilərdəki möhtəşəm qələbəsi təkcə ölkə daxilindəki siyasi güc mərkəzlərinin deyil, həm də Yaxın Şərqi yenidən bölüşdürməyə iştahlanmış bir çox xarici dövləti öz siyasətini dəyişməyə və ya da ən azından onu yenidən gözdən keçirməyə məcbur edəcək. Və bunun siqnallarını yavaş-yavaş görməyə başlayırıq. Məsələn, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Suriyada İslam Xilafəti Dövlətinin (İŞİD) mövqelərinə aviazərbələr endirmək barədə qanun layihəsini parlamentdə səsverməyə çıxarmaqdan vaz keçib. Belə ki, hökumət mənbələrinin yaydığı məlumata əsasən, bunun səbəbi kabinetin başçısı, krallıq Hərbi Hava Qüvvələrinin Suriyada əməliyyatların başlaması təşəbbüsünə dəstək üçün müxalifətin, yəni Leyboristlər Partiyasının deputatlarını lazımi qədərini inandıra bilməməsindədir. Əslində isə, səbəb tam başqadır. Ortada Rusiya və Türkiyə kimi iki güclü oyunçunun peyda olması ingilislərin qələbə şansını minimuma endirib ki, bu da alınan qərara öz təsirini göstərib. Çox güman ki, seçkilərin nəticəsi başqa cür olsaydı, Britaniyanın qərarı da başqa cür ola bilərdi. Xatırlatmaq yerinə düşər ki, 2014-cü ilin sentyabr ayında Britaniya parlamenti İŞİD-in yalnız İraqdakı mövqelərinin bombardman edilməsinə icazə vermişdi. Millət vəkilləri tərəfindən təsdiqlənən sənəd Suriya ərazisində nə İŞİD-ə zərbə, nə də Birləşmiş Krallığın quru qoşunlarının münaqişə zonasına yeridilməsini nəzərdə tutmur. AKP-nin qələbəsi bölgədə xarici işğalçılara və imperialist qüvvələrə qarşı ölüm-dirim savaşı verən müsəlman xalqlar, eləcə də silahlı qruplaşmalar tərəfindən çox böyük coşqu və sevinclə qarşılanmışdır. Bu isə çox önəmli faktor kimi gözdən keçirilir. Məsələn, əldə olunan məlumatlara görə, Türkiyədəki seçkilərin nəticələri Fələstində böyük sevinclə qarşılanıb. Təsadüfi deyil ki, Fələstin mətbuatı AKP-nin qələbə xəbərini manşet səhifələrə çıxarıb. Xüsusilə, "Maan Nyus" agentliyi və "PLS 48" xəbər saytı AKP-nin qələbəsinə geniş yer ayırıb. İsrail mətbuatı isə seçkinin nəticələrini qısa xəbərlər şəklində verməklə kifayətlənib və bu xəbərlərin ruhunda məyusluq açıq-aydın sezilir.

Bəxtiyar Tuncay





Həftənin ən çox oxunanları