Yuxarı

Poliqona çevrilən Ukrayna

Poliqona çevrilən Ukrayna

Bu ölkə hələ də Avropa ailəsinə daxil ola bilmir Cümşüd Nuriyev: “Ukrayna Qərbin qurduğu oyuna qurban getdi” Məhəmməd Əsədullazadə: “Ukraynanın NATO-ya üzv olması gözlənilmir” Ukraynada Yanukoviç iqtidarının Avrointeqrasiyadan imtina etməsi “Maydan” hadisələri ilə sonuclandı və proses Qərbyönümlü şəxslərin hakimiyyətə gəlməsilə nəticələndi. Ancaq proseslər Ukraynanın istədiyi kimi getmədi. Nəticədə Ukrayna hələ ki nə Avropa İttifaqının, nə də NATO-nun üzvü deyil. Görünən isə odur ki, Ukrayna nə qədər can atsa da hələ də Avropa ailəsinə daxil ola bilmir. Bəs Ukrayna NATO-ya üzv olarsa, nə qazanacaq, nə itirəcək? “Ukrayna üzvlük haqqını belə ödəyə bilməz” “Cümhuriyət” qəzetinə şərhində politoloq Cümşüd Nuriyev bunun Ukraynaya heç nə verməyəcəyini deyib. Onun sözlərinə görə Ukrayna Qərbin qurduğu oyuna qurban getdi: “NATO nizamnaməsinə görə ərazisində münaqişə olan ölkələr bu quruma üzv ola bilməz. Bundan başqa 2004-cü Ukrayna NATO-ya üzv olmaq üçün müraciət edib nə qazandı ki, indi də nəsə qazansın? Bu NATO tərəfindən Ukraynaya qarşı hazırlanmış təxribatdır. Digər tərəfdən Ukrayna təcili şəkildə NATO qəbul olunsa belə, bu ən azı 5 il çəkəcək. Ukrayna NATO-ya üzv olsa, yeni separatizm ocaqları yaranacaq. Nəticədə Donetsk, Odessa, Xarkov Ukraynanın əlindən çıxacaq. Çünki, bu ərazilərdə ruslar, yəhudilər üstünlük təşkil edir. Onlar hamısı ayağa qalxacaq. Çünki Şərqi Ukrayna bütövlükdə bunu qəbul etməyəcək. NATO-ya üzvlüyün Ukraynaya nə verəcəyini demək isə çətindir. NATO o birilərə nə verdi ki, Ukraynaya da nəsə versin? Ukrayna onsuz da borc içindədir. Ölkənin bu quruma üzvlük haqqı ödəməyə belə imkanı yoxdur. Ukrayna nəzərdə tutur ki, NATO qoşunlarını gətirib öz ərazisində yerləşdirsin, bu da onlara heç nə verməyəcək. Ukraynanın başqa üstünlüyü yoxdur. Bu müddət ərzində Ukraynanın hərbi-sənayesi tamamilə dağıdıldı. NATO-ya Ukrayna istehsalı olan silahlar lazım olmayacaq. Bu ancaq Ukraynanın yenidən oyuna çəkilməsidir”. “Moldova daha ağıllı hərəkət etdi” C.Nuriyev həmçinin qeyd edib ki, ABŞ Ukraynada yaranan xaosu idarə edə bilmədi: “Moldovanın yeni prezidenti Ukraynadan daha ağıllı hərəkət etdi. Moldovanın ərazi bütövlüyünün qorunması, dağılmaması üçün Avrasiya İttifaqına müraciət etdi. Bu ittifaqlar əslində böyük güclərin ətraflarına ölkələri toplamaq siyasətidir. Amerikanın özü də bir neçə təşkilatın üzvüdür. Avropa Birliyini yaradanlar isə Ukraynanı öz ailələrinə qəbul etməyəcəklər. Ukrayna bilavasitə Rusiyanı qıcıqlandırmaq üçün bir vasitədir. Daha doğrusu Rusiyaya sanksiyaların tətbiq edilməsi üçün Qərbin fikirləşdiyi bir oyun idi. Artıq xaos yaranıb və onu idarə edə bilmirlər. ABŞ birmənalı şəkildə özünün zəif olduğunu ortaya qoydu. Ukraynanın Avropa ailəsinə daxil olacağını gözləmək doğru deyil. Ukrayna da bunu görməyəcək”. “Rusiya razılaşmanı uzadır” AXCP üzvü, politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ukrayna NATO və Rusiyanın müharibə poliqonuna çevrilə bilər. Politoloq həmçinin əlavə edib ki, Ukraynanın tezliklə NATO-ya üzv olması gözlənilmir: “NATO və Avropa İttifaqının Şərqə qarşı genişlənmə siyasəti əsasən Avropa İttifaqının  Şərqi Avropa ölkələri, xüsusi ilə assosiativ saziş imzalanmasına çalışması Rusiyanın aqressiv siyasəti ilə üzləşdi. Avropa İttifaqı ilə Ukraynanın assosiativ sazişdən imtina etməsi Ukryanada “Maydan” hərəkatının başlanmasına və Rusiya yönümlü hakimiyyətin devrilməsi ilə nəticələndi. Bu, ABŞ  və Rusiya qarşıdurması kimi alovlanmağa başladı. ABŞ-ın Şərqi Avropa ölkələrində NATO-nun Ukraynada möhkəmlənməsinə çalışması, “Qara Dəniz” limanında möhkəmlənməyə çalışması, Rusiyanın Krımı anneksiya etməsinə və Şərqi Ukraynada separatizmi alovlandırmaqla NATO -nun sərhədlərinə yaxınlaşmasına başladı. Qeyd edim ki, hazırda ABŞ başda olmaqla NATO Rusiya ilə soyuq müharibədədir. Təmas xətti isə Ukraynanın Şərqindədir. Ukraynanın NATO -ya inteqrasiyası bu ölkənin Rusiyanın orbitindən çıxmasına və təhlükəsiz bir ölkə olmasına gətirib çıxardacaq. Amma Ukraynanın tezliklə NATO -ya üzvlüyü gözlənilmir. Çünki, NATO Şərqi Ukraynada hər an başlayan müharibəyə  dəstək olmalı, öz silahlı qüvvələrini Ukraynaya gətirib, müdafiə döyüşlərinə dəstək verməlidir. Bu siyasət nəticəsində NATO-Rusiya qarşıdurması baş verə bilər. Rusiya ilə Qərb Minsk razılaşması istiqamətində Şərqi Ukraynada vəziyyəti normallaşdırmağa çalışır. Minsk razılaşmasını Rusiya yerinə yetirərsə, Ukrayna NATO-ya üzv olar. Buna görə də Rusiya Minsk razılaşmasını uzadır və razılaşmada maraqlı deyil. Separatizmi dəstəkləməklə NATO-nun genişlənməsinin qarşısın alır və Ukraynaya təzyiq edir. Ukrayna NATO-ya inteqrasiya etməklə müəyyən ərazisini itirsə də güclü ordu qurur, siyasi sistemi möhkəmləndirir. Rusiya təsirini azaldır. Ukrayna qoşunlarını NATO standartları səviyyəsinə gətirir. Ukrayna hazırda NATO -ya inteqrasiya yolunu tutub. Putin çalışacaq ki, Ukraynada nə sülh, nə də müharibə olmasın. Bu belə davam etsə, Ukrayna NATO-ya üzv ola bilər. Ukrayna NATO və Rusiyanın mübarizə meydanıdır. Şübhəsiz, NATO qalib gələcək. ABŞ Ukraynaya tam dəstəyini ifadə etsə, Ukrayna bu müharibədən qalib çıxa bilər”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları