Yuxarı

Ermənistan vətəndaş savaşına doğru

Ermənistan vətəndaş savaşına doğru

“İrəvan qrupu” revanşda, “qarabağlılar” sıxışdırılır

Sərdar Cəlaloğlu: “İrəvan klanını Rusiya bitirdi”

Elxan Mehdiyev: “Münaqişənin uzanmasında rol oynayan əsas faktorlardan biri “Qarabağ klanı”nın hakimiyyətdə olmasıdır”

Ermənistanda hakimiyyət uğrunda mübarizə qızışır. Dağlıq Qarabağ münaqişəsi ətrafında hakimiyyət daxilində baş qaldırmış fikir ayrılıqları, hakimiyyətə ikitirəlilik yaradıb. Baş nazir Ovik Abramyan və keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “İrəvan qrupu” prezident Serj Sərkisyanın liderlik etdiyi “Qarabağ klanı”na qarşı yönəlib. Bu, mübarizə eyni zamanda yenidən hakimiyyətə gəlmək istəyən keçmiş dövlət başçısı Robert Köçəryana hesablanıb. “İrəvan qrupu” ciddi-cəhdlə “Qarabağ klanı”nı bitirmək istəyir.

Qarabağa səfərlərin pərdəarxası

Levon Ter-Petrosyan və Robert Köçəryanın son günlərdə Qarabağa səfər etmələri və burada separatçıların lideri Bako Saakyanla görüşmələri isə başqa mətləblərdən xəbər verir. Belə ki, tərəflərin hər biri mübarizədə Qarabağ separatçılarının dəstəyini qazanmaq istəyirlər. Görüşlərdən də həmişə eyni nəticə çıxır. Köçəryan və Ter-Petrosyan ayrı-ayrılıqda separatçıları inandırmağa çalışırlar ki, Sərkisyan Moskvaya Dağlıq Qarabağı Azərbaycana qaytarmağa razılıq verib. Məqsəd bəllidir, separatçıları və Ermənistan hakimiyyətindəki “Qarabağ klanı”nı Sarkisyana qarşı yönəldib seçkilər öncəsi nüfuzunu aşağı salmaqdır ki, buna da qismən nail olublar. Apreldə Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısındakı məğlubiyyəti və Dağlıq Qarabağa nəzarəti əldə saxlayan strateji məntəqələrin azad olunması Sarkisyan, Köçəryan və siyasətdəki “Qarabağ klanı”na qarşı oynanılan əsas “kart”dır.

“İrəvan qrupu” Qarabağı qaytarmağa razıdır?

Erməni KİV-ləri yazırlar ki, Sarkisyanın aprel məğlubiyyətini kompensasiya etmək üçün heç bir şansı qalmayıb. Qeyd olunur ki, hakimiyyət daxilindəki çat və Bako Saakyan liderliyindəki Qarabağ separatçılarının Abramyan və Petrosyana artan isti münasibətləri “Qarabağ klanı”nın əleyhinə işləyir: “Abramyan və Petrosyan Qarabağ və Ermənistanda Sərkisyan əleyhinə geniş təbliğat işlərinə start veriblər. Bu, Ermənistan prezidentinin Dağlıq Qarabağı Azərbaycana verəcəyi yönündə şübhələri də artırıb. “İrəvan qrupu” bundan hakimiyyəti ələ keçirmək üçün istifadə edir. Kəskin ictimai qınaqla qarşı-qarşıya gələn Sərkisyan və “Qarabağ klanı” hakimiyyətdəki son aylarını yaşaya bilərlər”. Erməni KİV-ləri onu da istisna etmirlər ki, Ermənistanda baş verəcək hakimiyyət dəyişikliyi rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində yumşalmaya səbəb olacaq. Mənbələr o fakta diqqət çəkirlər ki, vaxtilə Levon Ter-Petrosyan hakimiyyətdə olarkən, Qarabağın geri qaytarılmasına razılıq verib, lakin Moskvanın təhdidlərindən sonra geri addım atıb. Bildirilir ki, Petrosyan hələ də o fikirdədir ki, münaqişənin həlli Ermənistanın lehinədir və müddəti uzatmağa gərək yoxdur: “Son günlər Petrosyanın əsas müttəfiqinə çevrilmiş Ovik Abramyan da eyni fikirdədir”.

“Qarabağlıların şansı yoxdur”

“Maarifləndirilmiş Vətəndaşlar İttifaqı”nın koordinatoru Daniel İoannisyan hesab edir ki, Sarkisyanın hakimiyyətdə qalması və baş nazir olması üçün etdiyi cəhdlər heç bir nəticə verməyəcək. İonnasiyana görə, keçən ilin dekabrında Ermənistanda dövlət idarəçiliyinin parlamentar sistemə keçirilməsi də Sarkisyana qarşı hazırlanmışdı: “Hakimiyyət daxilində Sarkisyana qarşı çevrilmiş qrupun Ovik Abramyanın baş nazir təyin olunmasına nail olmaları da təsadüf deyildi. Dağlıq Qarabağ münaqişəsi ətrafında sərgilədiyi mövqe və Moskvayla razılaşması barədə olan şübhələr Sarkisyanın sonunu çatdıracaq. Çox güman ki, “Qarabağ klanı”na qarşı çevrilmiş qruplar Sarkisyan və digər qarabağlıların hakimiyyətdə qalmalarına imkan verməyəcəklər”.

“Kreml həmin siyasətçiləri güllələtdirdi”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu “Cümhuriyət”ə bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi olsa belə bu, İrəvanın Dağlıq Qarabağla bağlı mövqeyində dəyişikliyə səbəb olmayacaq. S.Cəlaloğlu digər yandan Ermənistanda Rusiyanın siyasi kursuyla uzlaşmayan siyasi dəyişikliklərin baş verəcəyinin mümkünsüzlüyünə də diqqət çəkib: “Ermənistanda baş verən siyasi prosesləri Rusiya müəyyən edir. Kreml heç vaxt öz maraqlarına cavab verməyən qüvvələrin hakimiyyətə gəlməsinə imkan verməz. Ermənistan müstəqil dövlət deyil ki, orada kim istəsə hakimiyyətə gəlsin?! Vaxtilə Kreml öz maraqlarına cavab verməyən erməni siyasətçiləri Ermənistan parlamentində güllətdirdi. Çünki şübhələnirdi ki, həmin şəxslər Rusiyanın maraqlarına zidd hərəkətlər edirlər. Vəziyyət göründüyü kimi deyil”.

“Xankəndi küçələrindən birbaşa hakimiyyətə gəldilər”

Politoloq Elxan Mehdiyev “Cümhuriyət”ə deyib ki, “Qarabağ klanı” Ermənistan hakimiyyətindən uzaqlaşdırılsa, bu rəsmi İrəvanın Qarabağla bağlı mövqeyində dəyişikliyə səbəb ola bilər. E.Mehdiyevin sözlərinə görə, hakimiyyətdəki “Qarabağ klanı” səhra komandirlərindən ibarətdir və əlləri qana batıb:

“Doğrudur, Levon Ter-Petrosyan da vaxtilə bu işlərin başında durmuş adamlardandır, onun da əli qana batıb. Amma Petrosyanın münaqişəyə baxışı daha genişdir, vizionu var. Serj Sarkisyan və Robert Köçəryanın isə Ermənistanın gələcəyi ilə bağlı heç bir baxışları yoxdur. Onların birbaşa Xankəndi küçələrindən hakimiyyətə gəlmələri Dağlıq Qarabağ münaqişəsinin, qətliamların baş verməsinə səbəb oldu. Bu gün də münaqişənin uzanmasında rol oynayan əsas faktorlardan biri də “Qarabağ klanı”nın Ermənistan hakimiyyətindəki varlığıdır. Əgər bu klan hakimiyyətdən uzaqlaşdırılacaqsa, bu müsbət dəyişikliyə səbəb ola bilər”. Elxan Mehdiyev hesab edir ki, bununla belə Ermənistanda hakimiyyətə gələn istənilən güc Rusiya ilə hesablaşmağa məcburdur: “Heç bir hakimiyyət Rusiya ilə düşmən münasibətdə olmayacaq və bu dövlətlər münasibətlərini korlamayacaq. Ter-Petrosyan dönəmində də belə olub, indi də belədir. Amma onların Rusiyadan asılılıq dərəcəsi məsələsi var”.

Mənsur





Həftənin ən çox oxunanları