Yuxarı

Ruslar nüvə müharibəsinə hazırlıq görür

Ruslar nüvə  müharibəsinə  hazırlıq görür

 

Moskva ətrafında sığınacaqlar yaradılır

Elxan Şahinoğlu: “Çox dəhşətli toqquşma ola bilər”

“Kreml əhaliyə Qərblə toqquşmaya hazır olmağı təklif edir. Sankt-Peterburqun qubernatoru taxıl ehtiyatının hazırlanması barəsində sərəncam verib. Putin isə Parisə səfərə getmək istəməyib”. Bu fikirlər İtaliyanın “Corriere Della Sera” nəşrində yer alıb. Həmin məqalədə bildirilir: "Moskva kənarındakı Kuzminka rayonunun adminstrasiyası ləngiməməyi qərara alaraq, atom bombasına qarşı yeni sığınacağın tikintisi ilə bağlı öz sakinlərindən vəsait yığmağa başlayıb. Adminstrasiyadan bildirilib:

“Pul köçürənlərə sığınacağa girmək üçün, onların adları yazılmış buraxılış vərəqəsi veriləcək.Tələsin, yerlərin sayı məhduddur”. Hazırda ABŞ ilə mümkün ola biləcək münaqişə ilə bağlı Rusiyanı kütləvi psixoz bürüyür. Amma ümid edək ki, ciddi gərginliyə baxmayaraq, belə bir vəziyyət yaşanmayacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında deyir ki, əslində münaqişə Rusiya ilə Qərb arasında deyil, konkret olaraq, Amerika Birləşmiş Ştatları ilədir. Çünki Qərb ölkələri, NATO üzvü ölkələrinin bəziləri, məsələn, Türkiyənin Rusiya ilə münasibətləri yaxşıdır. Avropa İttifaqı ilə də vəziyyət normaldır:

“Davam edən müharibəyə görə bəli, faktiki Rusiya ilə Amerika Birləşmiş Ştatları üz-üzə qalıb. Əslində NATO demək doğru olmazdı, çünki NATO-da Avropa İttifaqına daxil olan dövlətlər və Türkiyə də var. Türkiyə və Rusiya münasibətləri normallaşıb. Avropa İttifaqı ilə münasibətləri müəyyən qədər soyuq olsa da, amma hərbi qarşıdurma səviyyəsində deyil. Ona görə də, açıq demək lazımdır ki, söhbət əslində Rusiya - ABŞ qarşıdurmasından gedir və Suriyada bu qarşıdurma getdikcə güclənir. Düşünürəm ki, ona görə də, ola bilsin Rusiya hakimiyyəti bütün variantları diqqətə almağa məcburiyyətindədir. Çünki sanksiyalar davam edir. Amerika ilə münasibətlər gərgindir. Belə bir ərəfədə Suriyada qarşıdurma artdıqca, Rusiyada belə bir variantın üstündə işləyirlər ki, böyük dövlətlərlə toqquşa bilərlər. Amma bu çox dəhşətli bir toqquşma ola bilər. Həm ABŞ, həm də Rusiya nüvə dövlətləridir. Yəni, bu iki dövlət arasındakı mümkün müharibə tək bu iki dövlətlə kifayətlənməyəcək, bütün bölgəyə çox ciddi zərərlər vura bilər. Amma yenə də Rusiya hakimiyyəti alternativ variantları diqqətə almaq məcburiyyətindədir. Ona görə də, taxıl ehtiyatı ilə bağlı da qərarlar veriblər”.

Məcid Həsənli





Həftənin ən çox oxunanları