Yuxarı

Donbas və Qarabağ Ağ Evin gözündə

Donbas və Qarabağ Ağ Evin gözündə

İkili siyasətin səbəbi nədir?

Sülhəddin Əkbər: “Amerika Rusiyanı dayandırmağı özünün başlıca strateji hədəfi müəyyən edib”

Qabil Hüseynli: “Ağ Evin əsas siyasətini Kerri müəyyən edir”

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT-in Minsk Qrupunun sabiq həmsədri Metyu Brayza ölkəsinin Dağlıq Qarabağ münaqişəsinə münasibətini açıqlayıb. Brayza qeyd edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv rol oynamaq istəmir. “Bu məsələdə Rusiya daha çox aktiv mövqe tutur. ABŞ prezidenti Barak Obama da təmas xəttində baş verən gərginlik zamanı bəyanatla çıxış etmədi. Çünki ABŞ Rusiyaya regionda liderlik etməyə imkan verir. Bu isə Vaşinqtonun böyük səhvidir. ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ortaya daha çox səy qoya bilərdi. Amma göründüyü kimi, bu münaqişənin həlli ABŞ üçün prioritet deyil”. Gələn ili gözləmək lazımdır?

ABŞ Dağlıq Qarabağ münaqişəsinə daha çox ATƏT-in Minsk Qrupu çərçivəsindən ümumi baxış bucağı ortaya qoyur. Ermənistan və Azərbaycan arasındakı aprel gərginliyindən əvvəl də Dövlət Departamenti və Ağ Evdən məsələyə dair eyni açıqlamalar verilirdi. Amerikalı diplomatların münasibəti həmişə “ABŞ Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıdır”, “ABŞ tərəfləri sülhə çağırır” formasında olur. Ağ Evin işğalçının adını çəkməməsi və bir dəfə də olsun, həll üçün təklif planı ortaya qoymaması Brayzanın iddialarına haqq qazandırır. Lakin Ermənistan və Azərbaycan arasında baş verən gərgin proseslər fonunda Dövlət katibi Con Kerrinin Rusiya Xarici işlər naziri Sergey Lavrovla məsələyə dair telefon görüşlərinin sayını artırması da başqa ehtimalları yaradır. Belə bir iddia ortaya çıxır ki, Dağlıq Qarabağ münaqişəsi ən azından Barak Obama dönəmi üçün prioritet deyil, gələn il baxışlar dəyişəcək.

Ümid post-Obama dövrünə qalır

2016-cı il Obama Amerika siyasətinin Obama dövrü bitir. Payızda keçiriləcək seçkilərdə o, iştirak edə bilməz. Dünyanın super gücünün yeni prezidentinin kim olacağına payızda aydınlıq gələcək. Böyük ehtimalla həmin şəxs ya keçmiş Dövlət katibi Hillari Klinton, ya da Respublikaçıların namizədi Donald Tramp olacaq. Hazırda da əsas mübarizə və ictimai rəy də bu iki şəxsin üzərinə fokuslanıb. Digər yandan Obamadan fərqli olaraq, onları Cənubi Qafqaz və Azərbaycana bağlayan mühüm faktorlar var. İş adamı kimi Trampın Gürcüstan və Azərbaycanda sərmayəsi, turistik obyektləri var. Klinton isə dövlət katibi olarkən, tez-tez bölgəyə səfər edirdi. Azərbaycanda da olub. Həmin dönəmlərdə tez-tez Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya münaqişələrinə dair açıqlamalar da verirdi.

Obama niyə Kerriyə üstünlük verdi?

Obama hakimiyyətə keçdikdən sonra Hillari Klintonu dövlət katibi postuna gətirdi. Həmin dönəmdə daha çox fəaliyyətini Amerikanın xarici siyasəti üzərində quran xanım Klintonun bu addımları “yumşaq güc” siyasətinə üstünlük verən Obamanın strategiyasına uyğun deyildi. Buna görə də, öz xəttinə cavab verən şəxsi - Con Kerrini bu posta gətirdi. Kerrinin ümumi dildə danışması Obamanın maraqlarına cavab verirdi. İndi də görünən odur ki, ABŞ Dağlıq Qarabağ münaqişəsində aktivliyini post-Obama dövrünə hesablayıb.

Bu nöqteyi-nəzərdən 2017-ci ildən münaqişənin həllinin Amerikanın əsas hədəflərindən biri olacağı gözləniləndir. Kerrinin fəallaşdırılması da Amerikanın Cənubi Qafqazdakı yerini qorumaq və Rusiyanı bölgəylə bağlı yürütdüyü siyasətdə daha ehtiyatlı qərarlar qəbul etməyə sövq etmək cəhdləridir. Rusiyanın tələskənliklə məsələni həll etmək istəyi də buna hesablanıb. Çünki ABŞ-ın akitvliyi Rusiyanın planlarını alt-üst edəcək. Rusiya prezidenti Vladimir Putinin mayın sonunda Azərbaycana gəlmək niyyəti də bundan qaynaqlanır. Çünki Obamadan fərqli olaraq, seçilməsi daha üstün görünən Klintonla anlaşmaq Putin üçün mümkünsüz kimi görünür.

“Azərbaycan ABŞ üçün üçüncüdür”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Cümhuriyət”ə bildirib ki, ABŞ-ın post-Sovet məkanında yürütdüyü siyasətdə Rusiya ön yerdə dayanır.

S.Əkbərin sözlərinə görə, Krımın ilhaqı və Donbasda separatçılara verdiyi dəstəkdən sonra Amerikanın Rusiyaya qarşı siyasətinin konturları dəqiqləşib:

“ABŞ özünün milli təhlükəsizlik strategiyasını yeniləyib. Rusiyanı dayandırmağı özünün başlıca strateji hədəfi müəyyən edib. ABŞ-ın bu siyasəti NATO və Avropa İttifaqı ilə koordinasiya olunub. Yəni bu sıralamada Rusiya birinci yerdədir. Sonrakı yerlərdə GUAM məkanına daxil olan, Avropa İttifaqı və NATO-ya inteqrasiya yolunu seçən ölkələr durur. Bunlar Ukrayna, Moldova və Gürcüstandır. Digər sıralamada geosiyasi, strateji və iqtisadi əhəmiyyətinə görə, Azərbaycanın da adı var. Azərbaycan üçüncü sıradadır, Ermənistan da həmçinin. Brayza bölgəni yaxşı bilən adam kimi həm də ABŞ-ın Azərbaycan siyasətini də yaxşı bilir”.

ADP sədri hesab edir ki, sıralamanın dəyişməsi məntiqli olmalıdır:

“Post-Sovet məkanında əsas güc Rusiyadırsa, bundan sonra GUAM məkanı ABŞ və Avropa İttifaqı üçün prioritet təşkil edirsə, Azərbaycan bu halda sıralamada ön yerə keçə bilməz. Azərbaycan ABŞ və Qərb üçün əsasən iqtisadi əhəmiyyətinə görə, xüsusi maraq kəsb edir. Bu maraqlarını da təmin edirlər. Post-Obama dövründə də Azərbaycana maraq iqtisadi baxımdan olacaq. Azərbaycan beynəlxalq enerji kəmərlərinin, nəqliyyat sisteminin buradan keçəməsi və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunması baxımından önəmlidir”.

“Brayza Ağ Evdən yanıqlıdır”

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə ABŞ-ın Rusiyaya Cənubi Qafqazda güclənməsi üçün şərait yaratdığı iddialarına inanmadığını bildirib. Q.Hüseynli qeyd edib ki, Kerri və Lavrov arasında aparılan telefon danışıqları göz aldatmaq üçün deyil:

“Brayzanın iddiaları həqiqətləri əks etdirmir. Ola bilsin ki, Brayza Ağ Evin daha məsuliyyətli olmasını istəyir. ABŞ-ın bu məsələ ilə maraqlanmadığını demək mümkün deyil. ABŞ-ın Cənubi Qafqaz maraqları xarici siyasətində prioritetlərdən biridir. Qarabağ münaqişəsinin də bu baxımdan həll olunması ABŞ üçün strateji məsələlərdəndir. Yəqin ki, Brayza işsizdir və Ağ Evdən yanıqlıdır deyə belə danışır”.

Obamanın Ermənistan və Azərbaycan arasında baş verən gərgin proseslərə münasibət bildirməməsinə Qabil Hüseynlinin şərhi belə olub:

“Obama nəyə açıqlama verir ki, bununla bağlı da danışsın. Ağ Evin əsas işlərini Kerri görür. Obamanın susması Amerikanın bu məsələyə biganə olması demək deyil. Çünki bu və digər məsələlərdə dövlətin mövqeyini Kerri ifadə edir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları