Yuxarı

Avropada anti-islam hərəkatı

Avropada  anti-islam  hərəkatı

Qabil Hüseynli: “Hədəf tüfeyli ərəblərdir”

Belçikada baş verən terror hadisəsi Avropada müsəlmanlara qarşı yeni hərəkatın başlanğıcını qoyub. Aktın məsuliyyətini islami terror təşkilatları üzərlərinə götürdükdən sonra Avropa İttifaqı dövlətlərində bir sıra ölkələrdən olan müsəlman dövlətlərindən olan mühacirlərin deportasiya olunması məsələsi gündəmə gətirilib. Gələn məlumatlara görə, yaxın həftələrdə dövlətlərlə əlaqələrini rəsmiləşdirməyən, vətəndaşlıq və işləmək icazəsi, mühacir statusu olmayan müsəlmanlar Avropadan deportasiya olunacaqlar.

Bildirilir ki, deportasiya prosesinin startı ilk olaraq terrorun olduğu Belçikadan veriləcək. Hökumətin yeni qəbul etdiyi təhlükəsizlik tədbirləri əsası ölkədə yaşayan müsəlman mühacirlərin əksəriyyətinin deportasiyasını nəzərdə tutur. Belçika kimi digər Avropa dövlətlərinin də analoji addım atacağı bildirilir. Qeyd edək ki, Belçikada yaşayan azərbaycanlı mühacirlərin sayı da kifayət qədərdir. Qərarın digər müsəlmanlar kimi azərbaycanlılara da şamil ediləcəyi müzakirə mövzusudur.

Niyə Belçika?

Terror təşkilatlarının və müsəlmanların Belçikanı hədəf almaları təsadüf deyil. Belçika müsəlmanlarla yanaşı, çoxlu sayda etnik qrupların yaşadığı və çoxmədəniyyətli bir ölkədir. Belçika hökuməti ölkədəki immiqrantlara problemlərini özlərinin həll etməsi, mədəni, sosial, dini sahələrdə öz təşkilatlarını yaratmaq imkanı verir. Lakin digər tərəfdən immiqrantlarla belçikalılar arasında inteqrasiyanın qarşısını alan bir də irqçi siyasət yürüdülür. Bu siyasət və Belçikanın Yaxın Şərqdə İŞİD-ə qarşı keçirilən əməliyyatlarda iştirak etməsi məzhəbçi müsəlmanları radikallaşdırdı. Nəticədə ölkədəki məscidlərdə gizli şəkildə dini təhsil alan şəxslərə dövlətə qarşı “cihad” əmri verildi. 2004-cü ildə Madrid, 2015-ci ildə Paris və 2016-cı ildə Brüssel terror aktlarını həyata keçirənlər də Suriyada savaş başlayandan Belçikanın “terror mərkəzi” hesab olunan Molenbekk bölgəsində yetişmiş radikallar idilər. “Sharia 4 Belgium” adlı islami terror təşkilatı da 2010-cu ildə burada yaradılıb. Bu təşkilat 2011-ci ildə Suriyada müharibə başlayandan Belçika və Avropanın digər dövlətlərindən “cihad” və İŞİD üçün döyüşçü yığmağa başladı. Radikalların Belçikada boy atmasında və asan şəkildə təşkilatlanmalarında ölkənin kəşfiyyat sisteminin zəifliyi vurğulansa da, ortada kəşfiyyatla radikalların işbirliyi iddiası da var. Maraqlıdır ki, 2011-2016-cı illər aralığında Molenbeekdən Suriyaya 30 mindən çox “cihadçı” göndərilib. Belçika bununla Suriyadakı terror təşkilatları üçün döyüşçü yığan əsas mərkəz hesab olunur.

“Avropa tüfeyli ərəbləri hədəf alıb”

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə bildirib ki, Avropa dövlətlərində müsəlmanların sayı kifayət qədər çoxdur. Q.Hüseynlinin sözlərinə görə, təkcə Almaniyada 20 milyona yaxın müsəlman yaşayır:

“Bu az qala ölkə əhalisinin 20%-dən çoxu deməkdir. Fransada 15 milyondan çoxdur. Digər dövlətlərin hər birində də 1-2 milyon həddində müsəlmanlar yaşayır. Bunların əksəriyyəti cəmiyyətə inteqrasiya edə biliblər. Bəziləri işləyirlər, bəziləri dövlətdən sosial müavinət alırlar. Müsəlmanlar Avropada ikinci növ insan olsalar da, hər halda cəmiyyətdə özlərinə yer tuta biliblər. Fransa və Belçika terrorlarından sonra, Avropa İttifaqı və Türkiyə arasında mühacirlərə dair anlaşmanın əldə edilməsindən sonra qitədə müsəlmanlara qarşı aqressiya xeyri dərəcədə artıb. Lakin burada aqressiyanın yönəldiyi əsas hədəf ərəb mənşəli mühacirlərdir. Çünki ərəblər həm sayca çoxdurlar, həm də işləmək və cəmiyyətə inteqrasiya baxımından o qədər də fəal deyillər. Daha çox tüfeyli həyat tərzi sürməyə və yaşadığı ölkələrdə təbliğat aparmağa meyillidirlər. Xüsusi xidmət orqanları da əsasən daha çox ərəblərin yaşadığı yerlərdə axtarış işləri və dinləmə əməliyyatları aparırlar. Beləliklə də, mühacirlərin deportasiyası məsələsi gündəmə gəlib. Amma Avropada vətəndaşlıq almış mühacirlərin deportasiya edilməsi çox çətindir. Əgər onlar cəmiyyət üçün təhlükəli deyillərsə, deportasiya da olunmayacaqlar. Yaşamaq barədə icazəsi, vətəndaşlığı olmayan, yaşadığı dövlətlərlə əlaqələrini rəsmiləşdirməyən xeyli sayda insan var. Bunlar ən azından məhkəmə yoluyla mühacir statusu almalıydılar. Lakin bunu etmirlər. Belə insanların dərhal deportasiyası gündəmdədir. Bura təkcə müsəlmanlar yox, qeyri-müsəlmanlar da aiddir. Hesab edirəm ki, dövlətlə əlaqələrini rəsmiləşdirməyən insanların Avropadan deportasiya edilməsi prosesi sürətləndiriləcək”.

“Terrorçunun dini də var, milliyyəti də”

Qabil Hüseynli qeyd edib ki, deportasiya hallarının çoxalması qitədə artan terror hadisələrinə münasibətdə başadüşüləndir:

“Qitədə artan müsəlmanların sayının azaldılması üçün bu terror aksiyalarının Avropanın özü tərəfindən həyata keçirilməsi iddiaları inandırıcı deyil. Terrorun kiminlə əlaqəli olduğunu siz də, mən də yaxşı bilirik. Məsələn, İŞİD həm müsəlmanları, həm də İslam dinini bütün dünyanın gözündən salır. “Hizbullah”, “Seyfullah”, PYD, PKK və digərləri də terror təşkilatlarıdır. Nə qədər desələr ki, terrorçunun milli və dini mənsubiyyəti yoxdur, yanlış demiş olarıq. Bu gün dünyada milli və dini mənşəyi məlum olan nə qədər terror təşkilatı var?!”

Köhnə qitədə islam düşmənçiliyi

Son günlər beynəlxalq aləmdə baş verən silsilə terror hadisələri baş verməkdədir. Belçikada baş vermiş terror hücumlarından sonra burada yaşayan müsəlmanlar üçün çətin dövr başlandığı ehtimalları var. Maraqlıdır, Belçika terrorundan sonra MDB və şərq ölkələrindən gedən müsəlman mühacirlərə qarşı mənfi münasibət müşahidə olunubmu?

Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev “Cümhuriyət” qəzetinə bildirib ki, Avropada islam kimliyi daşıyan şəxslərin törətdiyi hər bir terror olaylarından sonra cəmiyyətdə müsəlmanlara qarşı bir gərginlik gözlə görülərək dərəcədə hiss edilir:

“Çünki bu hadisədən qidalanıb öz varlıqlarını sürdürən, hətta siyasi arenada nüfuz qazanan yetərli qədər sağçı qüvvələr mövcuddur. Həmin qüvvələr əllərində olan media ilə islam düşmənçiliyini cəmiyyətdə qızışdırmaqla məşğul olurlar. Belçikadakı terror hadisəsində eyni şəkildə istifadə etməyə başladılar. Lakin Avropada alternativ qüvvələr də vardır ki, onlar bu cür terror hadisəsini islam toplumu ilə eyniləşdirməməyin tərəfdarıdırlar. Onlar Avropa cəmiyyətini terrordan yox, terrorun Avropaya bulaşmasından təlaş etməsini şiddətlə qınayırlar. Məncə, son zamanlar Avropa da terroru müsəlman toplumu ilə yavaş-yavaş ayırmağa başlayırlar. Hətta bu, gözlə görülməyə başlandı belə. Artıq hər kəs yavaş-yavaş dərk etməyə başlayır ki, dinindən, irqindən asılı olmayaraq insanlar bir-biri ilə uzlaşmaq və bir-birini dinləmək məcburiyyətindədir. Bu səbəbdən son terror hadisəsini islam toplumuna qarşı bir şouya şahid olmadıq”.

Yeganə Oqtayqızı Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları