Yuxarı

Türkiyəni savaşa çəkən tarixi xəta

Türkiyəni savaşa  çəkən tarixi xəta

 

Cümşüd Nuriyev: “Mosulu ingilislərə Osmanlı sultanı satıb”

Qabil Hüseynli: “Türkiyənin Kərkük və Mosulu geri qaytarmaq haqqı var, bura tarixi türk torpaqlarıdır”

Türkiyənin İraqda İŞİD-ə qarşı hərbi əməliyyatlara hazırlaşması bu dövlətin Mosul və Kərkük üzərindəki hüquqları yenidən gündəmə gəlib. 1926-cı ildə imzalanmış Ankara müqaviləsinin şərtləri türk ordusuna bölgələrə müdaxilə haqqı verir. İngiltərə və Türkiyənin imzaladığı saziş İraq və Türkiyə arasında siyasi sərhədləri müəyyən etmək və qonşuluq münasibətlərini bərpa etməyi nəzərdə tutur. 1923-cü ildə Lozannada Türkiyə, İngiltərə, Fransa, İtaliya və digər güc dövlətləri bu məsələni müzakirə etdilər.

Lakin İraq - Türkiyə sərhədləri məsələsi mübahisəli qaldı. Məsələnin həlli İngiltərə və Türkiyə arasında keçiriləcək görüşə təyin olundu. Üç il sonra bir araya gələn İngiltərə və Türkiyə problemi həll etdi və Mosul, o cümlədən, Kərkük Türkiyənin tərkibində qalması razılaşdırıldı. Həmin saziş əsasında bölgələrə müdaxilə hələ 2014-cü ildə - İŞİD terror təşkilatı Türkiyənin Mosuldakı konsulu və konsulluğun 46 əməkdaşını girov götürərkən gündəmə gətirilmişdi. İndi də vəziyyət qarışıb, Mosulu işğal etmiş İŞİD və bölgə yaxınlığında düşərgə salmış silahlı PKK peşmərgələri Türkiyənin dincliyini pozub, bu dövlətin təhlükəsizliyi üçün təhdid meydanı yaradır.

Mosulun sərhədləri

Cənub sərhədlərində gərginləşən vəziyyəti nəzərə alan rəsmi Ankara İŞİD-ə qarşı apardığı mübarizəyə etiraz edənlərə Lozanna və Ankara müqavilələrinin şərtlərini xatırlatmağa başlayıb. Ankara sazişlərin o şərtlərinə diqqəti çəkir ki, türk ordusu 1926-cı ildə Kərkük və Mosulu Türkiyənin ərazi bütövlüyünün təmin olunması şərti ilə tərk edib. İraqın parçalanmaq təhlükəsi qarşısında qalması, sözügedən bölgələrin PKK, İŞİD kimi terror təşkilatlarının idarəçiliyinə tabe edilməsi Türkiyəyə Mosul və Kərkükə girməyə qanuni və hüquqi zəmin yaradır. Yəni, Ankara və Lozanna müqavilələrinin şərtlərinə görə, türk ordusu istənilən vaxt ərazi bütövlüyünü təmin etmək məqsədilə bölgələrə girə bilər. Ankara müqaviləsinin şərtlərinə görə, Mosul İraqın tərkibində qalacaq, lakin bölgədə vəziyyət gərginləşəcəyi halda Türkiyə bura müdaxilə edib vəziyyətə nəzarət edə biləcək; Mosul, İraq və Türkiyə arasında atəşkəs xəttini təyin edəcək; Mosludan çıxarılan neftin 20%-i 25 il müddətinə Türkiyəyə veriləcək. Ankara indiyədək yalnız 4 il neft aldı, qalan 21 ili 500 000 sterlinqə İngiltərənin lehinə imtina etdi. 1923-cü ildəki tarixi çıxışında Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürk Mosulun ölkəsinin dövlət sərhədlərinə aid olduğunu bildirdi. Atatürkün Mosul üçün təqdim etdiyi xəritə daha geniş idi: “Bu sərhədlər İskəndərun körfəzinin cənubundan, Antakya, Hələblə Qətma stansiyalarına, Sirablus körpüsünün cənubundan Fərat çayına uzanır, buradan da Dəyrizordan şərqə uzanaraq Mosul, Körkük və Süleymaniyyəyə çatır”.

Tarixi zəmin

Türkiyə Mosul və Kərkükü geri qaytarmağa cəhd edəcəksə, o zaman Suriyanın Dəyrizor, Hələb, o cümlədən, Şimali Suriya bölgələrinə də iddialarını dilə gətirəcək. Təbii ki, bunu reallaşdırmaq çətindir. Hələ türk ordusunun Başikada Mosulu işğalda saxlayan İŞİD-ə qarşı əməliyyatlara başlayacağı barədə ilk məlumatlar yayılmağa başlayanda ABŞ, İraq hökuməti və kürd peşmərgələri buna etiraz etdilər. Ankara və Bağdad arasında artan Başika gərginliyi İraq hökumətinin müttəfiq olduğu qüvvələrlə adekvat addımlar atmaq barədə düşündürməyə məcbur edib. Mosula girmək barədə razılaşan ABŞ-ın liderliyindəki anti-İŞİD koalisiyası, İraq ordusu və kürd peşmərgələri bununla Türkiyənin qarşısına keçmək istəyirlər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bütün bu cəhdlərə baxmayaraq, Mosula ordu yeridəcəklərini bildirib. Türk ordusu ilkin mərhələdə İŞİD-in bölgədəki mövqelərinə qarşı hava hücumları təşkil edəcək. Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani İŞİD-ə qarşı mübarizə elan edən İraq ordusu, koalisiya və peşmərgə güclərinin qorxduqlarını bildirib. Bərzani iddia edir ki, müttəfiqlərin Türkiyəyə qarşı atmaq istədikləri bu addım imitasiyadır və belə bir hücum reallaşmayacaq. Analitiklər hesab edirlər ki, tərəddüd içində olan müttəfiqlərin və ABŞ liderliyindəki koalisiyanın yaratdıqları boşluq Türkiyənin Mosul və Kərkükə nəzarəti ələ keçirmək istəkləri qarşısında boş meydan yaradır. Türk ordusunun bu boşluqdan istifadə edəcəyi istisna deyil.

“Güclə qaytarmaq imkanları məhduddur”

Politoloq Cümşüd Nuriyev “Cümhuriyət”ə deyib ki, Lozanna sazişindən sonra Türkiyə Montre müqaviləsini də imzalayıb. C.Nuriyevin sözlərinə görə, 1918-ci ildə Osmanlı sultanı Əbdülhəmid Mosul və Kərkükü İngiltərəyə pulla satıb: “Bu, böyük səhv idi.  Atatürk də bunu etiraf etdi və dedi ki, Mosul Türkiyənin tərkibinə qaytarılmayacağı vaxta qədər, ölkənin təhlükəsizliyi təmin olunmayacaq. Amma Ərdoğan Kərkük və Mosulu necə azad edəcək ki, artıq ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri bölgədədir. İndi də Mosuldan çıxan İŞİD Raqqaya gəlir. Digər yandan Şimali Suriyaya girən türk ordusu Bəşər Əsədə qarşı mübarizə aparan Suriya Azadlıq Ordusu ilə birlikdə əməliyyatlar həyata keçirir. Türkiyə bu vəziyyətdə Mosul və Kərkük məsələsini ancaq siyasi gediş kimi gündəmə gətirə bilər. İnanmıram ki, bu, Türkiyə üçün uğur gətirəcək. Çünki Lozannadan sonra Ankara bu məsələyə dair bir neçə saziş də imzalayıb. Vaxtilə Osmanlı İmperiyasının tərkibində olmuş bu ərazilərin geri qaytarılması məsələsi müasir hüquq normalarında yoxdur. Güclə geri qaytarmaq imkanları da məhduddur. Bu daha çox ritorikaya oxşayır”.

“Lozanna konfransı yenidən çağırılmalıdır”

Politoloq Qabil Hüseynli “Cümhuriyət”ə bildirib ki, Kərkük və Mosulun yenidən Türkiyəyə qaytarılması çətin məsələdir. Q.Hüseynli hesab edir ki, Lozanna konfransında həllini tapmayan məsələni təkrar gündəmə gətirmək, bölgədəki gərginliyi pik həddə çatdıracaq: “Tarixi faktlar və imzalanmış müqavilələr baxımından Türkiyənin Kərkük və Mosulu geri qaytarmaq haqqı var, bura tarixi türk torpaqlarıdır. Amma Yaxın Şərqdə yaranmış partlayış mühitində bunu reallaşdırmaq çətindir. Bunun yeni təhlükələr yarada biləcəyi haqqında fikirlər səsləndirilir. Digər yandan Helsinki Aktı və BMT Nizamnaməsi çərçivəsində Türkiyə bu əraziləri İraqın ərazi bütövlüyündə qalmasını tanıyıb.

Bu baxımdan ərazilərin geri qaytarılması məsələsinə beynəlxalq dəstək almaq o qədər də asan olmayacaq. Məsələyə ehtiyatlı yanaşmaq lazımdır. İlk növbədə Lozanna konfransında iştirak edən dövlətlərin başçılarıyla məsləhətləşmələr, müzakirələr aparılmalıdır, razılığıa gəlməyin yolları axtarılmalıdır”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları