Yuxarı

Türkiyə vətəndaş qarşıdurmasına sürüklənir

Türkiyə vətəndaş  qarşıdurmasına  sürüklənir

  “Müxalifətin də kifayət qədər sosial  bazası var” Elşən Manafov: “Müxalifət referendumun nəticələrini qəbul etməsə və öz elektoratına müraciət etsə, yaxşı olmayacaq” ATƏT Türkiyədə keçirilən referendumun nəticələrini tanımadığını, səslərin sayılmasında saxtakarlığa yol verildiyini bəyan edib. Bu isə onu deməyə əsas verir ki, Türkiyə ilə Avropa Birliyi arasında yaşanan qarşıdurma hələ uzun müddət davam edəcək. Digər tərəfdən istisna olunmur ki, Avropa narazı elektorata dəstək verərək, Türkiyəni qarşıdurmalara çəkəcək. Bu isə türk toplumu üçün ciddi təhlükə deməkdir. “Hər iki nəfərdən biri Ərdoğanı dəstəkləmədi” “Cümhuriyət” qəzetinə şərhində politoloq Elşən Manafov deyib ki, bu dəyişiklik labüd idi: “Son hərbi çevriliş cəhdi göstərdi ki, Türkiyədə prezident üsul-idarəsinə keçidə ciddi zərurət yaranıb. Operativ qərarların qəbulu üçün bu vacib idi. Parlamentdə veriləcək qərarların müzakirəsi və yetərli sayın əldə olunması müəyyən qədər vaxt aparırdı. Yəqin ki, məhz bu amildən çıxış edərək Ərdoğan Türkiyəni xarici təsirlərdən qorumaq üçün bu addımı atdı. Ancaq göründüyü kimi, Avropa Birliyinin və ana müxalifətin fərqli yanaşması oldu. Müxalifət bu dəyişikliyi Atatürkün əsasını qoyduğu dünyəvi dövlətçilik ənənələrinin pozulması kimi təqdim edildi. Avropa isə keçirilən səsvermənin standartlara uyğun olmadığını bəyan etdi. Bu baxımdan hesab edirəm ki, Türkiyə ilə Avropa Birliyi arasında hələ bir müddət qarşıdurma olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə Avropa Birliyinin ən yaxşı iqtisadi tərəfdaşlarından biridir. Nə Türkiyə, nə də Avropa Birliyi bu baxımdan bir-birini itirmək istəməyəcəklər. Çünki, Avropa həm də Türkiyənin NATO-ya üzv olması amillərini də qiymətləndirməlidir. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının Türkiyədə keçirilən referenduma sərgilədiyi mövqe Avropa dövlətləri ilə müqayisədə kifayət qədər fərqli oldu. Xəbərlər yayılır ki, Hollandiya hökuməti Türkiyə ilə münasibətlərə yenidən baxılacağını bəyan edib. Düşünürəm ki, bu qarşıdurma halları bir müddət özünü büruzə verəcək. Amma ən əsas məsələ ondan ibarətdir ki, bu referendumdan əldə olunan nəticələri dəyərləndirmək üçün 2019-ci ili gözləmək lazımdır. 2019-ci ildən sonra Türkiyədə prezident üsul-idarəsinə keçid baş tutacaq. Türkiyə müxalifətinin özünü necə aparacağı da diqqət mərkəzindədir. Hər halda seçkilərin nəticələrinə görə Türkiyədə hər iki nəfərdən biri Ərdoğanın təklifini dəstəkləməyib. Türkiyədə səsvermə hüququ olan seçicilərin 48.6 faizi faktiki olaraq dəyişiklərə yox deyib. Bu isə o, deməkdir ki, Türkiyə müxalifətinin də kifayət qədər elektoral bazası var. Müxalifət referendumun nəticələrini qəbul etməsə və öz elektoratına müraciət etsə, Türkiyə üçün yaxşı olmayacaq. Bu, vətəndaş müharibəsinə də gətirib çıxara bilər. Düşünürəm ki, 2019-ci ilə qədər Ərdoğanın müxalifətlə uzlaşmaq üçün kifayət qədər imkanları olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyədə çevrilişə cəhd edilən zaman da ana müxalifət Ərdoğanın yanında oldu və onun legitim prezident olduğunu bəyan etdi”. “Prezident müxalifətlə uzlaşmalıdır” Politoloq hesab edir ki, Ərdoğan təhdid vədd edən bütün amilləri aradan qaldırmalıdır. Əks halda, vətəndaş qarşıdurması qaçılmaz olacaq: “Unutmaq olmaz ki, Türkiyənin İstanbul, Ankara, İzmir və digər böyük şəhərləri dəyişikliklərlə bağlı Ərdoğanın mövqeyini dəstəkləmədilər. Bu eyni zamanda həmin şəhərlərdə fəaliyyət göstərən türk iş adamlarının mövqeyini ifadə edir. Düşünürəm ki, Türkiyədə vətəndaş qarşıdurmasının yaşanmaması üçün Ərdoğan ilk növbədə müxalifətlə danışıqlar aparmalı və çalışmalıdır ki, müxalifət seçkilərin legitimliyini qəbul etsin. Çünki, müxalifət belə bir mövqe sərgiləməyəcəksə, bu Avropa güclərinin Türkiyədə terror, çevriliş etmək üçün əlləri güclənəcək. Türkiyə üçün ən böyük problem daxili parçalanmadır. Amma parçalanmaya zəmin yarada biləcək faktorlar aradan qaldırılacaqsa, Avropanın Türkiyəyə qarşı edə biləcəyi hər hansı bir təzyiq vasitəsi qalmayacaq”. Vilayət Muxtar





Həftənin ən çox oxunanları